Bununla bağlı AMİP və VHP-də ciddi böhran baş qaldırıb
Hazırda müxalifət düşərgəsinin demək olar ki, bütün cinahlarında ciddi ziddiyyətlər yaşanmağa başlayıb. İstər radikal təmayüllü, istərsə də loyal müxalifətdə baş verən ardıcıl olaylar və həmin olaylardan qaynaqlanan qarşıdurmalar da belə deməyə əsas verir. Düzdür, radikal müxalifət partiyaları arasında, eləcə də daxillərindəki problemlər daha qabarıq fonda nəzərə çarpır. Ancaq loyallar arasındakı ziddiyyətlər cəmiyyətə o qədər də açıqlanmır.
Etibar Məmmədov nə qədər bəyan etsə də ki, partiyanın işinə müdaxilə etmir, onun seçiminin Əli Orucov olduğu xəbərlər sırasındadır
Məsələn, artıq uzun müddətdir ki, Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) sədrsizlik dövrü davam edir. Yəni sədr Yusif Bağırzadə rəhbərlikdən istefa verdikdən sonra partiyanın qurultayı bir neçə dəfə təxirə salınıb və partiyanı idarə edən onun baş katibi Arzuxan Əlizadədir. Lakin bu gün AMİP-də qurultayın qısa zamanda keçirilməsini və sədrin seçilməsini istəyənlər də var ki, onlar çoxluq təşkil edirlər. Buna baxmayaraq, AMİP-in rayon təşkilatları toparlana bilməməklə yanaşı, artıq sədrin kim olacağı ilə bağlı ziddiyyətli xəbərlərlə üzləşirlər. Onların bir qismi partiyanın lideri Etibar Məmmədovun yenidən sədr olmasını istəsələr də, Məmmədov onların bu istəklərinin mümkünsüz olduğunu artıq bir neçə dəfədir ki, mətbuat vasitəsilə bəyan edib. Beləliklə, o, AMİP-də Etibar Məmmədov dövrünün bitdiyini bir daha vurğulamış olur.
Amma Etibar Məmmədovun tərəfdarları onun sədr seçilmək istəmədiyini öyrəndikdən sonra yenə də özü tərəfindən əsas namizədin irəli sürülməsini istəyirlər. Ancaq partiya lideri bu dəfə də onların istəklərinin mümkünsüz olduğunu bildirib. Etibar Məmmədov deyib ki, o, ümumiyyətlə, AMİP-in işinə qarışmır və seçim partiya üzvlərinin özlərinə qalıb.
Belə olan təqdirdə, özlərini sədr postunda görənlərdən ikisi – baş katib Arzuxan Əlizadə və milli istiqlalçıların mərkəzi şura üzvü Əli Orucov real rəqibə çevriliblər. Bu gün onların hər ikisinin tərəfdarları mövcuddur. Lakin AMİP daxilindən sızan məlumata görə əsas üstünlük Əli Orucovdadır. Belə ki, istər mətbuatda, istərsə də ictimai rəydə AMİP adından ən çox çıxış edən də özü olub. O cümlədən, Etibar Məmmədov nə qədər də bəyan etsə də ki, partiyanın işinə müdaxilə etmir, onun seçiminin Əli Orucov olduğu xəbərlər sırasındadır.
Amma Arzuxan Əlizadənin də sədrlik postu uğrunda mübarizədən rahatlıqla çəkiləcəyini istisna etmək olmaz. Bu baxmdan, AMİP-də sədrsizlik problemi çözülməmiş, artıq ikitirəliklər və qarşıdurmalara start verilməkdədir.
VHP-nin sədri postuna can atanlardan biri də Rafiq Manaflıdır
Bənzər hal sabiq millət vəkili Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) da davam edir. Ancaq bir az fərqli situasiyada. Belə ki, VHP də öz qurultayını keçirmək ərəfəsindədir və təşkilatın ali toplantısında sədr olmaq istəyənlərin kifayət qədər maraqları mövcuddur. Bunu VHP-nin ali məclisinin sədri Rafiq Manaflı da istisna etməyib. Sitat: "Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayında sədr Sabir Rüstəmxanlıya alternativ namizəd ola bilər. Bu, partiyanın qurultayında aydın olacaq".
Manaflının sözlərinə görə, partiyanın qurultayının payızda keçirilməsi planlaşdırılır. O, qurultayda partiya sədrliyinə namizədlərin, hələlik müəyyənləşmədiyini qeyd edərək, VHP rəhbərliyinin sədr Sabir Rüstəmxanlının namizədliyini yekdilliklə dəstəklədiyini vurğulayıb. Ancaq bunun ardınca, istisnalarını da etməyib: "Biz hesab edirik ki, Sabir Rüstəmxanlı hazırda partiyanın maraqlarını tam təmsil edir və onun əvəzləyəcək ikinci şəxs yoxdur. Ancaq yenə də sədrliyə alternativ namizədlərin olması mümkündür".
Məhz "sədrliyə allternativlərin olması mümkündür" ifadəsinin arxasında bir etirafın dayanması şübhəsizdir. Hətta deyə bilərik ki, bu gün VHP-nin sədri postuna can atanlardan biri də Rafiq Manaflıdır. Əgər nəzərə alsaq ki, bu gün ondan başqa funksionerlər də var, bu zaman Vətəndaş Həmrəyliyi Partiyasında da təmsil olunanların heç də bir-birləri ilə həmrəy olmaları inandırıcı görünmür.
Beləliklə, çalxalanan müxalifət növbəti dalğa ərəfəsindədir. Ancaq bu dalğanın düşərgəyə nə qədər böyük ziyan vuracağını isə hər halda zaman özü göstərəcək. Elə isə bizdən hadisələrin gedişatını gözləmək və nəticəni görmək qalır…
Rövşən RƏSULOV