Vəkilin pulunu erməni lobbisi ödəyəcək
Uzun illərdir ki, Xədicə İsmayılın erməni dəyirmanına su tökdüyünü, erməni maraqlarına xidmət etdiyini, ümumiyyətlə, ermənilərə Azərbaycanı "vurmaları" üçün hansı istiqamət lazımdırsa, məhz həmin istiqamətdən çıxış etməsi barədə yazır, ittiham edir, onu dövlətə və xalqa xəyanət etməkdə suçlayırıq. İndi isə onların kim olduqlarını yazmağa ehtiyac yoxdur, çünki bilən bilir.
İndi də bu arada bəlli olub ki, ölkənin milli maraqlarını satan Xədicə İsmayıl ona qaşrı irəli sürülmüş digər ittihamlarla da razılaşmayaraq, Avropa Məhkəməsinə müraciət etməsilə yanaşı, özünə erməni vəkil də tutub. Bu erməni lobbisinin aparıcı şəxsi, dəfələrlə Ermənistana maliyyə yardımı göstrənlərdən biri, vəkil və aktyor Corc Kluninin erməni əsilli arvadı Amal Klunidir. Belə ki, erməni vəkil Amerikanın NBC teleşirkətinə veriyi müsahibəsində həbsdə olan Xədicə İsmayılı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib. Görünür vəkilin pulunu erməni lobbisi ödəyəcəyi təqdirdə, Azərbaycana qarşı törətdiyi cinayətlərdə onun "günahsız" olması üçün bütün ermənilərdə mövcud olan "əzabkeş" obrazını Xədicənin üzərinə geydirəcəyinə söz verib. Ancaq yeri gəlmişkən, ermənilərin qondarma "soyqırımı" iddiaları məsələsində donunu başına çəkib nə qədər haray-şivən qaldısa da, həmin məhkəməni udmağa müyəssər olmayıb. Bu baxımdan, indi onun Xədicənin (?!-R.) məhkəməsində eyni vəziyyətdən, yəni erməni maraqlarından çıxış edəcəyi də şübhəsizdir. Çünki Xədicənin erməni bacılığı Amal Kulinin hansı hoqqalardan çıxacağı bəllidir.
Həqiqəti gizlətmək, həqiqəti basdırmaq olmaz...
Əyyaş həyat tərzi, ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin olmaması, azərbaycanlı xanımlara yad dünyagörüşü, etik, əxlaqi dəyərlərə ironik münasibət Xədicə İsmayıl bu gün təkcə bütün jurnalistlərdən deyil, həm də bütün Azərbaycan vətəndaşlarından kəskin surətdə fərqləndirir. Bəs, bu haradan qaynaqlanır, bunun kökündə nə durur və vətəndaşı olduğu ölkənin istənilən, hətta kiçik bir uğuruna kəskin reaksiya verən Xədicə İsmayılovın bu anormal mənəvi yükünün əsl mahiyyəti nədir?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Elman Məmmədov bildirdi ki, Xədicə İsmayılı Avropa İnsan Haqları Məhkəməsində erməni əsilli vəkilin müdafiə etməsi, bir daha onu təsdiqləyir ki, həmin bu jurnalistin bütün fəaliyyəti məhz Azərbaycana qarşı düşmənçilik mövqeyindən ibarət olub: "Avropa İnsan Haqları Məhkəməsində Xədicə İsmayılın müdafiəçisi qismində erməni əsilli vəkilin çıxış etməsi ondan qaynaqlanır ki, Xədicə İsmayıl bütün fəaliyyəti dövründə Azərbaycana qarşı sırf düşmən mövqeyində durub və bir çox beynəlxalq təşkilatlara casusluq fəaliyyətilə məşğul olub. Azərbaycan dövlətçiliyinə qarşı olan fəaliyyətdə onun "əvəzedilməz" rolu vardır. Bu dediklərimi istintaq və məhkəmə qərarları sübut etdi. Ona görə də, X.İsmayılın Azərbaycana qarşı apardığı antidövlət, milli təhlükəsizliyimizə qarşı yürütdüyü fəaliyyəti kifayət qədər aydınlaşdı. Bu səbəbdən də, layiqli cəzasını alıb. Avropa Məhkəməsi onun barəsində nə qərar çıxaracaqsa, bu, onun öz işidir. Ancaq Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın öz qanunları və Konstitusiyası var. Ölkəmizdə, habelə müstəqil məhkəmə sistemi fəaliyyət göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan məhkəmələrinin hər hansı ölkə vətəndaşı ilə bağlı çıxardığı qərara görə verdiyi qərarlar ölkə qanunlarına, milli təhlükəsizlik və milli maraqlarımıza ziddirsə, ona ziyan vurursa, müstəqil dövlət olaraq Azərbaycan həmin qərarları qəbul və icra etməmək hüququnu özündə saxlamalıdır. Bir də beynəlxalq məhkəmələr insan hüquqlarına belə önəm verir, bu işlərlə cani-dildən məşğuldurlarsa, Azərbaycana ədalətli mövqedən yanaşıb vətəndaşlarımıza canyananlıq edəcək, onun hüquqlarının müdafiəsi üçün canfəşanlıq göstərirsə, onda həmin məhkəmə qurumları 26 ildir ki, hüquqları işğalçı Ermənistan tərəfindən pozulan 1 milyondan artıq insanımızın haqlarının bərpası üçün çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, niyə bu istiqamətdə real addımlar atmayıblar? 1 milyondan artıq insanın hüquqlarının müdafiəsi və bərpası üçün əllərini ağdan-qaraya vurmayıblar. Ancaq özlərinin mənafeyinə xidmət edən tək-tək insanların hüquqlarını guya qorumaq adı ilə dəridən-qabıqdan çıxırlar. Xeyirdirmi? Erməni vəkili nə edəcək, Avropa Məhkəməsi nə deyəcək? Bu, onların öz işidir. Ancaq düşünürəm ki, Azərbaycan hüquq-mühafizə orqanları, xüsusilə məhkəmə sistemimizin bunun müqabilində belələrinin qarşısında söz deməyə kifayət qədər bazası, sözləri və faktları vardır".
Rəfiqə HÜSEYNOVA