PDF Oxu

Müxalifət

  • 1 683

"Anti-böhran" koalisiyası aranı bir-birinə qatıb

image

"Azadlıq" sədri Nurəddin Məmmədlini ayağısürüşkənlikdə suçlayıb

Müxalifətin loyal qanadının son illərdə ilk dəfə bir araya gələrək, "Anti-böhran" koalisiyasında müzakirələr aparması radikal müxalifət qanadının "liderləri" tərəfindən qısqanclıqla qarşılanmaqdadır. Daha dəqiq desək, ümummilli bir məsələdə 10-a yaxın siyasi təşkilatın pis-yaxşı müəyyən fikirlər bildirmələri əsas olaraq AXCP və Müsavat yetkililərini nədənsə narahat etməyə başladıb. Halbuki bu gün sözügedən koalisiyada toplaşan müxalifət partiyalarının əksəriyyəti iqtidar partiyası ilə dialoqa gedərkən də məhz bu partiyalar qarşı tərəfi düşərgəyə xəyanətdə və satqınçılıqda ittiham etmişdilər.

Bu günlərdə Müsavat partiyasının başqa müavinləri partiyaların "Anti-böhran" koalisiyasında bir araya gəlmələrini uğursuzluqla nəticələnəcəyini deyirdilər. Hətta sosial şəbəkədə qızğın müzakirələr edən tərəflər ən sərt ifadələrlə belə, bir-birlərini günahlandırmaqla məşğul idilər.

AXCP və "Milli Şura"nın nəsə etməyə gücü çatmır

Ancaq daha çox var-gəl edən tərəf yenə də AXCP olub. Məsələ ondadır ki, partiyanın sədri Əli Kərimli sosial şəbəkədə bir-iki fikir bildirdikdən sonra onun müavini Nurəddin Məmmədli də eynilə sədrinin dediyi fikirləri təkrarlayıb. O bildirib ki, onlar kiçik qurumları müxalifət hesab etmir, ona görə də əməkdaşlıq etmək fikrindən uzaqdırlar. Sədr müavini onu da iddia edib ki, bu koalisiyanın Azərbaycan xalqına nə xeyri, nə də zərəri olacaq. O, 10-a qədər partiyanın bir araya gəlməsini boş-boş çərənləmə və vaxt itkisi adlandırıb. Lakin onun bu ittihamları cavabsız qalmayıb. Məsələ ondadlr ki, "Anti-böhran" koalisiyasının iştirakçılarından biri olan "Azadlıq" partiyasının sədri Əhməd Oruc ümumiyyətlə, Nurəddin Məmmədlini ciddi adam kimi qəbul etmədiyini bir sıra faktlarla əsaslandırıb. Onun fikrincə, Nurəddin Məmmədlidən fərqli olaraq, koalisiyanın işində bir dəfə iştirak edib və sözügedən toplantıda qeyri-ciddi insanların, o cümlədən qeyri-ciddi fikirlərin olmadığını deyib: "Nurəddin Məmmədli deyir ki, kiçik təşkilatları müxalifət hesab etmir və onlarla əməkdaşlıq etmək istəmirlər. Azərbaycanda bəzi qüvvələr var ki, müxalifəti bir araya gətirmək istəyirlər. Bəzi qüvvələr də var ki, müxalifət bir arada olanda onların şəxsi maraqları ödənilmir. Onlar ayrılıqda qrantlar alır, beynəlxalq qurumlara "əsas müxalifət bizik" deyə təqdim edirlər. Ümumi birlik olanda onların bu işləri yerimir. Nurəddin Məmmədli professordur. Başa düşür ki, indiki dövrdə AXCP və "Milli Şura"nın nəsə etməyə gücü çatmır. Birliklə bağlı addımları da süngü ilə qarşılayırlar. Nə etmək istədikləri özlərinə də bəlli deyil..."

Nurəddin bir zaman deyirdi ki, gəlin Rəsul Quliyevin ətrafında toparlanın

"Azadlıq" sədri daha bir amili xatırladaraq Nurəddin Məmmədlini ayağısürüşkənlikdə, yetkin söz deməməkdə və siyasi yüngüllükdə suçlayıb. Əhməd Oruc xatırladıb ki, bu adam bir vaxtlar Rəsul Quliyevin sədri olduğu Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini olub: "Nurəddin bir zaman deyirdi ki, gəlin Rəsul Quliyevin ətrafında toparlanın. İndi deyir ki, bizi Cəmil Həsənli xilas edəcək. O, proqramlaşdırılan professorlar sinfinə daxildir. Maaş aldığı şəxs nə göstəriş versə, onu da deyəcək. Bizdə isə məntiqi mülahizələr var, reallığa uyğun əməkdaşlığa çalışırıq. Nurəddin Məmmədli 2005-ci ildə iddia edirdi ki, Rəsul Quliyev gəlir, çantalarınızı götürün durun sıraya. Odur ki, Nurəddin Məmmədli səhhəti ilə məşğul olsun..."

Əhməd Oruc Əli Kərimlinin AXCP-nin sözügedən koalisiyada iştirak etməməsini onlar üçün yararlı olduğunu deyib.

Əli Kərimli gəlib bizim qarşımızda nə danışa bilər?

Çünki AXCP həmin koalisiyada olsaydı, yenidən düşərgə arasında nifaqlar baş qaldıracağıydı: "Bizim Əli Kərimlinin yanında durmaq niyyətimiz və marağımız yoxdur. "Nurəddin müəllim indi də deyir ki, Əli Kərimlinin yanında durum. Əli Kərimlinin konsepsiyası üstündürsə, niyə müxalifətin təşkil etdiyi toplantılara gəlməyə, fikirlərini əsaslandırmağa çəkinir? Bu iclasa yığışanlar, əslində, uzun illər Əli Kərimli ilə bir yerdə olan insanlardır. Amma gəlib daha böyük toplantılarda konsepsiyası haqda danışmır. Hər kəs ordan-burdan köçürüb və iddia edir ki, mən yeni sənəd hazırlamışam. Biri deyir ki, anti-böhran konsepsiyası hazırlamışam, digəri deyir yol xəritəsi cızmışam. İnternetdə bu cür sənədlər yüzlərlədir. Odur ki, Əli Kərimlidə konsepsiya varsa, gəlsin böyük auditoriyalarda danışsın. Ancaq bilirəm ki, onlar böyük akt zalında danışa bilmirlər. Çünki belə zalda oturanların hamısı maaş verdiyi Nurəddin Məmmədlilər olmur. Əli Kərimli gəlib bizim qarşımızda nə danışa bilər? Təbii ki, heç nə. İyirmi ildir ki, camaatı aldadırlar".

Beləlkilə, görünən məsələlərdən biri də budur ki, Əli Kərimli indi də səmərəsiz müavinlərini ortaya ataraq, suyu bulandırmağa cəhdlər göstərir. Ancaq, o heç də düşünmürdü ki, onun göndərdiyi adamla yanaşı, özünə qarşı da kəskin ifadələr işlədiləcək. Hətta demək mümkündür ki, AXCP sədrinin planı baş tutmayıb. Bu səbəbdən, kül ilə oynamaqla məşğuldur.

Rövşən RƏSULOV

Digər xəbərlər