PDF Oxu

Müxalifət

  • 9 822

Arif Hacılı avtoritar və saxtakar "lider" kimi qiymətləndirilməlidir

image

TƏRS BAXIŞ

Onlarla müsavatçı məhz bu cür düşünür

Müsavat partiyasının məlum qalmaqallı qurultayından sonra partiya timsalında cərəyan edən qarşıdurmalar və ziddiyyətlər səngimir. Maraqlı məqamlardan biri də budur ki, təşkilatın rəhbəri Arif Hacılı ona qarşı çıxan istənilən müsavatçını partiyadan uzaqlaşdırmaqla işi bitmiş hesab edir. Ancaq bu, vəziyyətin daha da gərginləşməsinə səbəb olur. O cümlədən, Müsavatdaxili rəydə belə bir fikir formalaşmağa başlayıb ki, Hacılı qurultayda qəsb etdiyi başqanlıq postunu hər vəchlə əlində saxlamağa çalışaraq, hətta avtoritar üsullardan belə istifadə etməkdən çəkinmir. Bu baxımdan, səsini ucaldanların partiyadan qovulmalarını görən digər müsavatçılar uzun illər partiyaya göstərdikləri xidmətlərini itirməməkdən ötrü hələ ki, "susmaq qızıldır" prisnipindən istifadə edirlər. Ancaq bu cür düşünənlərdən fərqli olaraq, səslərini ucaldanlar da var ki, onlar Arif Hacılı faktorunu Müsavatda qəbul etmədiklərini dəfələrlə bəyan etməklə yanaşı, buna görə təşkilat sıralarından çıxarılmalarını haqsız qərar hesab edərək, ədaləti məhkəmələr yolu ilə bərpa etmək istəyindədirlər.

Partiyadan çıxarılanlar öz mübarizələrini daha da aktivləşdiriblər

Məsələn, ötən həftə daha bir müsavatçı gəncin təşkilat sıralarından çıxarılması Hacılı avtoritarçılığının növbəti bariz nümunəsi kimi qiymətləndirilə bilər. Bəlli olduğu kimi, Şamil Beydullayev adlı müsavatçı partiya başqanı Arif Hacılını sosial şəbəkədə kəskin şəkildə tənqid edərək, onun atdığı addımlarını ərəb diktatorlarının addımları ilə müqayisə edib. O, "facebook" səhifəsində Arif Hacılının şəklini ərəb diktatorlarının şəkilləri ilə montaj edib və bunu paylaşaraq, öz etirazını bildirib. Müsavatçı gəncin həmin hərəkətindən sonra başqan dərhal onu partiyadan çıxarılması barədə qərar verib. Ancaq Şamil Beydullayev Arif Hacılının məlum qərarından sonra öz mübarizəsini daha da aktivləşdirib. İlk növbədə, o öz hüquqlarını bərpa etməkdən ötrü Müsavat partiyasının rəhbərliyini məhkəməyə verəcəyini bəyan edib. Eyni zamanda bildirib ki, Arif Hacılı Müsavat başqanı seçildikdən sonra öz rəqiblərini təşkilatdan çıxarmaqla işitini başa çatmış hesab etmir. Əksinə, onlara böhtanlar da atdırır.

Şamil Beydullayevin iddiası - Arif Hacılı saxta bəyanatlar verir, partiya biletlərini sataraq Avropaya saxta yollarla mühacir göndərir, Müsavatı biznes məkanına çevirir: "O, bir gün də siyasətdə qalmamalıdır"

Əlbəttə, buna demokratik idarəçilik demək olmaz. Beydullayevin fikrincə, bu, birbaşa repressiv addımlar kimi qiymətləndirilməlidir: "O, tək mənə qarşı yox, bir çox partiya üzvlərinə, ən çox da gənclərə qarşı repressiyya siyasəti yürüdür. Arif Hacılının yürütdüyü siyasət müsavatçılıq prinsplərinə və əqidəsinə ziddir. Onun apardığı siyasət Rəsulzadənin ruhunu incidir. Əgər Arif Hacılı "facebook"da onu tənqid edən insanlara qarşı bu qədər dözümsüz yanaşırsa və onu tənqid edən hər kəsi partiyadan çıxartdırırsa, bu, onu göstərir ki, hökumətin apardığı siyasəti tənqid etməsinin əhəmiyyəti yoxdur".

Beləliklə, daha öncə çıxarılanlarla Şamil Beydullayevin arasında elə bir ciddi fərq qalmır. Yəni onların hər biri qovulduqdan sonra Hacılını və onun partiyadaxili klanını mövcud ittiham atəşinə tuturlar. Ona görə də partiyadan çıxarılanların ona dəstək verəcəklərini hesab edən sabiq müsavatçı gənc öz fikirlərini daha kəskin formada ictimailəşdirir. Məsələn, o, daha sonra qeyd edir ki, bəzən "facebook"da yazdığı yazılara görə, kimlərsə təzyiqə məruz qalır və s.: "Arif Hacılı başqan seçildikdən bu günə kimi partiyada dağıdıcılıq siyasəti yürüdür. Keçirilən mitinqlərə 200-300 nəfəri güclə toplayırlar, bu da Arif Hacılının Müsavatı zəiflətməsini göstərir. Arif Hacılı Müsavatı ancaq öz maraqlarına xidmət elətdirir. Onun gördüyü işlər yalnız saxta bəyanat vermək, partiya bileti sataraq Avropaya saxta yollarla mühacir göndərmək, partiyanı şəxsi biznesi kimi istifadə etməkdir. Mənim partiyadan çıxarılmağım tam qanunsuzdur. Partiyanı qanuni, qeyri-demokratik yollarla idarə edənlər elə bilirlər ki, bu qisasçılıq siyasəti onlara uğur gətirir. Amma xalq bu siyasəti görür və artıq inamı qalmayıb. Xalq güvənmirsə, onlar bir gün də siyasətdə qalmamalıdırlar".

