Əli Kərimli və İsa Qəmbər bu sıralanmada liderlərdir
20 ilə yaxındır ki, bir araya gələ bilməyən Azərbaycan müxalifəti ölkədə keçirilən hər seçki öncəsi toparlanmaya, seçkilərdə birgə iştiraka cəhd göstərsə də, lakin müxalifətin birliyi mümkün olmur. Bəs görəsən, Azərbaycan müxalifətinin bir araya gəlməsi, bu düşərgənin seçkilərdə vahid platforma ilə iştirakı hansı səbəbdən mümkün olmur. Çünki o partiyaların məqsədi radikalizm meyillərini yalnız dağıdıcılıq və siyasi inhisarçılıq yolu ilə nümayiş etdirməkdir. Nəticədə, ciddi sosial baza itkisi və elektorat qıtlığına məruz qalan AXCP və Müsavat rəhbərliyinin hələ də öz iddiaları çərçivəsində fəaliyyət göstərmələri müxalifət düşərgəsinin digər qütblərində yer alan partiya sədrləri tərəfindən də qınanılmaqdadır. Qınaq və sərt tənqid obyektinə çevrilmiş AXCP sədri Əli Kərimli və keçmiş başqan İsa Qəmbərin davamlı məğlubiyyətlərdən nəticə çıxara bilməyərək, hər hansı "qələbələrə" ümid etmələri isə nəticə etibarilə onların özləri üçün ciddi fəsadlara səbəb olur. Belə ki, daxili çəkişmələr və qəbuletməzlik prinsipləri nəticəsində uzun illərdir ki, vahid namizəd məsələsində də ümumi razılığa gələ biməkdə acizlik çəkən "cəbhəçi" və müsavatçı sədrlər bir-birilərinə olan antipatiya hisslərini aşkar olaraq sərgiləməsələr də, dolayısı ilə bu çərçivədə işlər aparmaqdadırlar. Xüsusilə, əllərində olan mətbuatda və informasiya agentliklərində, eləcə də, sosial şəbəkələrdə bir-birlərinin təhqir hədəflərinə tuş gələn Ə.Kərimli və İ.Qəmbər cütlüyü hələ də ötən seçkilərdəki məğlubiyyət burulğanından çıxa bilmədiklərinin fərqinə vara bilmirlər.
Sərdar Cəlaloğlu: "İsa Qəmbər deyir ki, mən AXCP funksionerlərini komandama götürəcəyəm, AXCP də deyir ki, biz İsa Qəmbəri komandamıza götürəcəyik"
ADP sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlinin çox qüsurlu adam olduğunu bildirib: "Əli Kərimli Azərbaycan xalq hərəkatına gələndən onun haqqında birmənalı fikir olmayıb. Sadəcə olaraq, AXCP ilə əməkdaşlıq naminə zaman-zaman onun şəxsi qüsurlarını heç kim qabartmayıb. Amma faktiki olaraq hələ 88-ci ildən Əli Kərimli çox qüsurlu şəxsiyyəti ilə bu proseslərdə iştirak edib. Elçibəy hakimiyyətinin parçalanmasına da o səbəb olub. Ondan sonrakı dövrdə də Elçibəyin müavini kimi ona qarşı mübarizə aparıb, işlərini pozub. Sonrakı dövrlərdə Azərbaycan müxalifətinin bir araya gəlməsinə əngəl olub. Yəni bu adam separatist, müxalifət birliyinin əleyhinə olan destruktiv bir qüvvədir. Biz əvvəllər bunu deyəndə, deyirdilər ki, başqa partiyaya qarşı qərəzçililik edirsiniz. Bu gün onun yanında olan ikinci nəsil müavinləri belə eyni iddianı edir. Əli Kərimlinin birinci nəsil müavinləri, yəni əvvəldən hərəkatda olanlar onun yanından getdi. Sonra Əli Kərimli yeni bir komanda yaratdı. Bu komanda da eyni iddialarla çıxış edib, onun yanından uzaqlaşır. Bu da onu göstərir ki, bizim onun haqqında dediklərimizin hamısı doğrudur, obyektivdir, reallıqlara uyğundur".
S.Cəlaloğlu Müsavat partiyasında da parçalanma prosesinin səbəbkarının keçmiş Müsavat başqanı İsa Qəmbərin olduğunu deyib: "Harada demokratiya boğulursa, orada antidemokratiya meydana çıxır. Bu gün Müsavat üzvlərinin atdığı addımlar demokratik addımlar deyil. Hadisələr diqqət yetirsək görərik ki, İsa Qəmbərin Müsavat başqanlığından getməsi bütün bu proseslərin başlıca səbəbidir. Bir məşhur söz var, deyir ki: "Döngələrdə atları dəyişməzlər". Yəni indiki bu qaça-qaçda İsa Qəmbərin guya bir demokratiya oyunu oynaması, Müsavatın rəhbərliyindən getməsi, bütünlükdə Müsavat partiyasını dağıtdı və bununla da Azərbaycan müxalifətini zəiflətdi. Əli Kərimli ilə İsa Qəmbər virtual aləmdə bir-birlərini söyməklə məşğuldurlar. İ.Qəmbər deyir ki, mən AXCP funksionerlərini komandama götürəcəyəm, AXCP də deyir ki, biz İ.Qəmbəri komandamıza götürəcəyik. Ona görə də, müxalifətinin bir araya gəlib vahid mərkəzdə fəaliyyət göstərməsi qeyri-mümkün görünür. Çünki bu birliyə daim əngəl olanlar da Əli Kərimli ilə İsa Qəmbərdir."
ÜLVİ