Təhmasib Novruzov: "Hər zaman İsa Qəmbərlə Əli Kərimlinin qarşıdurması olub və bundan sonra da olacaqdır"
Müsahibimiz Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzovdur
- Təhmasib müəllim, müxalifət düşərgəsində müəyyən şəxslər böyük hay-küylə siysi proseslərə qatılır, fəallıq göstərir və qəflətən də proseslərdən çəkilirlər. Bunun səbəbi nədir?
- Bunun başlıca səbəbi siyasətdə hələ də normal müxalifət mövqeyinin olmamasıdır. Digər tərəfdən isə müxalifət təmsilçilərinin özlərinin şəxsi ambisiyaları o qədər güclüdür ki, o şəxsi ambisiya da istər-istəməz az bir vaxta onları nüfuzdan salır. Yəni tərəf-müqabil olanlar və birgə fəaliyyət göstərmək istəyənlər getdikcə bir-birinin çirkinlikdən ibarət olan iç üzlərini görəndən sonra ayrılmağa qərar verirlər. Bu da həmin şəxslərin müəyyən vaxdan sonra fəaliyyətlərinin sona çatmasına gətirib çıxarır.
- Eldar Namazov, Rüstəm İbrahimbəyov və bu kimi şəxslər də az qala müxalifətin liderinə çevrilmişdilər. Demək olarmı ki, onları yetişdirən bəzi xarici qüvvələr olmuşdur? Onları yetişdirənlər də onların sıradan çıxmasına təkan oldular.
- Bəzən bu kimi şəxsləri İsa Qəmbərin, Əli Kərimlinin yetişdirdiyini də iddia edirlər. Amma mən İ.Qəmbərin və Ə.Kərimlinin kimlərisə yetişdirdiyini deməzdim. Ümumiyyətlə, İ.Qəmbər və Ə.Kərimlinin kimi isə yetişdirməyə belə qabiliyyətləri yoxdur. Sadəcə olaraq, müəyyən məqamlarda bəzi xarici qüvvələrin sifarişi əsasında Eldar Namazov və Rüstəm İbrahimbəyov kimi şəxsləri irəli veriblər. Lakin bu şəxslərin bir az onlardan irəli getdiklərini gördükdə, fəaliyyətlərini həmin şəxsləri sıradan çıxartmağa yönəldirlər.
- Müxalifətin təşkilatlana bilməməsinin səbəbini daha çox İsa Qəmər və Əli Kərimli qarşıdurması ilə əlaqələndirirlər. Bu mülahizənin bir əsası varmı?
- Hər zaman İsa Qəmbərlə Əli Kərimlinin qarşıdurması olub və bundan sonra da olacaqdır. Ona görə ki, onların hər birinin istəyi yalnız özlərinin mənafeyinin təmin olunmasına aiddir. Yəni ümumi cəmiyyətin inkişafına onlar tərəfindən hansısa bir fikir birliyi yaranaraq formalaşmır. Bir sözlə, İsa Qəmbər və Əli Kərimli bir-birlərinə güzəştə gedə bilmədiklərinə görə, fəaliyyətləri də əhəmiyyətsiz xarakter alıb. Müxalifətin formalaşa bilməməsinin səbəbi isə müxalifət düşərgəsində təmsil olunan partiyaların bir-birinə qarşı olan düşmən münasibətidir. Müxalifət düşərgəsində fəaliyyət göstərən partiya rəhbərlərinin bir-birlərinə qarşı olan düşmən münasibətinin nəticəsidir ki, partiyalar çıxılmaz bir vəziyyətə düşərək parçalanma ilə üzləşiblər. Qopmaların bir səbəbi də partiya sədrlərinin düşünülməmiş səhv siyasət yeritmələridir. Açıq şəkildə demək olar ki, müxalifət partiyalarına rəhbərlik edən şəxslər partiyalarını öz şəxsi maraqları ətrafında formalaşdırıblar. Uzun illər ərzində müxalifət təmsilçiləri siyasi arenada heç nəyə qadir olmadıqlarını sübut ediblər. Çünki uzun illərdir ki, müxalifət partiya rəhbərləri irəliyə doğru heç bir addım atmayıblar. Bundan sonra da heç nəyə nail ola bilməyəcəklər. Həmin şəxslər də çox gözəl bilirlər ki, özlərinin heç bir siyasi gücü yoxdur ki, nə isə edə bilsinlər.
GÜLYANƏ