PDF Oxu

Müxalifət

  • 2 322

"Ağ Blok"la Müsavat arasında qarşıdurma şiddətlənir

image

TƏRS BAXIŞ

Tərəflər ən sərt ifadələrlə ittihama keçdilər

Müsavat partiyasının sabiq divan üzvü Tural Abbaslının öz tərəfdarları ilə birgə partiya sıralarını tərk edərək, rəhbərlik etdiyi siyasi qurumu siyasi müstəviyə çıxaracağını bəyan etməsi qarşı tərəfi qıcıqlandırıb. Bir müddət öncə Tural Abbaslı "Ağ Blok"un "Ağ Partiya"ya çevirəcəyini bəyan edəndə də, Müsavat rəhbərliyi ona qarşı ittihamlarla çıxış etmişdi. Beləliklə, ilk baxışdan qənaətə gəlmək olar ki, Müsavat rəhbərliyinin qıcıqlanması məhz Tural Abbaslının atdığı addımlara görə narahatçılıq keçirmələri səbəbindəndir. Onlar "Ağ Blok"un siyasi arenada hər hansı bir uğur qazana bilməyəcəyini desələr də, daxillərində ondan ehtiyat etməyə başlayıblar. Çünki ortada digər məqam da var…

Niyə Müsavat rəhbərliyi "Ağ Blok" sədrinin fikirlərinə dərhal reaksiya verirlər" - Səxavət Soltanlı: "Tural Abbaslı siyasi cəhətdən intihar edib"

Tural Abbaslı dəfələrlə öz açıqlamalarında bildirib ki, başqa siyasi təşkilat yaratsa belə, orada müsavatçılıq ideologiyasından çıxış edəcək. Təbii ki, bu ideologiyanı özünə "siyasi xətt" kimi götürdüyünü bəyan edən Müsavat rəhbərliyi onların yolu ilə gedə biləcək ikinci bir təşkilatın yaranmasından çəkinirlər. Bu baxımdan, Abbaslının irəli sürdüyü istənilən fikirlərinə dərhal reaksiya verirlər. Bənzər hal növbəti dəfə də yaşanıb.

Bu dəfəki qarşıdurma Tural Abbaslı ilə Arif Hacılının müavini Səxavət Soltanlı arasında qarşıdurma yaşanıb. Sosial şəbəkə vasitəsilə cərəyan edən qarşıdurmada ilk söz alan Soltanlı deyib ki, siyasi fəaliyyət, partiya və blok ciddi anlayışlardır: "Düşünmürəm ki, hər qeyri-ciddi söhbətə, yeni lətifəyə mütləq münasibət bildirmək lazımdır. Siyasi cəhətdən intihar edən şəxslər haqqında isə, ümumiyyətlə, danışmaq doğru deyil".

Göründüyü kimi, Müsavat rəhbərliyi ilk gündən mövcud məsələyə tab gətirə bilmir və istər-istəməz reaksiya verməyə məcbur olur.

Tural Abbaslının da cavabları hazırdır: "Səxavət Soltanlı mənim müavinim olub…Hər şeyi zaman göstərəcək"

Ancaq Tural Abbaslı da həmin reaksiyaları cavabsız buraxmır. Səxavət Soltanlının fikirlərinə münasibət bildirən "Ağ Blok" sədri xatırladıb ki, bu gün onu ittiham edən şəxs vaxtilə müavini olub: "Mən Müsavat partiyasında Arif Hacılıdan savayı digər şəxslərin danışdıqları fikirlərə reaksiya verməyəcəyimi demişəm. Ən yaxşı halda Gülağa Aslanlıya cavab verə bilərəm. Bunlardan savayı Müsavat rəhbərliyində təmsil edilən şəxslərə nə reaksiya vermək, nə opponent olmaq, nə də söz davası aparmaq niyyətindəyəm. Nə istəyirlər desinlər, onların fikirləri bizim üçün maraqlı deyil. Hər şeyi zaman göstərəcək".

