SİYASİ RAKURS
Müxalifətdə ölüm-dirim savaşının son mərhələsi start götürüb
Son günlər müxalif düşərgədə yeni siyasi ab-hava yaratmaq istəyi ilə ard-arda toplantılar keçirən 10 partiya bununla düşərgənin digər cinahında ciddi şəkildə narahatlıq yaradıblar. Bu amilin təhlilini apardıqda isə bir neçə nüans ortaya çıxır. Məsələn, bəllidir ki, AXCP və "Milli Şura", o cümlədən Müsavat kimi ənənəvi partiyalar, belə davam edərsə, siyasi arenadan çıxdaş olunacaqlarını yaxşı bilirlər. Çünki onsuz da ictmai rəydə heç bir nüfuzlarının qalmadığını gözəl anlayırlar. Bu baxımdan, ilk narahatçılıq həmin məsələdən qaynaqlanır.
Digər məsələ isə ənənəvi müxalifətin fəaliyyətində yaşanan durğunluqdur. Hətta bu gün 10 müxalifət partiyasının keçirdiyi birgə toplantılara Müsavatdan, "Milli Şura" və AXCP-dən sıravi üzvlər də qatılırlar ki, bu da həmin qurumların rəhbərliyini ciddi şəkildə qıcıqlandırır. Çünki son vaxtlardakı istefalar bu qurumların tamamilə sıradan çıxması prosesini sürətləndirir.
Hər iki tərəf dünyada baş verən iqtisadi böhrandan özlərinə sərf edən tərzdə yararlanmağa cəhdlər edir
Beləlkilə, müxalifət düşərgəsində iki hissəyə parçalanmış tərəflər, necə deyərlər, ayaqda qalmaq üçün ölüm-dirim mübarizəsinə qatılıblar ki, burada konstruktivlik, yaxud da loyal siyasət yolunu tutanlar radikalizm prinsipindən çıxış edənləri kifayət qədər üstələməkdədir.
Artıq media səhifələrinə də sirayət edən bu savaş funksionerlərarası qarşılıqlı ittihamlar, suçlamalarla müşahidə olunur. Belə bir məqamda AXP sədri Pənah Hüseynin Müsavatın sabiq başqanı, "Milli - Strateji Düşüncə Mərkəzi"nin sədri İsa Qəmbərlə aralarında olan münasibətlərin pozulmasını və bu kimi digər hadisələri göstərmək olar. Eyni zamanda, "Ağ Blok"un sədri, Müsavatın sabiq divan üzvü Tural Abbaslının, KXCP sədri Mirmahmud Mirəlioğlunun, "Azadlıq" partiyasının sədri Əhməd Orucun, alternativ AXCP-nin sədri Razi Nurullayevin də qarşı tərəflərə tez-tez sərgilədikləri münasibətlər də belə bir nəticəyə gəlməyə zəmin yaradır. Düzdür, hər iki tərəf dünyada baş verən iqtisadi böhrandan özlərinə sərf edən tərzdə yararlanmağa cəhdlər edir, o cümlədən, müxtəlif "yol xəritələri" tipli plagiat sənədlərlə ictimai rəyin gözünə kül üfürməklə məşğul olurlar, amma fakt budur ki, ortaya heç bir ciddi məsələ qoyulmur.
Tural Abbaslı: "Hamı bilir ki, kim-kimdir, kimin mövqeyi nədən ibarətdir"
Bu arada 10 müxalifət partiyasının növbəti toplantı vaxtı da bəlli olub. Bu barədə mətbuata "Ağ Blok"un sədri Tural Abbaslı məlumat verib. Onun dediyinə görə, növbəti görüş fevralın 21-nə təsadüf edir. Yanvarın 24-də ADP-nin qərargahında toplaşan tərəflər bu dəfə KXCP-nin qərargahında, yaxud da qeyri-siyasi məkanda bir araya gəlməyi planlaşdırıblar. Məhz belə bir məqamda "Ağ Blok" rəsmisi vacib, maraqdoğurucu və sətiraltı ifadələrlə AXCP-nin, "Milli Şura"nın və Müsavat rəhbərliyinin "bostanına" daş atıb. O, bu dəfə qeyd edib ki, daha öncəki toplantıdan fərqli olaraq, bu dəfə dəvət ediləcək insanlar və partiyalar ətrafında ciddi şəkildə düşünüləcək. Çünki yanvarın 24-də baş tutan toplantıya dəvət alan radikal təmayüllü partiyalar qatılmaqdan imtina etmişdilər. Sitat: "Bizim son fəaliyyətimizə Müsavat, AXCP və "Milli Şura" reaksiya verib, daha çox tənqidi və etinasız münasibət sərgilənib. Mən onların reaksiyası ilə tanışam. Açığı, müxalifət düşərgəsində iş görmək, fəaliyyət göstərmək istəyənlər var. Ancaq eyni zamanda, kabinetlərində oturub xalqın onları yüksək postlara dəvət edəcəklərini gözləyənlər də var. Hamı bilir ki, kim-kimdir, kimin mövqeyi nədən ibarətdir. Bu baxımdan, oturub xalqın reaksiyasını gözləyir, düşünürlər ki, hər şeyi xalq edəcək, bunlar da faydalanacaqlar. Bizim fəaliyyətimizə və tədbirlərimizə tənqidi münasibət bildirən qüvvələr də belə qüvvələrdən ibarətdir.
