SİYASİ RAKURS
"REAL" Alternativ Hərəkatı ənənəvi müxalifətə qarşı alternativ olur
Son zamanlar müxalifət düşərgəsində fəaliyyət göstərən hərəkat və birliklərin partiyaya çevrilmək iddiaları müşahidə olunmaqdadır. Əlbəttə ki, belə bir addımın atılmasının arxasında müəyyən səbəblərin dayanması şübhəsizdir. İlk səbəb isə ənənəvi düşərgədə fəaliyyət göstərən və ötən 23-24 ildə heç bir uğur qazanmayan partiyaların qarşısına daha real, daha sivil və daha ciddi müxalifət təşkilatların çıxması amildir. Sözsüz ki, demokratik bir ölkədə müxalifət partiyalarının fəaliyyəti lazımlı və vacibdir. Xüsusilə, ümummilli məsələlərdə həmin amil xüsusilə lazımlı olur. Çünki ənənəvi, uğursuz və köhnəlmiş müxalifət partiyaları bu kontekstdən çıxış etməyi bacarmamaqla yanaşı, ümummilli məsələlərdə, necə deyərlər, yaxalarını kənara çəkməklə yanaşı, şəxsi maraqlarına görə dövlətçilik maraqlarına qarşı addımlar atmaqdan da çəkinmirlər.
"REAL" daha uyğun müxalifətçilik trayektoriyası çərçivəsində fəaliyyət göstərməklə düşərgəyə yenilik gətirmək planını işləyib
Belə bir vəziyyətdə "hakimiyyətə iddialı müxalifətik" tipli bəyanatların verilməsi isə, sadəcə, boğazdan yuxarı deyilmiş sözlər kimi qiymətləndirilir. Əbəs yerə deyil ki, bu gün ənənəvi müxalifət partiyalarının əksər çoxluğunun sıralarını tərk edən şəxslər yeni birliklər formatına daxil olur, hərəkatlar, partiyalar yaradır, sonda isə siyasi partiya şəklində fəaliyyətə başlayırlar.
Belə təşkilatlardan biri də "REAL" Alternativ Hərəkatıdır ki, bu qurumun da partiyaya çevriləcəyi barədə söz-söhbətlər dolaşmaqdadır. Ancaq qurumun rəhbərliyi tərəfindən verilən bəyanatlardan da görünən budur ki, "REAL" partiyaya çevrilərsə, ilk növbədə ənənəvi müxalifətə qarşı real alternativliyini qoyacaq. Təşkilatın aparıcı funksioneri və sözcüzü Natiq Cəfərli mətbuata açıqlamasında bildirmişdi ki, təmsil olunduğu qurum müxalifətin heç bir birliyinə daxil olmaq niyyətində deyil və müxalifliyini tək şəkildə davam erdirəcək. Məhz bu da belə deməyə əsas verir ki, "REAL" daha uyğun müxalifətçilik trayektoriyası çərçivəsində fəaliyyət göstərməklə düşərgəyə yenilik gətirmək planını işləyib.
"REAL"-ın hərəkatdan partiyaya çevrilməsi siqnalının verilməsi ənənəvi düşərgəni narahat edə bilər
Təşkilatın idarə heyətinin üzvü Azər Qasımlı isə müxalif düşüncəli insanların fikirlərini öyrənməkdən ötrü sosial şəbəkədə sorğu keçirdiyini bildirib. Sorğunun nəticələrinə görə, onların tərəfdarları hərəkatın partiyaya çevrilməsini və bu vasitə ilə ənənəvi müxalifətə yeni müxalifətçilik prinsipinin necə olmasını sübut etməyi məsləhət götüb.
Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşərdi ki, "REAL"-ın sədri İlqar Məmmədov üç il öncəki İsmayıllı hadisələrindən sonra Müsavat partiyasının tələsinə düşərək, olaylarda qanunsuzluqlar törətmiş, buna görə də həbsə düşmüşdü. Çox yəqin ki, indi o, necə səhv addım atdığının fərqinə varmağa başlayıb. Hətta bu gün onun həbsindən bir neçə il ötməsinə baxmayaraq, ənənəvi müxalifət düşərgəsinin "liderləri" adi sözlə belə onu müdafiə etmirlər. Əksinə, "REAL"-ın alternativliyindən çəkinərək, bu quruma qarşı sədlər çəkməyə çalışırlar. Əbəs yerə deyil ki, Azər Qasımlı "REAL"-ın sədri İlqar Məmmədovun həbsə olunmasından sonra müxalifət düşərgəsindən heç bir siyasi dəstək görülmədiyini bildirib. Bu isə onun həbsdən çıxmasından sonra AXCP, Müsavat, ADP, "Ümid" və s. bənzər fəaliyyətli partiyalarla birgə yol getməyəcəyini indidən sübut edir. Beləliklə, "REAL"-ın hərəkatdan partiyaya çevrilməsi siqnalının verilməsi ənənəvi düşərgəni narahat edə bilər. Çünki onunla yanaşı, Qubad İbadoğlunun sədri olduğu ADR, Tural Abbaslının rəhbəri olduğu "Ağ Blok", Razi Nurullayevin sədri olduğu AXCP kimi təşkilatlar da artıq öz sözlərini deməkdədirlər.
Rövşən RƏSULOV