PDF Oxu

Müxalifət

  • 1 937

Müsavat ADR-ə qarşı total hücuma keçdi

image

TƏRS BAXIŞ

Başqan müavini hərəkat sədrini riyakar adlandırdı, qarşı tərəf də susmadı

Müsavat partiyasının sonuncu qurultayında baş verən və müxtəlif videogörüntülərlə sübuta yetirilən saxtakarlıqlardan sonra təşkilat sıralarını tərk edən müsavatçıların sonradan başqanlığa eks-namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatına kütləvi şəkildə üzv yazılması (ADR) hər iki cinahı bir-birinə qarşı barışmaz düşmənə çevirdi. Bu barədə kifayət qədər məlumatlar, açıqlama və şərhlər bu gün də qalmaqdadır. Lakin sonradan yaşanan ziddiyyətlərə bir müddət ara verilsə də, bunun davam ediləcəyini də istisna etmək olmazdı. Çünki ortada hər iki qurum arasında məhkəmə çəkişmələrinin olması da mövcuddur. Xüsusilə, Müsavat partiyasının sonuncu qurultayının nəticələrinin ləğvi tələbi ilə ADR-in bir qrup üzvünün hələ də öz iddialarından geri çəkilməyəcəyini bəyan edirlər. Təbii ki, onlara bu istiqamətdə tapşırıq verən də məhz hərəkat rəhbəri Qubad İbadoğludur. Baxmayaraq ki, o sosial şəbəkədə bu faktın tamamilə əksini ifadə edib.

Qubad İbadoğlu: "Müsavat dəftəri ADR üçün qapanıb!"

Məsələn, ADR rəhbəri bildirib ki, Müsavat partiyasının rəhbərliyi ilə sabiq və hazırkı sıravi müsavatçılar arasında cərəyan edən məhkəmə prosesinin ADR-Müsavat qarşıdurması qismində ictimailəşdirilməsi doğru deyil. Sitat: "...Müsavat partiyası təmsilçilərinin məhkəmədə və mətbuatda bu məhkəməni ADR hərəkatı ilə bağlamaq cəhdləri həqiqi müsavatçıların partiyadan kənarlaşdırılmasına, partiyadaxili demokratiyanın pozulmasına yanlış hüquqi və siyasi don geyindirmək cəhdinin təzahürüdür..."

Lakin Qubad İbadoğlu bununla yanaşı, qeyri-legitim hesab etdiyi Müsavat rəhbərliyinin ADR-lə qarşıdurmasını hakimiyyətə xidmət (?) etmək kimi qiymətləndirir, hətta zamanı çatanda tarixin onlara divan tutacağını da iddia edir: "...Mənim şəxsi mövqeyimə gəlincə, Müsavatın hazırkı qeyri-legitim rəhbərliyi ilə mübarizənin hakimiyyətin nəzarətində olan müstəvidə aparılmasını məqbul hesab etmirəm, inanıram ki, vaxt gələcək, onlara ən böyük divanı tarix quracaq. Unutmayın ki, keçmişlə uğraşanın gələcəyi olmaz! Şərəfli keçmişi olan Müsavat dəftəri ADR hərəkatı üçün artıq qapanmışdır!"

Müsavat baqşanının sabiq müavini, hazırda ADR hərəkatı sədrinin müavini, Vurğun Əyyub da İbadoğlunun fikirlərinə dəstək verərək deyib ki, bu gün Müsavat rəhbərliyini məhkəməyə verənlər, əslində illərlə Müsavat partiyasında can qoymuş, əmək sərf etmiş insanlardır: "Onlar haqsızlığa qarşı çıxırlar! Haqlarını tələb edirlər ".

Vurğun Əyyub da hesab edir ki, Müsavat rəhbərliyi bunu ADR-Müsavat qarşıdurması kimi qəbu edirsə, kökündən yanılır.