Göründüyü kimi, Arif Hacılı yalnız avtoritar, repressiv və diktaturaçılıqda ittiham edilmir. Ona qarşı irəli sürülən daha bir suçlama Hacılının Müsavatı qeyri-qanuni biznes məkanına çevirməsidir. Demək, bu adam və ətrafı müəyyən şəxslərə xaricdə sığınacaq almaları üçün partiya vəsiqələri satır, guya həmin insanların uzun illər Müsavat partiyasının üzvü olduqlarını sübut etmək üçün həmin sənədlərə öz imzasını atır. Bu adamlar isə partiya vəsiqələrini alar-almaz Avropa və Qərb ölkələrinə gedərək, guya müxalifət partiyasının üzvü olduqlarına görə hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldıqlarını iddia edirlər. Təbii ki, bu cür iyrənc vasitələrlə siyasi partiyaya başqanlıq etməyə belə bir ad vermək olar - siyasi dələduzluq, saxtakarlıq və dövlət maraqlarına qarşı xəyanətkarlıq. Bu səbəbdən, partiyadan qovulan müsavatçı hüquqları uğrunda ədalətli məhkəmə vasitəsilə mübarizə aparacağını vurğulayır.

Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, Şamil Beydullayev həm də sabiq müsavatçı, partiyanın keçmiş divan üzvü və başqanlığa namizədliyini irəli sürmüş Tural Abbaslının tərəfdarıdır. Müsavat rəhbərliyi isə onu Abbaslının rəhbəri olduğu "Ağ Blok"un üzvü olduğunu əsas gətirərək, nizamnaməyə zidd hərəkət etdiyini iddia edir.

Rövşən Dəmirlinin iddiası - Arif Hacılının vəkili Osman Kazımov iddiaçıların ittihamlalrı qarşısına arqument qoya bilmir: "Ancaq sosial şəbəkədə söz yığını yazmaqla məşğuldur"

Arif Hacılı yalnız bu tərəfdən məhkəməyə verilməyib. Belə ki, daha bir anti-Hacılı təşkilatına çevrilmiş Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı da Müsavatla məhkəmə çəkişməsindədir. Məsələ ondadır ki, Binəqədi Rayon Məhkəməsində "Müsavatçıların hüquqlarını Müdafiə Komitəsi" üzvlərinin Müsavat partiyasına olan şikayəti üzrə məhkəmə prosesi artıq bir müddətdir ki, start götürüb. Düzdür, hələlik proses müəyyən səbəblərə görə təxirə salınsa da, iş icraatdadır. Məhz burada da Müsavatdan uzaqlaşdırılan bir qrup narazı şəxs partiyanın sonuncu - VIII qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Qaldırılan iddiada qurultaydan qabaq və sonra bir sıra pozuntuların baş verdiyi qeyd olunub və məhkəmədən nəticələrin ləğvi, yenidən qurultay çağırılması tələb edilib. Sözügedən iddia ərizəsini Müsavatın qadınlar birliyinin sabiq sədri Ellada Məmmədli, partiyanın sabiq funksioneri Əlövsət Sadıqlı, təşkilatın Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının əvvəlki sədri Rüfət Əliyev və daha onlarla sabiq müsavatçı imzalayıblar. Onların bir çoxu hazırda partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun ADR hərəkatında təmsil olunurlar.

ADR hərəkatının üzvü Rövşən Dəmirli öncə keçirilmiş məhkəmə iclaslarında Müsavatın vəkili rolunda çıxış edən və Arif Hacılının yaxın ətraflarından biri kimi tanınan Osman Kazımovu ittiham edib. Sabiq Müsavat funksioneri bildirib ki, Osman Kazımov vəkil kimi iddiaçıların ittihamları qarşısına arqument qoya bilmir: "O, məhkəmədə ancaq söz atmaqla məşğuldur, iclasa bom-boş, əlində hər hansı sənəd olmadan gəlir. Deyir ki, növbəti qurultaya qədər məsələ uzanacaq, o vaxtadək yeni başqan olacaq və s. Əlində arqument yoxdur desin ki, qaldırdığınız iddialar doğru deyil, onun müdafiə xarakterli çıxışı yoxdur. Ancaq sosial şəbəkədə söz yığını yazmaqla məşğuldur. Bizim əlimizdə konkret dəlillər var, hətta qurultayda olan saxtakarlıqla bağlı videomaterial təqdim etmişik, artıq məhkəmədə videobaxış da keçirilib. Biz növbəti sənədin təqdim olunması ilə əlaqədar məsələ qaldıracağıq. Qeydiyyatdan keçən qurultay nümayəndələri ilə bağlı sənədin təqdim edilməsini tələb edəcəyik".

Beləliklə, sözügedən məsələnin heç bir gizli məqamı qalmayıb. Sadəcə, ortada olan danılmaz faktları heç cür qəbul etmək istəməyən Arif Hacılı dalana dirənildiyinin fərqinə varmaq istəmir. Bu faktor isə, əslində onun vəziyyətini daha da çətinləşdirir. Çünki belə davam edərsə, Müsavat sıralarında ondan və klanından başqa kimsənin qala biləcəyini ehtimal etmək olmaz. Bütün hallarda isə son sözü məhkəmə deyəcək.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər