"Müxalifət liderləri çirklənmiş bir su yığınına bənzəyir"
"Milli Şura"nın üzvi Eldeniz Quliyev bir necə partiyanın iştirakı ilə yaradılan müxalifətin koalisiyasını məsxərəyə qoyub. Bəziləri KAXCP, Azadlq, MAP, Aydınlar və digər partiyaların yaratdığı müxalifətin koalisiyasının hədəfə alınaraq, məsxərə obyektinə çevrilməsinin arxasında Əli Kərimli və Cəmil Həsənlinin müəyyən tapşırıqları dayandığını bildirirlər. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bunun istisna olunmadığını bildirdi. Qeyd etdi ki, E.Quliyevin ittihamlarının konkret bir mənası var, o da Əli Kərimlinin tapşıqlarını yerinə yetirməklə, digər müxalifət partiyalarını gözdən salmaqdır: "İndiki müxalifət birləşmə adı altında müəyyən bir qurum yaratmağa can atır. Guya bununla aralarında olan düşmənçilik münasibətlərini arxa plana atdıqlarını göstərməyə çalışırlar".
T.Novruzov onuda bildirdi ki, Eldeniz Quliyev təmsil olunduğu "Milli Şura"da belə qəbul edilmir: "Eldəniz Quliyev kimilər ortada qalan insanlardır. Onun kimilərdən istifadə edib atırlar. Əslində, elə Eldeniz Quliyev də onların bir tayıdır. Yəni bir məqsədi, bir amalı olmayan və konkret bir mövqe nümayiş etdirməyən və tez-tez mövqeyini dəyişən insanlardan heç vaxt əqidə birliyi gözləməyə dəyməz".
"Demək olarmı ki, müxlifət daxili parçalanmaların başlıca günahkarları elə müxalifətçilərin özləridir" sualına cavabında T.Novruzov bildirdi ki, müxalifət partiyalarının daxilində gedən parçalanmalar bu günün işi deyil: "Uzun illərdir ki, müxalifət partiyalarında parçalanmalar baş verir. Bunun əsas iki səbəbi var. Birincisi siyasi müxalifətin ambisiyaları o qədər böyükdür ki, bu amil onların biri-birinə güzəştə getmələrinə imkan vermir. Bu baxımdan, həmin müxalifət liderlərinin ambisiyalarının böyüklüyü və hər birinin özünün şəxsi mənafeyini önə çəkməsi bunları istər-istəməz bir-biri ilə qarşıdurmaya gətirib çıxarır. İkincisi isə müxalifət liderləri çirklənmiş bir su yığınına bənzəyir. Yəni uzun illər müxalifət partiyalarına rəhbərlik edən şəxslərin heç bir siyasi uğur qazanmadıqları halda yenə də özlərini "ana" müxalifət elan edirlər. İstər-istməz partiyalardan olan bu və ya digər üzvlər liderlərdən bezirlər. Bu bezmələr də son nəticədə müxalifət partiyalarının sıravi üzvlərinin liderə qarşı inamsızlığına gətirib çıxarır. Bu inamsızlıq da sonda böyük parçalanmalara səbəb olur".
GÜLYANƏ