Başqan müavini hərəkat sədrini riyakar adlandırdı, qarşı tərəf də susmadı
Son günlər müxalifət düşərgəsində ən çox gərginlik Müsavat partiyası ilə ADR arasında davam etməkdədir. Belə ki, Müsavat partiyasının sonuncu qurultayında baş verən saxtakarlıqlardan sonra təşkilat sıralarını tərk edən müsavatçıların sonradan başqanlığa eks-namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatına kütləvi şəkildə üzv yazılması (ADR) hər iki cinahı bir-birinə qarşı barışmaz düşmənə çevirib. Səbəb də Müsavat partiyasının sonuncu qurultayının nəticələrinin ləğvi tələbi ilə ADR-in bir qrup üzvü hələ də öz iddialarından geri çəkilməyəcəklərini bəyan edirlər.
Qubad İbadoğlu: "Müsavatın hazırkı rəhbərliyinə ən böyük divanı tarix tutacaq"
Qubad İbadoğlu qeyri-legitim hesab etdiyi Müsavat rəhbərliyinin ADR-lə qarşıdurmasını hakimiyyətə xidmət (?) etmək kimi qiymətləndirir, hətta zamanı çatanda tarixin onlara divan tutacağını da iddia edir: "ADR Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən, Müsavatı məhkəməyə verməyib. Biz gələcəyə baxırıq, amalımız demokratik, azad və müstəqil Azərbaycandır. Çox təəssüf ki, hazırkı rəhbərlikdə təmsil olunan Müsavat partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə, bizim mübarizəmizin vizyonundan kənardadır".
Q.İbadoğlu bildirib ki, Müsavat partiyası təmsilçilərinin məhkəmədə və mətbuatda bu məhkəməni ADR Hərəkatı ilə bağlamaq cəhdləri həqiqi müsavatçıların partiyadan kənarlaşdırılmasına, partiyadaxili demokratiyanın pozulmasına yanlış hüquqi və siyasi don geyindirmək cəhdinin təzahürüdür. Onun sözlərinə görə, ADR Hərəkatının rəhbərliyi müxtəlif partiyaları təmsil edən üzvlərinin şəxsi qərarlarına hörmətlə yanaşır və belə məsələlərə qarışımır: "Mənim şəxsi mövqeyimə gəlincə, Müsavatın hazırkı qeyri-legitim rəhbərliyi ilə mübarizənin hakimiyyətin nəzarətində olan müstəvidə aparılmasını məqbul hesab etmirəm, inanıram ki, vaxt gələcək, onlara ən böyük divanı tarix quracaq. Unutmayın ki, keçmişlə uğraşanın gələcəyi olmaz! Şərəfli keçmişi olan Müsavat dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır!"
Müsvat baqşanının sabiq müavini, hazırda ADR hərəkatı sədrinin müavini, Vurğun Əyyub da İbadoğlunun fikirlərinə dəstək verərək deyib ki, bu gün Müsavat rəhbərliyini məhkəməyə verənlər, əslində illərlə Müsavat partiyasında can qoymuş, əmək sərf etmiş insanlardır: "Onlar haqsızlığa qarşı çıxırlar! Haqlarını tələb edirlər ".
Vurğun Əyyub da hesab edir ki, Müsavat rəhbərliyi bunu ADR-Müsavat qarşıdurması kimi qəbu edirsə, kökündən yanılır.
Əlövsət Sadıqlı: "İsa Qəmbər və Arif Hacılı Müsavatın tarixinə saxtakarlıq damğasını vuran satqınlardır"
Müsavat partiyasının keçmiş üzvü Əlövsət Sadıqlı bildirib ki, İsa Qəmbərlə Arif Hacılının şəxsi mənafelərini partiya və ümummilli maraqlardan üstün tutması problemin partiya daxilində həll edilməsinə imkan vermədi: "Düşündüm ki, bəlkə, bu adamlar ictimai qınaqdan çəkinib, etdikləri saxtakarlıqların mənfi nəticələrinin aradan qaldırılması istiqamətində təşəbbüs göstərərlər. Ancaq inanmıram ki, bu satqınlarda həya olsun. Çünki Müsavatın tarixinə saxtakarlıq damğasını vuran şəxslər öz hərəkətləri ilə demokratik prinsiplərdən uzaq olduqlarını dəfələrlə təsdiq ediblər və İsa Qəmbər, Arif Hacılı və onların ətrafında olan bir qrup qaragüruhçu dəstə doğru yolu seçmək, etdiklərindən peşman olmaq, Müsavatın üzərinə yaxdıqları qara ləkəni təmizləmək əvəzinə, partiyada saxtakarlığa qarşı çıxan namuslu adamlara satqın damğası vurmaq və onları partiyadan qovmaq yolunu tutublar".
Göründüyü kimi, ADR ilə Müsavatın arasında baş verən gərginlik artıq bu qarşıdurmanın daha geniş əhatə dairəsinə doğru inkişaf etdiyini deyə bilərik. Ancaq reallıq isə, müxalifətin parçalanma, dağılma və siyasi böhran burulğanında məhv olması faktorudur.
R.HÜSEYNOVA