PDF Oxu

Müxalifət

  • 1 620

"REAL" ənənəvi müxalifəti real saymır

image

Hərəkat rəsmisi: "Bu kimi toplantılarda bizlərin iştirak etmək niyyəti yoxdur"

Ənənəvi müxalifətdə siyasi təşkilatlar və partiyalararası mövcud durum düşərəgənin birləşməsi ideyasını yenidən gündəmə gətirsə də, həmin ideya uğursuzluqla nəticələnib. Daha dəqiq desək, ötən ayın 24-də bur neçə partiya və siyasi blokun, eləcə də hərəkatın toplantısında digər müxalifət təşkilatlarının iştirak etməməsi belə qənaətə gəlməyə əsas verir. Bildiyimiz kimi, həmin toplantıya özlərini "ana müxalifət" kimi təqdim edən AXCP və Müsavat partiyaları qatılmamışdılar. Onlar özlərindən aşağı səviyyədə gördükləri partiyalarla bir araya gəlməyi münasib bilməyərək, ən rahat variant kimi onları hakimiyyətə işləməkdə, hakimiyyətlə dialoqa getməkdə ittiham etdilər. Ancaq təbii ki, bu partiyaların hakimiyyətlə hər hansı bir bağlantıları yoxdur. Çünki həmin partiyaların özləri heç bir siyasi gücə malik deyillər. Eləcə də AXCP və Müsavat kimi partiyalar da özlərini cəmiyyətə nə qədər "ana müxalifətçi" kimi sırısalar, onların həmin iddiaları boş söz olaraq qalmaqdadır.

Natiq Cəfərli: "Bu birliklərin heç biri uğurlu olmayıb"

Bu arada daha bir müxalifət təşkilatı - Alternativ Hərəkatı (REAL) düşərgənin birlik ideyasını qeyri-ciddi hesab etdiyini bəyan edib. REAL-ın icraçı katibi Natiq Cəfərli mətbuata açıqlamasında deyib ki, onlar yanvarın 24-də keçirilən toplantıdan xəbərdar olunsalar, hətta dəvət alsalar belə, onun işinə qatılmaqdan imtina ediblər. Çünki bu toplantının hədəfi, ora toplaşan insanların məqsədlərini hansı formada reallaşdırması bəlli deyildi. Hərəkat rəsmisi, əslində həmin toplantıda səsləndirilən fikirləri bir neçə il öncə hazırladıqlarını deyib və müəyyən ideyaların onlara məxsus olduğunu iddia kimi irəli sürüb. Ancaq budəfəki toplantıda hədəflərin nədən ibarət olması da bəlli olmayıb. Sitat: "Əslində, dünyada oturuşmuş bir qayda var. Bu tipli tədbirləri keçirməzdən öncə toplantının məram və məqsədi tezislər şəklində dəvətlilərə göndərilir. Dəvət alanlar da mövzu və tədbirin yol xəritəsi barədə məlumat əldə etdikdən sonra gedib-getməmək barədə qərar verirlər. İkincisi, bizim həmin toplantıda iştirak edənlərə hörmətimiz var, onlar uzun illərdir siyasətlə məşğul olurlar. Ancaq o da faktdır ki, son 20 ildə bu toplantıda iştirak edənlərin tamamı müxtəlif birliklərdə təmsil olunublar. Beləcə, müxalifətin yaratdığı 9-10 birlik modelinin hər birində olublar, lakin bu birliklərin heç biri uğurlu olmayıb. Buna da səbəb bəlli məqsəd və maraqlara xidmət edən sənədin ortalığa çıxmaması faktıdır. Əlbəttə, onlar barəsində müsbət fikirlər söyləmək, lap tərif etmək də olar. Ancaq birlik modelləri şəxslər üzərində deyil, ideyalar və hədəflər üzərində olmalıdır. Bu hədəflərin də konkret yol xəritəsi olmalıdır. Belə bir yol xəritəsinin olmasını biz görmədik".

Mövcud durumda ənənəvi düşərgənin hər hansı bir uğura imza atması inandırıcı görünmür

Natiq Cəfərli bu cür müzakirələri normal hesab etsə də, onlatın hər hansı bir effektiliyinə şübhə etdiyini bildirib. "Ancaq bu tədbirin hansısa bir effekt verəcəyi, ölkənin indiki durumunda ortaya bacarıqlı təkliflər çıxaracağına şübhə ilə yanaşıram"-deyə qeyd edən REAL təmsilçisi bu cür birliklərdə özlərini görmədiklərini etiraf edib: "Ona görə də, yaxın gələcəkdə bu kimi toplantılarda bizlərin iştirak etmək niyyəti yoxdur". Bununla belə, bayaq da qeyd edildiyi kimi, REAL təmsilçisi ənənəvi müxalifət partiyalarına xatırladıb ki, onlar hərəkat olaraq, hələ 3 il əvvəl ortaya özləri tərəfindən hazırlanmış proqram qoyublar, ancaq həmin vaxt hazırkı düşərəgə təmsilçiləri onlara heç bir dəstək göstərməyiblər.

Göründüyü kimi, REAL təmsilçisinin sözlərində müəyyən həqiqətlər olsa da, ortada şəxsi ambisiyanın olması da göz önündədir. Yəni iddialar və liderlik uğrunda qarşıdurmalar hər hansı birgə çıxışın reallaşmasına imkan vermir. Bu baxımda, mövcud durumda ənənəvi düşərgənin hər hansı bir uğura imza atması inandırıcı görünmür.

Rövşən RƏSULOV

Digər xəbərlər