PDF Oxu

Müxalifət

  • 1 740

Tural Abbaslı Müsavat rəhbərliyinə meydan oxudu

image

TƏRS BAXIŞ

Əksər müsavatçılar onun ətrafına toplaşır

Müsavat partiyasının sabiq divan üzvü, hazırda "Ağ Blok" adlı siyasi quruma rəhbərlik edən Tural Abbaslı növbəti dəfə üzvü olduğu partiya rəhbərliyinə meydan oxuyub. Özünün və tərəfdarlarının bir çoxunun hələ də Müsavat üzvü olduğunu diqqətə çatdırmaq istəyən blok sədri xüsusilə başqan Arif Hacılıya xəbərdarlıq mesajı yollayıb. Daha dəqiq desək, hələ Müsavatın qalmaqallı qurultayından sonra Hacılının saxtakarlıq yolları ilə partiyaya rəhbər seçilməsini qəbul etməyən T.Abbaslı bunun əvəzini çıxacağını gizlətməyib.

Dağıdıcılıq prinsiplərindən çıxış edən partiyalar cəmiyyət və ictimai rəy üçün heç bir maraq, əhəmiyyət kəsb etmir

O da bəllidir ki, Müsavatın aparıcı funksionerlərindən olmuş Tural Abbaslı "Ağ Blok"u partiyaya, daha dəqiq desək, "Ağ Blok" partiyasına çevirmək niyyətindədir. O, bu barədə bir neçə dəfə mətbuatda çıxış edib. Partiyanın yaradılmasında məqsəd isə ənənəvi müxalifətçilik sindromundan çıxaraq, cəmiyyətə yenilikçi müxalifətin təqdim edilməsidir. Xüsusilə, son vaxtlar ölkənin daxili siyasi gündəmində bu kimi qurumlar demək olar ki, ənənəvi müxalifətçilik ambisiyalarını geridə qoymaqdadırlar. Məsələn, "Ağ Blok"la yanaşı, digər siyasi mövqeli təşkilatlar - Qubad İbadoğlunun rəhbərlik etdiyi "Azərbaycan Demokratiya və Rifah" hərəkatı, Əli Kərimlinin Cəbhəsinə alternativ yaradılan Razi Nurullayevin sədri olduğu AXCP yeni baxışlarla gündəmdə qalmağı bacarıblar. Lakin uzun illər eyni dağıdıcılıq prinsiplərindən çıxış edən partiyalar isə artıq cəmiyyət üçün, ictimai rəy üçün heç bir maraq, əhəmiyyət kəsb etmir. Bütün bunlar isə bir daha belə qənaətə gəlməyə imkan yaradır ki, çox yaxın dövrdə belə siyasi partiyalar, ümumiyyətlə, gündəmdən çıxdaş olacaq.

"Ağ Blok" sədri: "Biz yalnız kağız üzərində Müsavat üzvü sayılırıq"

Beləlkilə, bütün bunların nəticəsi olaraq, Tural Abbaslının şəxsi haqq-hesablarının olduğu Arif Hacılıyla duelə çıxmasına zəmin var. Əbəs yerə deyil ki, Abbaslı aşkar meydanoxuma prinsipləri ilə radikalizm müxalifətçiliyinə barmaq belə silkələməyə başlayıb. O, blokun partiyaya çevrilməsi barədə deyib: "Bizim əsas məqsədimiz ondan ibarətdir ki, tam qeydiyyatlı siyasi partiya olaraq fəaliyyət göstərək. Buna görə də blokun qurultayından sonra qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyi düşünürük".

O, qeyd edib ki, blok üzvlərinin adları Müsavat partiyası sıralarında olsa da, faktiki, ayrı siyasi qüvvə kimi fəaliyyət göstərirlər: "Biz yalnız kağız üzərində Müsavat üzvü sayılırıq. Qurultay ərəfəsində hamımız Müsavat partiyasından istefa verəcəyik. Qanunvericilikdə də bir şəxsin iki partiyada təmsil olunması qadağandır".

Rövşən RƏSULOV

P.S. Beləliklə, Müsavat başqanı Arif Hacılıya duel əlcəyi atan Tural Abbaslı hər halda bu addımını düşüncəsiz olaraq atmayıb. O, bu vasitə ilə sübut etməyə çalışır ki, lazım gələrsə, Müsavat partiyasını təməlindən laxlada, rəhbərliyini isə siyasi məhvə sürükləyə bilər. Hər halda proseslər də belə düşünməyə şərait yaradır. Ona görə də Müsavat rəhbərliyi may ayında başına gələcək oyunlara hazır olmalıdır. Ən azından, Tural Abbaslının onlara verdiyi ultimatumlara görə. Əgər hesab etsək ki, ADR də bənzər proseslərə hazırlıq görür, onda vay Arif Hacılının halına...

Digər xəbərlər