PDF Oxu

Müxalifət

  • 16 692

Cəmiyyət Əli Kərimlidən imtina edir

image

AXCP sədrinin xəyanətkar fəaliyyəti bunu deməyə əsas verir

Azərbaycan müxalifətində son 23 ildə formalaşmış bir ənənə mövcuddur. Siyasi partiyalar "liderləri" ilə tanınır. Partiyası ilə tanınan müxalif "lider" isə, ümumiyyətlə yoxdur. Siyasi müstəvidə fəaliyyət göstərən partiyaların böyüyüb-bölünməsi prosesində əsas rol oynayan isə ideoloji prinsiplər deyil, azsaylı narazı qrupların liderlik ambisiyaları olub. Bu mənfi tendensiyaların inkişafında dağıdıcı rolu ilə yadda qalan AXCP sədri Əli Kərimlinin odioz fiqurası politoloqların daim diqqət mərkəzində olub.

Əli Kərimlinin tərcümeyi-halının ləkəli məqamları...

Əli Kərimlinin tərcümeyi-halının ləkəli məqamları saysız-hesabsızdır. Ən vacib məqam isə onun siyasətdə xəyanətkar imicinə malik olmasıdır. Əslində, Ə.Kərimli bu imici qazanana qədər xeyli "əziyyət çəkib". Bura AXCP-nin parçalanmasından tutmuş, müxalifətdaxili birliyin əridilməsinə kimi o qədər "xidmətlər" daxil edilib ki, artıq özünə hörmət qoyan heç bir siyasətçi onunla bir yerdə qərar tutmaq istəmir. Əli Kərimli Əbülfəz Elçibəyə xəyanət edəndə, çoxları sadəlövhliklə onun bu qədər aşağı səviyyəyə enəcəyinə inanmırdılar. Baxmayaraq ki, Ə.Kərimli, hətta ən çirkin üsullara əl ataraq öz liderinin səhhətindəki problemləri mətbuatda lağa qoymuşdu. Özünə yaxın mətbuat orqanlarına Elçibəylə bağlı kompromatlar ötürən Kərimli, hətta Elçibəyi gözdən salmaq, onun haqqında böhtan kampaniyası aparmaq üçün xarici fondlardan külli miqdarda pul almışdı. Hələ 2000-ci ildə AXCP və Müsavat arasında parlament seçkiləri ərəfəsində yaradılan siyasi blok yenə də məhz Əli Kərimlinin "sayıqlığı" nəticəsində iflasa uğradı. Hətta AXCP sədri Müsavatın parlamentdə təmsil olunmayacağı ilə bağlı bu partiyadan təminat aldıqdan və bunu mətbuatda gündəmə gətirdikdən sonra özü Milli Məclis iclaslarında boy göstərdi. 2003, 2008, 2010 və 2015-ci il seçkiləri dövründə yaranmış blokların ömrünün qısa olmasını da blokda təmsil olunan digər partiya rəhbərləri Əli Kərimlinin ayağına yazırlar. Göründüyü kimi, Əli Kərimlinin siyasi fəaliyyəti və müxalifətçiliyi yalnız xəyanət üzərində qurulub. Onun Azərbaycan xalqına xəyanətlərini isə sadalamağa başlasaq, bir yazı yetməyəcək. Təkcə ermənilərlə və bir sıra digər ölkələrin xüsusi xidmət orqanları ilə qurduğu işbirliklərini qeyd etmək bu məqamda yetərlidir. Əli Kərimlini tanıyanlar heç vaxt onun haqqında xoş sözlər söyləməyiblər. Əksinə, müxtəlif insanlar onun fəaliyyətinin qaranlıq məqamları haqqında fərqli fikirlər səsləndiriblər. Məsələn, bir müddət öncə Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyev 2005-ci ildə "Azadlıq" qəzetinə yardım məqsədi ilə Əli Kərimliyə pul verdiyini söyləyib. Sonradan isə bu puldan qəzetə bir qəpik də verilmədiyi bəlli olub. Belə ki, S.Allahverdiyevin qəzetin borclarının ödənilməsi, işçilərin maaşlarının verilməsi üçün ayırdığı məbləğ Ə.Kərimli tərəfindən mənimsənilib. Maraqlıdır ki, iş adamının bu açıqlamasından sonra gedən müzakirələrdən məlum oldu ki, bu, Əli Kərimlinin ilk mənimsəmə işi deyilmiş. Buna qədər o, bu sahədə çoxlu "qəhrəmanlıqlar" edibmiş.

Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib ki, dürüstlükdən, ləyaqətdən, vətəni sevməkdən, guya xalqın marağının təəssübünü çəkməkdən danışan Ə.Kərimlinin arxa planda elə dələduzluqları var ki, aşkara çıxdıqca cəmiyyət özü heyrətə gələcək ki, bu adamlar hansı üzlə başqalarına böhtan atır, irad bildirirlər, hətta tənqid edirlər? "Ona görə də, məncə, bu, çox ciddi informasiyadır və tam məsuliyyətimlə deyirəm ki, həqiqətə uyğundur. Bu mətbəxdə belə olay çox adi bir şeydir. O vaxtlar Xalq Cəbhəsinin də vəsaitlərinin bu cür dağıdılması, çirkin əməllərin baş verməsi göz qabağındaydı".

İskəndər Həmidov: "Satqınlıq və xəyanətkarlıqla yanaşı fərarilik də Əli Kərimlinin boynuna biçilib"

Azərbaycan Milli Demokrat Partiyasının sədri İskəndər Həmidov isə

Əli Kərimlinin tərcümeyi-halına fərarilik faktorunu da əlavə edib. Bildirib ki, satqınlıq, xəyanətkarlıq və fərarilik AXCP sədrinin boyuna biçilmiş həyat yoludur: "Özünü Azərbaycan cəmiyyətinə siyasətçi kimi sırımaq, qorxmaz lider kimi tanıtmaq istəyən bu adamın adı gələndə gözlər önündə və təsəvvürlərdə qorxaq, satqın, xəyanətkar və bir də fərari obrazı canlanır. Çünki Əli Kərimlinin qazandığı bu adlar Əli Kərimlinin boynuna biçilib. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində baş verən hadisələr, bu adamın həmin hadisələrdə iştirakı və hərəkətləri onun əsl mahiyyətini ortaya qoyur".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə hesab edir ki, əslində Azərbaycanda satqın dedikdə, birinci olaraq, Əli Kərimli yada düşür: "Onu da qeyd edim ki, bu gün Əli Kərimlinin "satılmamasını" iddia edən tərəflərin bu cür danışmağa mənəvi haqqları yoxdur. Çünki xəyanət və satqınlıq dedikdə ilk olaraq, təsəvvürlərdə məhz Əli Kərimlinin obrazı canlanır. Ə.Kərimlini satqınlığına görə pioner Pavlik Morozovla müqayisə etmək olar. Peşəkar donosçu olan Ə.Kərimlinin bu "ixtisasa" hələ komsomol olduğu dönəmlərdən, bəlkə də prototipi P.Morozov kimi pioner qalstuku daşıdığı vaxtlardan yiyələndiyi şübhə doğurmur".

Təbii ki, bu faktlar Əli Kərimlinin bir "şəxsiyyət" kimi yetkin olmadığını, onun xarakter cəhətdən çox ciddi problemlər yaşadığını göstərir. Yəqin ki, bu faktların əlavə şərhə ehtiyacı yoxdur... Çünki Azərbaycan müxalifətinin təhqiramiz "siması" məhz Əli Kərimlidir!

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər