PDF Oxu

Müxalifət

  • 1 804

Tural Abbaslının tərəfdarları Müsavatdan qovulur

image

Arif Hacılı yenə də hücuma keçdi

2015-ci ilin sentyabrın 27-də keçirilən qurultaydan sonra Müsavat partiyasında narazılıqlar, ciddi fikir ayrılıqları, qarşılıqlı ittihamlar, istefalar səngimək bilmir. Yeni başqanın legitimliyini tanımayan, onun idarəçiliyini təqdir etməyən bir çox partiya funksionerləri artıq istefa verməklə Müsavatla yollarını ayırıblar. Partiyada qalaraq Arif Hacılı və komandasının atdığı addımları sərt tənqid edən, onlara qarşı müxalif mövqedə dayananlar isə ardıcıllıqla cəzalandırılırlar.

Bu günlərdə daha Arif Hacılı daha bir müsavatçını partiyadan qovdu. Müsavatın Binəqədi rayon təşkilatının sədrinin gənclərlə iş üzrə müavini Şamil Beydullayev partiya sıralarından xaric edilib. Ş.Beydullanın sözlərinə görə, onun partiyadan xaric olunmasına səbəb Arif Hacılının fəaliyyətini tənqid etməsi və Müsavatın sabiq divan üzvü T.Abbaslının yaratdığı "Ağ Blok"da təmsil olunmasıdır: "Hər bir demokratik partiya rəhbərliyi tənqidə açıq olmalıdır, normal sivil dünyada bu, belədir. Arif Hacılıya qədər Müsavat partiyasında da vəziyyət belə idi. Amma Arif Hacılı başqan olduqdan sonra onu tənqid edən, siyasəti ilə razılaşmayanları partiyadan xaric edib."

Tural Abbaslı: "Müsavatda baş verən bütün istefalar Arif Hacılı ilə bağlıdır"

T.Abbaslı Müsavat partiyasında baş verən istefalarla bağlı partiya sədri Arif Hacılını təqsirli bilir: "Təbii ki, partiyada baş verən bu hadisələr Arif Hacılı ilə bağlıdır. Əgər o musavatçılar İsa Qəmbərin vaxtında istefa verməyiblərsə, partiyanın addığı addımları tənqid etmirdilərsə, qarşıdurmalar yox idisə, deməli, bu İ.Qəmbərdən sonra rəhbərliyə gələn yeni rəhbərlə bağlıdır. Bununla yanaşı, rəhbərlik baş verən bütün məsələlərə biganə yanaşır. Məsələn, bir tanınmış və savadlı müsavatçı partiyadan istefa verəndə rəhbərlik hələ ona "qapı filan tərəfdəndir" deyə yola salmaqla məsələyə biganəliklə yanaşmamalıdır. Digər tərəfdən də, A.Hacılı qurultay tərəfindən 4 illiyə Müsavat pariyasına başqan seçilmiş adamdır. Bu müddət ərzində partiya daxilində baş verən mənfi və müsbət tendensiyaların hamısı onun adı ilə bağlı olacaq".

O bildirib ki, bu A.Hacılının siyasi qısqanclığının nəticəsidir və qrup maraqları çərçivəsində verilmiş bir qərardır: "Təəssüf ki, A.Hacılı yenə də öz siyasi maraqlarını partiya maraqlarından üstün tutur və yalnız özünə "ləbbeyk" deyən insanlardan ibarət siyahı formalaşdırmağa çalışır".

Arif Hacılı "siyasi xəstədir"

T.Abbaslı A.Hacılını "siyasi xəstə" olduğunu da bildirib. T.Abbaslının sözlərinə görə, kimdən xoşu gəlmirsə, onu özünə düşmən hesab edir. Təəssüf ki, uzun illərin onda yığılıb qalan anormal bir psixoloji prosesdir ki, o, yaşayır. Partiya indiki mühitdə rəsmən dağıdılır. Partiyada avtoritar bir rejim var: "Biz iqtidardan nəyi tələb ediriksə, o, bizdə yoxdur. Biz iqtidardan demokratiya tələb edir, amma bunu özümüzdə boğuruq. İqtidardan tələb edirik ki, seçki saxta olmasın, özümüzdə bunu tətbiq edirikmi? Çünki A.Hacılı belə istəyir. Əgər onlar onun yanında deyillərsə, əgər onlar onun dediklərini icra etmirlərsə, deməli, partiyadan qovulmalıdırlar".

Beləliklə, görünür, bu minvalla Müsavatda bir nəfər də olsun alternativ söz deyən qalmayacaq. Rəhbərliyin istədiyi odur ki, onlar qatığa "qara" deyəndə, hamı bir ağızdan "zil qaradır" söyləsin və bir kimsə də partiyadan qovulacağını göz altına alıb buna etiraz etməyəcək.

R.HÜSEYNOVA

Digər xəbərlər