Bəlli olub ki, Tural Abbaslı, ümumiyyətlə, Səxavət Soltanlını ciddi şəxs kimi qəbul etmir. Hətta sətiraltı ifadələri ilə müavini olduğunu xatırlatmaqla, öz yerini bilməsinin vacibliyini çatdırır. Bununla, Tural Abbaslı özünü başqan Arif Hacılı, Müsavatın aparat rəhbəri Gülağa Aslanlı səviyyəsində olduğunu demək istəyir. Təbii ki, bu cür başlanan qarşıdurmaların getdikcə daha da şiddətlənməsi qaçınılmazdır. Çünki görünən cəhətlərdən biri də Tural Abbaslının ətrafında sivil düşüncəli müxalifətçilərin toparlanmasıdır. Daha dəqiq desək, başda "Ağ Blok"un sədri olmaqla, oradakıların hər biri Müsavatın radikalizm və avtoritar idarəçilik, o cümlədən, saxtakarlıq prinsipinə qarşı çıxanlardır.

Məhz bu amili də diqqətə alan Tural Abbaslı demək istəyir ki, onun fəaliyyəti Müsavatın əleyhinə olmasa da, radakılar onu bu cür qavrayırlar. Lakin buna baxmayaraq, o öz yolunu davam etdirəcəyini qeyd edir. Sitat: "Ümumiyyətlə, mən onlarla maraqlanmıram. Özünə müxalifət deyən, bu düşərgədə təmsil olunan heç bir struktur bizim hədəfimiz deyil. Əgər kimsə bizimlə mübarizə aparmaq istəyirsə, bu, onların öz işidir. Bizim hədəfimiz onlar deyil və belə niyyətimiz də yoxdur. Amma görürsünüz ki, onlar bizi hədəfə alır. Bu da onların işidir. Görünür, hakimiyyətlə mübarizə aparmaq onlar üçün çətindir. Odur ki, son 20 ildə olduğu kimi, mübarizəni müxalifət düşərgəsinə çəkmək istəyirlər. Məhz bunun nəticəsidir ki, hazırda onlar 200-300 nəfərlik mitinq təşkil etməyə çətinlik çəkirlər…Mənim Müsavatın rəhbərliyində olan şəxslərlə siyasi münasibətlərim sıfıra bərabərdir. İndən belə də bu cür olacaq. Onlar bizim barədə nə qədər istəyirlər danışsınlar".

Yenə də Məmmədəmin Rəsulzadədən siyasi məqsədlər üçün istifadə olundu: "Rəsulzadə sağ olsaydı və Arif Hacılının əleyhinə bir söz desəydi, inanın ki, Rəsulzadəni partiyadan qovardılar"

Blok rəhbəri sözlərini belə əsaslandırır ki, əgər Müsavat rəhbərliyi ona qarşı düşmən mövqeyi sərgiləməsəydi, bu gün onu dəstəkləyən, hətta blokuna üzv belə olmayan müsavatçıları oradan çıxarmazdılar. Abbaslı bu günlərdə qovulan müsavatçının hər şeyi açıqlayacağını da istisna etməyib: "Yəqin ki, Şamil Beydullayev bu haqda danışacaq. Bu şəxs həm də "Ağ Blok"da təmsil olunur. Onsuz da blok partiyaya çevriləndən sonra Şamil Müsavatdan istefa verəcəkdi. Bu fakt bir daha indiki partiya rəhbərliyinin siyasi xəttinin, demokratiyaya yanaşmanın göstəricisidir. Mən Müsavat rəhbərliyi haqqında fikrimi demişəm. Əgər bu gün Rəsulzadə sağ olsaydı və Arif Hacılının əleyhinə bir söz desəydi, inanın ki, Rəsulzadəni partiyadan qovardılar".

Nəticə etibarilə sözügedən məsələnin tamamilə aşkar şəkildə qarşıdurma həddinə qədər çatması göz önündədir. Bu amil isə yaxın günlərdə hər iki tərəfin daha kəskin və barışmaz mövqedə dayanacaqlarına şübhə doğurmur. Hər halda Səxavət Soltanlının bir kəlməsinə qarşı Tural Abbaslının bir neçə kəlmə ilə cavab verməsi də bu cür düşünməyə zəmin yaratmış olur.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər