KÖŞƏ YAZISI
Bu gün müxalifətin sosial bazası haqqında danışanda, çoxlarını ikrah hissi bürüyür. Çünki ümumən, ölkədə müxalifətin sosial bazası yox səviyyəsindədir, xüsusən də radikal müxalifətin. Bəs bunun səbəbləri nədir? Müxalifət bu barədə düşünübmü? Təbii ki, yox. Ancaq bunun da səbəbləri müxtəlifdir. Daha dəqiqi isə, görünən odur ki, müxalifətin öz ətrafında sosial baza toplaya bilməməsinin səbəblərini onların öz içərisində axtarmaq lazımdır. Məsələn, biz artıq 24 ildir ki, yazırıq - müxalifət partiyaları uzun illərdir, bir düşərgədə fəaliyyət göstərir. Bu müddət ərzində onlar ortaya normal bir fəaliyyət qoya bilmədikləri üçün, belə fəaliyyətin nəticəsi olaraq seçkilərdə dəfələrlə uduzublar. Ona görə də sosial bazalarını itirə-itirə gəlirlər. Özü də bir-birlərini qıra-qıra, düşmən elan edə-edə!
İnsanların gözlərinin işinə qədər yalan sırıyan "liderlər" seçkilərdən-seçkilərə bəyan edirlər ki, onların partiyalarına böyük axın var, lakin seçkilərdən sonra nəyi görürük? İttihamlar, haikimiyyətə qarşı böhtan və şər kampaniyaları. Hələ bir dəfə görmədik ki, özlərini müxalifətin nəninki "anası", hətta "atası" elan edənlər durub desinlər: GÜNAHKAR MƏNƏM! Heç görməyəcəyik də. Çünki belə "ana-atalar"da belə cürət mövcud deyil, qorxaqdırlar...
Əksinə, az-çox tanınan, üzdə olan simalar sürətlə partiyaları tərk edir. Belə vəziyyətin yaranması, təbii ki, onların öz fəaliyyəti ilə bağlıdır. Çünki müxalifət heç vaxt buraxdığı səhvləri müzakirə etməyib, indiyə qədər seçkiləri uduzmaq səbəblərini araşdırmayıb. İndiyə qədər müxalifətin tədbirlərinin böyük əksəriyyəti məhz partiyaların bir-birilə yarışması kimi yadda qalıb. Bu partiyalar uzun illərdir sanki öz aralarında yarışa giriblər. Çünki onların elə əsas məqsədi bir-birilə yarış aparmaqdır.
Fəqət, ölkədəki müxalif düşərgənin hamısını radikal hesab etmək olmaz. O da bəllidir ki, müxalif düşərgənin bir hissəsi konstruktiv müxalifəti təmsil edir. Belə ki, radikal müxalifətdən fərqli olaraq proseslərə daha real və praqmatik yanaşırlar. Söz yox ki, belə məqamda deha bir sual meydana çıxır: konstruktiv müxalifətin sosial dayaqları daha böyükdür, yoxsa radikal müxalifətin? İlk baxışdan demək mümkündür ki, radikallar seçkiləri uduza-uduza gəliblər. O cümlədən, ictimai-siyasi proseslərə təsir imkanları sıfır həddində olan radikal təmayüllülərdən xalq da imtina edib. Radikal müxalifətlə müqayisədə konstruktiv müxalifətin sosial dayaqları isə daha çoxdur. Onları isə radikallardan məhz bu kimi amillər fərqləndirir.
Halbuki insaf naminə deyə bilərik ki, əvvəlki dövrlərdə radikal müxalif düşərgənin sosial bazası daha böyük idi. Lakin bu gün konstruktiv müxalifətin sosial bazası ona görə böyükdür ki, onlar proseslərin gedişinə daha realist, praqmatik prizmadan yanaşırlar. Populist, ambisiyalı, reallığa uyğun olmayan vədlər vermirlər. İqtidarın yürütdüyü siyasəti kökündən inkar etmir, uğurları isə təqdir edirlər. Bu da, istər-istəməz, onların cəmiyyətdə özlərinə tərəfdar tapmalarına kömək edir. Yəni bu faktorları parlamentdə təmsil olunan konstruktiv müxalifət təmsilçilərinin mövqeyindən də sezmək mümkündür.
Ona görə də bu gün hakimiyyətə yersiz iftiralar atıb tənqid deyil, hətta düşmənçilik edən dağıdıcı müxalifət ən azından, vaxtilə onlarla bir olmuş insanlardan ibrət dərsi götürməlidir. Amma görünən budur ki, onların kimlərdənsə dərs almaq maraqları yoxdur. Elə isə uduzmaqlarında, rüsvay və biabır olmalarında davam etsinlər. Bizə də bu lazımdır...
RƏFİQƏ