Siyavuş Novruzov: "Belə partiyalar buraxılmalıdır"
Demək olar ki, hər il eyni motivlə gündəmə gələn ənənəvi müxalifət partiyaları apardıqları siyasətlərində yeniliklərə imza ata bilməmələri ilə yanaşı, ölkədə mövcud olan bir sıra qanun tələblərini pozmaqla da məşğuldurlar. Onlardan biri də partiyaların müvafiq dövlət orqanına verəcəkləri hesabatları ilə bağlıdır. Belə ki, hesabatlar verilərkən, siyasi təşkilatlların fəaliyyətlərindəki şəffaflıq və s. amillər ictimai rəyin diqqətinə çatdırılır, o cümlədən, bu təşkilatların hər hansı xarici qurumlar tərəfindən maliyyəlşməməsi, yaxud da maddi təminat əvəzində təlimatlandırılması, sifarişlər alması məsələsi də bəlli olur.
Onu da qeyd etmək yerinə düşərdi ki, qismən fəaliyyət göstərən müxalifət partiyaları ilə yanaşı, ümumiyyətlə fəaliyyət göstərməyən, yəni bir sədr və bir qovluqdan ibarət olan partiyalar da mövcuddur ki, onların ümumi siyasi partiyalar sıralamasında yer almalarına ehtiyac duyulmur. Xatırladaq ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov daha öncələr fikirlərini bildirmişdi. O, qeyd etmişdi ki, heç bir fəaliyyəti olmayan partiyalar buraxılmalıdırlar.
"Bir də görürsünüz ki, partiya sədrinin 3-4 mühafizəçisi, bahalı avtomobili, aparatında onlarla işçisi var"
Bu arada Siyavuş Novruzov Milli Məclisdəki çıxışı zamanı "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməsi təklifini də irəli sürüb. Millət vəkili sözügedən qanuna dəyişiklik edildiyini xatırladaraq bildirib ki, siyasi partiyalarda fəaliyyət şəffaflığının təmin edilməsi üçün dövlət büdcəsindən maliyyələşən və maliyyələşməyən təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat verməlidirlər. YAP rəsmisi qanunun tələblərinin pozulduğunu bildirib və deyib ki, bəzən partiyalar MSK-ya hesabat vermirlər. Belə ki, onları buna məcbur etmək mexanizmi isə qanunda yoxdur. Sitat: "Bir də görürsünüz ki, partiya sədrinin 3-4 mühafizəçisi, bahalı avtomobili, aparatında onlarla işçisi var. Əgər gəlir-çıxar yoxdursa, bunu necə saxlamaq olar? İkincisi, bəzi partiyalar öz vəzifələrini görmürlər. Partiyanın fəaliyyəti, gördüyü işlər olmalıdır. Ancaq bəzən görürsən ki, partiyanı alırlar, satırlar və s. Təcrübəyə əsasən partiya fəaliyyət göstərmirsə, buraxılmalıdır".
Beləliklə, Siyavuş Novruzovun fikirlərindən həm də belə qənaətə gəlmək olur ki, bir sıra partiyalar özlərini siyasi arenada gündəmdə saxlamaqdan ötrü müxtəlif qanunazidd addımlara belə gedirlər. Hətta sədrlər siyasi təşkilatları biznes məkanına çevirərək, onu partiya kimi deyil, şirkət kimi idarə edirlər. Təbii ki, belə məqamlarda onlara qarşı ciddi tədbirlər görülməli, sərt xəbərdarlıqlar edilməlidir.
"Xaricdən pul alıb dövlət əleyhinə işlər aparırlar, Azərbaycanın əleyhinə düzgün olmayan məlumatlar ötürməklə məşğuldular"
Xüsusilə, özlərini müxalifətin aparıcı qüvvəsi kimi ictimai rəyə sırıyan, "ana müxalifət" olduqlarını iddia edən, lakin 20 ildən çoxdur ki, kimin bu ada layiq olduğunu sübuta yetirə bilməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat kimi partiyalar siyasi arenanı biznesə çeviriblər. Uzun illər xarici donorlardan maliyyələşən hər iki partiya seçkilərdən-seçkilərə maddi durumlarını qeyri-qanuni yollarla artırmağa çalışıblar. Bu barədə isə kifayət qədər faktlar mövcuddur. Artıq bir neçə dəfə mətbuatda istər AXCP sədri Əli Kərimlinin, istərsə də Müsavatın sabiq başqanı İsa Qəmbərin hakimiyyətə yiyələnmək üçün hətta erməni lobbisi ilə danışıqlara getdikləri barədə faktlar da ortaya qoyulmuşdu. Təbii ki, belə bir xəyanətkar mövqeli partiyaların hesabat verməmələri arxasında məhz sözügedən faktorların dayanması şübhəsizdir. Məsələn, sual edilə bilər ki, əgər sizlər, həqiqətən də şəffaf fəaliyyət göstərir, heç bir xarici donorlardan maliyyələşmirsinizsə, nəyə görə öz hesabatlarınızı xalqa vermirsiniz? Təbii ki, bu sual ortaya qoyulduğu zaman onlar susurlar. Çünki veriləsi cavabları yoxdur.
Siyavuş Novruzov bu məsələyə də münasibətini bildirərkən deyib ki, ümumiyyətlə, bu partiyalar iqtidarda olduqları dövrdən xalqı deyil, öz maraqlarını düşünüblər, nəticədə əldə edilən müstəqilliyimiz də itirlmək təhlükəsi ilə qarşı-qarşıya qalıblar. Sitat: "Azərbaycanın müstəqilliyinin ilk illəri ölkəmiz üçün çox ağır oldu. Ona görə ki, həmin dövrdə rəhbərlikdə olan Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti Azərbaycana çox böyük ziyan vurdu".
YAP rəsmisi daha bir önəmli məqama toxunaraq deyib ki, Qarabağdakı torpaqlarımızın itkilərə, işğala məruz qalmasının da əsas baiskarları bu xəyanətkar partiyalardır: "Vaxtında Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlsəydi, yəni o dövrdə hakimiyyətə qayıdışı baş tutsaydı, Azərbaycanın bu qədər ərazi itkisi də baş verməzdi və Azərbaycan istər sosial-iqtisadi, istərsə də digər sahələrdə daha geniş şəkildə inkişaf edərdi.
Onların fəaliyyəti mövsümidir. Yazda, payızda görürsən ki, müəyyən qədər xaricdən pul alıb mintiqlər keçirirlər, dövlət əleyhinə işlər aparırlar, ayrı-ayrı internet saytlarında yazılar yazırlar, xaricə Azərbaycanın əleyhinə düzgün olmayan məlumatlar ötürürməklə məşğuldular". Siyavuş Novruzov əlavə edib ki, bunu bütün Azərbaycan ictimaiyyəti də bilir və hər şeyi düzgün qiymətləndirir: "Azərbaycan xalqı dövlətin, Prezidentin siyasətini dəstəkləyir və xalq ilə iqtidar birlikdə fəaliyyətini davam etdirir".
Beləlkilə, ənənəvi müxalifət barədə qeydlər apararkən, müxtəlif reallıqlar ortaya çıxır və bir daha bəlli olur ki, bu gün öz fəaliyyətləri barədə xalqa, ictimai rəyə hesabat verməyən radikal təmayüllü siyasi təşkilatları heç bir dövlət maraqları narahat etmir. Bu baxımdan, artıq onlar barədə qanunun bütün tələbləri müqabilində ciddi ölçülər götürülməyin zamanı çatıb.
Rövşən RƏSULOV