İsa Qəmbərə mesaj: "Biz 300 nəfərlik tədbir keçirmişik, siz də gedin 500 nəfərlik keçirin"
Müsavatın sabiq divan üzvü bildirib ki, əgər müxalifət müxalifətə qarşı müxalifətçilik edəcəksə, yalnız məğlubiyyətə düçar olacaq. Artıq xalq da bunun şahididir: "...Təəssüflər olsun ki, bu gün müxalifət düşərgəsində müxalifət öz müxalifətinə qarşı müxalifət mövqeyində durur və onu ləkələməyə çalışır. Xalqın gözü onsuz da tərəzidir. Orada yığılan qüvvələrin səmimi və ya qeyri-səmimi olduğunu xalq müəyyən edəcək və dəyərləndirəcək. Şəxsən mənim üçün bu gün özünü böyük siyasi lider adlandıran şəxslərin fikri əhəmiyyətsizdir. Əksinə, mənim üçün xalqın fikri daha vacibdir".
Beləlkilə, qarşı tərəfi açıq şəkildə qeyri-ciddi, mənasız və s. bənzər amillərlə tənqid edən "Ağ Blok" sədri sonda onları ələ salmağa da imkan tapıb. T.Abbaslı həmin partiyalara mesajını yollayıb və deyib ki, əgər Müsavat, "Milli Şura", AXCP kimi partiya və siyasi qurumların rəhbərliyi onları bəyənmirsə, onda özlərini ictimai rəy qarşısında bəyəndirməyə çalışsınlar: "Bizi bəyənmirsinizsə, lap yaxşı. Özünüzə böyük siyasi lider deyirsiniz. Buyurun siz də 300 nəfərlik zalda tədbir keçirin, təkliflərinizi açıqlayın. Məndə sıravi insan olaraq gəlib həmin tədbirdə iştirak edər, həmin şəxslərin "dahiyanə" çıxışlarına əl də çalaram. Daha bəsdirin, bu intriqaları buraxın. Bunların hakimiyyətə gəlmək potensialı başa çatdığı üçün indi gündəmdə qalmaq naminə belə fəaliyyət göstərirlər. Biz 300 nəfərlik tədbir keçirmişik, siz də gedin 500 nəfərlik keçirin".
Sonda T.Abbaslı keçmiş başqanı və lideri olmuş İsa Qəmbərə də qırmaq atıb: " İsa Qəmbərin tədbirində ancaq Müsavat partiyasının fəalları və bu partiyaya yaxın şəxslər iştirak edib. Müsavatın iclas salonunun neçə nəfər tutduğunu da bilirik. Odur ki, həmin tədbirlə bizim keçirdiyimiz toplantı heç bir halda müqayisə edilə bilməz. Bizim keçirdiyimiz tədbirdə 10-dan çox partiya, onlarla QHT, çoxlu sayda media nümayəndələri iştirak edib. İsa Qəmbərin tədbiri isə başqa formatda idi".
Nəticəni fevralın 21-dən sonra görməli olacağıq...
Beləlkilə, məsələ tam aydın və anlaşılandır. Müxalifədə real iş görüb, müxalifətçilik etmək istəyən, radikalizm siyasətini konstruktivliklə dəyişənlər hələ də radikallıq, dağıdıcılıq prinsiplərindən çıxş edən "qüvvələri" dalana dirəməyə müvəffəq olublar. Ancaq ortada hələ ki, bir nəticə yoxdur. Görünür, həmin nəticəni biz fevralın 21-dən sonra görməli olacağıq. Çünki 10 partiyanın toplaşdığı heyətin növbəti müzakirələrindən sonra qarşı tərəf daha da azğınlaşa bilər. Bu isə daha kəskin, daha sərt ittihamlara, hətta qarşıdurmalara qədər inkişaf edə biləcək haldır.
Rövşən NURƏDDİNOĞLU