TƏRS BAXIŞ
Yaxud sabiq nazir necə və niyə küyə düşüb?
Radikal müxalifətin son günlər sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanov amilinə maraq göstərmələri əbəs yerə deyil. Xüsusilə, AXCP və "Milli Şura" kimi qurumların və onların təbliğat ruporu olan "Azadlığ"ın İnsanov ətrafında var-gəl etmələri, onun adının gündəmə çıxarmalarına nail olması, əslində bir çox mətləblərdən xəbər verməkdədir. Halbuki Əli İnsanovun səhiyyə naziri olduğu vaxtlar onun dövlətdən çapıb-taladığı milyonları barədə yazanlar, demək olar ki, hər gün səhifəsində palaz-palaz "yıxıb-sürüyən" yazılar verənlər də, bu gün onun təbliğatını aparan tərəflərdir. Bu zaman istər-istəməz belə bir sual yaranır ki, bir insan məlum cinayətlərinə görə həbsə düşdüyü müddətə qədər müxalifətin ən qatı düşməniydisə, nədən həbs olunan kimi onların dostuna çevrildi?
Hətta onların nəsil-nəcabətlərini söyüb ciblərinə pul qoyanlar onlar üçün liderə çevrilə bilər
Əslində, bu sualın özündə sıralama cavablar mövcuddur. Məsələn, bu gün onun həbsdən çıxandan sonra "müxalifəti birləşdirəcək lider" kimi "birləşdirici" rol oynayacağını deyənlər, əslinə puluna, varına-dövlətinə göz dikənlər toplumudurlar. Yəni siyasi baxışlarını 100 dollara dəyişənlər üçün hətta onların nəsil-nəcabətlərini söyüb ciblərinə pul qoyanlar da liderə çevrilə bilər. Fakt da budur ki, bu gün Əli Kərimli, Cəmil Həsənli kimi əqidəsiz insanlar indi də Əli İnsanovun qoltuğunun altına qarpız verməklə, ondan nə isə qopara biləcəklərini düşünürlər.
Görək müxalifətin özündə bu barədə necə düşünürlər?
KXCP sədri: "Onun mövqeyini bölüşənlər, dəstək verənlər, varidatına göz tikib, gələcəkdə bölüşdürmək istəyənlərdir"
Məsələn, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr Mirmahmud Mirəlioğlu marqlı fikir söyləyib. Onun fikrincə, 11 ildir həbsdə olan sabiq nazirin "müxalifətin əsas ümid yeri" kimi təqdim edilməsinə səbəb varidatıdır: "Onun mövqeyini bölüşənlər, dəstək verənlər, varidatına göz tikib, gələcəkdə bölüşdürmək istəyənlər mövcuddur. Amma Əli İnsanovun siyasi partiyaları birləşdirəcək şansının olduğunu düşünmürəm. Zamanın nə göstərəcəyi başqa məsələdir. Bizim partiyamız kiminsə ətrafında ola bilməz…"
MMP: "Əli İnsanov məsələsi ehtiyatlı məsələdir"
Son günlər mediada tez-tez görünməyə başlayan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev də düşünr ki, müxalifətin Əli İnsanovun ətrafında birləşmək məsələsi reallıqdan uzaq olan bir məsələdir: "Bu gün mən özüm çalışıram ki, kimlərsə ətrafımda birləşsinlər: "Bu günə qədər buraxılan insanların hansı nə edib ki, Əli İnsanov da nəsə etsin…Əli İnsanov məsələsi ehtiyatlı məsələdir".
Göründüyü kimi, bu gün Əli İnsanov ətrafında növbəti süni lider obrazı yaradanlar heç də onun "qara qaşına", "qara gözünə" aşiq olmayıblar. Aşiq olduqları isə onun vaxtilə çapıb-taladığı pullarıdır. Ancaq inanmaq olmaz ki, Əli İnsanov 8 aydan sonra azadlığa çıxarsa, bu gün ona "gəl-gəl" deyənlərə qoşulsun. O, artıq qocalıb və əldən düşüb, xüsusilə siyasətə qoşulsa, buna tab gətirə bilməz. Yəqin ki, Əli İnsanov indi "müxalifət ldieri" olmaqdansa, öz sağlamlığının dərdini çəkməkdədir.
Əli Kərimli ilə onun ətrafı isə, sadəcə utopiyaya qaplaraq, yeni xəyallara dalmağa başlayıblar. Axı 8 aydan sonra onların adam kimi deyil, "pul meşoku" kimi gördükləri Əli İnsanov azadlığa çıxır…
Rövşən RƏSULOV