Elman Fəttah: "Riyakarlıq edirlər"

Ancaq Müsavat rəhbərliyi heç də onları ittiham edən ADR-çilər kimi düşünmür. Məsələn, partiya başqanının müavini Elman Fəttah mətbuata açıqlamasında deyib ki, rifahçıların Müsavat partiyasının məhkəməyə verilməsinin onlara aidiyyəti olmamasını iddia eləməsi riyakarlıqdır. Sitat: "Çünki Müsavat partiyasını əsassız olaraq məhkəməyə verən şəxslərin bir çoxu nəinki ADR-in sıravi üzvləridir, həm də hərəkatın rəhbərləridir. Müsavat partiyasından məhkəməyə şikayət vermiş şəxslər 11 nəfərdir. Onların hamısı Rifah Hərəkatının məclis üzvləridir, bir nəfəri Qubad İbadoğlunun müavinidir, biri həmin qurumun hansısa aparatının rəhbəridir, başqa biri NTK adlı bir strukturunun rəhbəridir. Bütövlükdə, bütün ADR rəhbərliyi isə bu məhkəmə prosesini dəstəkləyən açıqlamaları dəfələrlə veriblər. Qubad İbadoğlu sosial şəbəkədə "Rifah Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən Müsavatı məhkəməyə verməyib" yazısında da, Müsavatı məhkəməyə verən şəxsləri sanki müdafiə edir, onlara sayğı ilə yanaşır. Necə ola bilər ki, sən bir tərəfdən deyirsən ki, biz heç bir partiyanı məhkəməyə verməmişik, digər tərəfdən isə rəhbərlik etdiyin qurumda rəhbərlikdə təmsil olunan bu şəxslərin hərəkətini sayğı ilə qarşıladığını deyirsən?! Bu, riyakarlıqdır və məsələ tamamilə aydındır".

Qubad İbadoğlu hinduşkasatana bənzədildi

Maraqlıdır ki, Elman Fəttah da ADR-i hakimiyyətə işləməkdə suçlamaqla yanaşı, hətta onlara heç bir aidiyyatı olmayan daha bir müxalifət təşkilatını - Razi Nurullayevin rəhbərlik etdiyi və Əli Kərimlinin AXCP-sinə alternativ olan AXCP-ni də eyni sıralamaya əlavə edib. Üstəlik, guya həm ADR-in, həm də alternativ AXCP-nin guya müxalifətə qarşı aparılan "repressiyada" (?!) aparıcı rol oynadıqlarını iddia edib : "Hər iki partiyaya qarşı yaradılmış qondarma təşkilatlar, Qubad İbadoğlu və Razi Nurullayev hakimiyyətin bu iki partiyaya qarşı repressiyasının vintləridir. Bu işi icra eləyə-eləyə susub dayanmaq əvəzinə, hələ bir də yüksək səslə "məhkəməyə müraciət etməmişik" bəyanatının mən bilmirəm adı nədir. Bu, heç bir özünə hörmət edən insana yaraşmayan davranışdır. Bu davranış məşhur "Bizim Cəbiş müəllim" filmindəki hinduşka sahibinin bazarda hinduşkadan imtinası situasiyasına bənzəyir. Dəvəquşu başını soxur quma və elə zənn edir ki, heç yeri görünmür. Rifahın indi "Müsavatdan məhkəməyə biz müraciət etməmişik" deməsi həm də bu deyimlə uyğun gəlir. Heç bir əsaslandırmaya ehtiyac yoxdur, hər kəsə aydındır ki, Müsavatdan məhkəməyə şikayət ərizəsində imzası olanlar rifahçılardır. Müsavatı məhkəməyə verməyin sifarişçisi hakimiyyət, icraçısı Rifah rəhbərliyidir".

Ortaya Razi Nurullayev amili də atıldı

Beləliklə, ADR ilə Müsavatın arasında oxun yaydan çıxması qalsın bir yana, bu məsələyə Razi Nurullayevin AXCP-nin də artıq bu qarşıdurmanın daha geniş əhatə dairəsinə doğru inkişaf etdiyini deyə bilərik. Maraqlısı da budur ki, bütün tərəflər bir-birlərini hakimiyyətə işləməkdə günahlandıraraq, yaxalarını bir-birlərinin əlindən almaqdan ötrü asan çıxış yolu tapdıqlarını zənn edirlər. Ancaq reallıqlar tamamilə əksini göstərir. Reallıq isə budur ki, bütün bu cür olayların məntiqi nəticəsi müxalifətin parçalanma, dağılma və siyasi böhran burulğanında məhv olması faktorudur. Tərəflər bir-birlərini məlum ittihamlarla yıxıb-sürüməkdənsə, yaxşı olardı özlərinin düşdüyü vəziyyətlərini təhlil etsinlər və gücləri, cürətləri çatarsa, zəif və bacarıqsız olduqlarını etiraf etsinlər. Təəssüf ki, etiraf etmək belə yararsız müxalifət üçün qəbuledilməz haldır. Necə ki, bir-birlərinin sözləri boğazlarından keçmir...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər