SİYASİ RAKURS
Və ya radikal müxalifət mənsubları sabiq səhiyyə nazirini niyə "lider" təyin etmək fikrindədirlər?
Sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasına bir neçə ay qalmış radikal müxalifət mənsubları mətbuata və sosial şəbəkələrə çıxaraq, onun təbliğatı ilə məşğul olmağa başlayıblar. İlk baxışdan burada təəccüblü hər hansı bir amilin olmadığını demək olardı. Ancaq sözügedən çərçivədə müəyyən məsələlərin təhlilini apardıqdan sonra ortaya olduqca vacib mənzərə çıxmış olur. Məsələn, sual olunur ki, Əli İnsanov radikal müxalifətin nəyə görə və hansı maraqlarını təmin etməyə başlayıb? Yaxud onun "lider" qismində elan olunmasının arxasında daha hansı sifarişlər dayanır? Eləcə də sabiq səhiyyə nazirinin məhkəmələrdəki aşırı radikal çıxışları zamanı onun hakimiyyətə, dövlət nümayəndələrinə qarşı götürülən hansı öhdəliklər müqabilində müxalifət mətbuatında işıq üzü görməyə başlayıb? Ümumilikdə, bu sualların sayını artırmaq da mümkündür. Ancaq hələlik, mövcud sualların təhlillərini aparmaqla müəyyən nəticəyə gəlmək olar.
Əsas faktorlardan biri maliyyə qaynağıdır
Təbii ki, radikalların radikallıq prizmasından çıxış etmələri arxasında dayanan əsas faktorlardan biri maliyyədir və bu, kimsədə şübhə doğurmur. İstər xarici donorlar vasitəsilə, istərsə də baqşa vasitələrlə maliyyə qaynaqlarını müəyyənləşdirən radikal təmayüllülər müxalifətçiliklərini pula satmaqla məşğul olurlar. Daha dəqiqi, onlara verilən sifarişləri "keyfiyyətlə" yerinə yetirməkdən ötrü sözdə "müxalifətçi" olub, yaratdıqları teatr səhnəsində bu rolun ifaçısına çevrilirlər. Belə bir məqamda isə "yenilik" edən radikallar Əli İnsanovu "ağ atlı oğlan" kimi ortaya atıb, "xilas" olacaqlarını hesab edirlər.
Eks-spiker "möhtəşəm qayıdışı" üçün xərclədiyi on minlərlə pul-parasının qəbzini istəsə də, Əli Kərimli onu verə bilmədi
Halbuki belə bir oyun bir dəfə ölkəmizdə parlamentin sabiq sədri Rəsul Quliyev timsalında oynanılmışdı, ancaq istənilən effekt və nəticə hasil edilməmişdi. 2005-ci ilin parlament seçkiləri ərəfəsində onun ADP sədri kimi təbliğata girişməsi, buradakı müxalifət mənsublarının isə Quliyevin gələcəyi təqdirdə, onu "lider" kimi qəbul edəcəkləri barədə fikirləri ictimai rəyi də çaşdırmışdı. Hətta buna inananlar da tapılmışdı. Ancaq göründüyü kimi, nə Rəsul Quliyev gəldi, nə də müxalifət dəyişdi. Ortada isə yeni hərc-mərcliklərə start verildi. Eks-spiker "möhtəşəm qayıdışı" üçün xərclədiyi on minlərlə pul-parasının qəbzini istəsə də, bu gün məhz Əli İnsanovu "lider" etmək istəyən Əli Kərimli kimiləri həmin qəbzi ona verə bilmədilər. Beləliklə, sonrakı prosesləri ictimai-siyasi hadisələri yaxşı bilənlər xatırlayır. Yəni Rəsul Quliyev hazırkı məqamda əlinə düşən hər bir fürsətdə ənənəvi müxalifətin başbilənlərini ən şərt şəkildə qınayır, tənqid edir, hətta bəzi hallarda təhqirdən belə çəkinmir. Biz bunu 2013-cü ilin prezident seçkiləri ərəfəsində "Milli Şura" kontekstində gördük.
"Sən mənim "müxalifətin yeni və vahid lideri" təbliğatımı apar, azadlığa çıxdıqdan sonra mən də səni nəzərimdə saxlayacam..."
İndiki məqamda oyuna Əli İnsanov amilinin atılması da belə deməyə əsas verir ki, radikallar sabiq səhiyyə nazirini məhkəmələrindəki "odlu-alovlu" çıxışlarına, hakimiyyətə qarşı radikal fikirlərinə görə deyil, vaxtilə xalqdan oğurladığı, çapıb-taladığı pul-parasına görə "lider" təyin etmək istəyirlər. Yaxud da tərəflər arasında müəyyən anlaşma olub - "sən mənim "müxalifətin yeni və vahid lideri" təbliğatımı apar, azadlığa çıxdıqdan sonra mən də səni nəzərimdə saxlayacam..." Yəni sifariş...
Bu gün Əli İnsanovu daha çox nəzərində tutan da məhz AXCP sədri Əli Kərimlidir. İki adaşın bir fikirdə cəmləşməsi isə, əlbəttə bir-birlərinin qara gözlərinə aşiq olmaları anlamını daşımır. Mövcud vəziyyətdə Əli Kərimli yaxşı bilir ki, dolayısı ilə rəhbərlik etdiyi "Milli Şura"nın oyuncaq sədri Cəmil Həsənli istənilən nəticəni əldə edə bilməyib. Onun isə əvəzlənməsinə ehtiyac var...
Torbada pişik var - Cəmil Həsənli gedir, Əli İnsanov gəlir...
Bu ehtiyacı isə məhz Əli İnsanov doldura bilər. İlk növbədə, var-dövləti ilə. Əli İnsanovla Əli Kərimli hazırda bu cür plan üzərində razılığa gəliblər. Əgər belə olmasaydı, hətta AXCP üzvlərinin belə "Azadlıq" qəzetinə çıxıb-çıxmamasına son qərar verən Əli Kərimli vaxtaşırı olaraq, sabiq səhiyyə nazirinin təbliğatını həmin qəzetdə aparmazdı. Demək, torbada pişiyin olması şübhəsizdir. Cəmil Həsənli gedir, Əli İnsanov gəlir. Sadəcə, qalır Əli İnsanovun azadlığa çıxması ki, məhz bundan sonra apardığımız təhlilin nə qədər məntiqəuyğun olub-olmamasını dəqiqləşdirə bilərik. Lakin fakt budur ki, 2005-ci ildə oynanılmış Rəsul Quliyev ssenarisi bir az orası-burası dəyişdirilməklə indi Əli İnsanov üzərində yazılıb. Ancaq bu cür ssenarilərin uğursuzluq tandemindən kənara çıxmamasını bəri başdan söyləmək mümkündür.
Rövşən NURƏDDİNOĞLU