Mais Səfərli: "Bir tərəfdən iqtidarla oturub-durmaq, digər tərəfdən isə iqtidari kəskin tənqid atəşinə tutmaq ikiüzlülükdən başqa bir şey deyil"
Son vaxtlar gündəmi zəbt edən əsas mövzulardan biri də AXCP sədri Əli Kərimlinin hakimiyyət nümayəndələri ilə görüşləri barədə videogörüntülərin olduğuna dair faktların ortaya çıxarılmasıdır. Bu halda təəccüb doğuran məqam ondan ibarətdir ki, Əli Kərimli hakimiyyətlə iş birliyində olduğu halda, özünü müxalifətin yeganə aparıcı siması kimi təqdim etməsi nə dərəcədə düzgündür? Bu sualı cavablandıran "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, əgər doğurdan da Əli Kərimlinin hakimiyyət nümayəndələri ilə görüşləri barədə videogörüntülər varsa, onda həmin şəxs ikiüzlülük edir: "Yəni bir tərfdən iqtidarla oturub-durmaq, digər tərəfdən isə iqtidari kəskin tənqid atəşinə tutmaq ikiüzlülükdən başqa bir şey deyil".
"Alternativ AXCP-nin sədri Razi Nurullayev Əli Kərimlini sıradan çıxarmaq üçün sona qədər mübarizə aparacağını deyib. Nəyə görə, eyni düşərgədə olmuş şəxslərin sonradan əks-qütbə meyilləndikdən sonra bir-birinə qarşı qisasçılıq mövqeyindən çıxış edirlər" sualını cavablandıran partiya sədri bildirdi ki, müxalifət düşərgəsində olan proseslərə diqqət yetirsək görərik ki, orada çox qıcqırma prosesləri gedir: "Müxalifət düşərgəsində olan siyasi qüvvələr artıq siyasi səhnədən çıxmaqdadırlar. Demək olar ki, müxalifət qüvvələri ortaya ciddi bir fəaliyyət qoymaq və öz təşkilatlarında islahatlar aparmaq əvəzinə, bir-biri ilə didişməklə məşğul olurlar. Ümumiyyətlə, müxalifət təmsilçiləri arasında münasibətlər səməmi olmadığına görə, hər zaman daxili parçalanmalara məruz qalır, yaratdıqları blokların dağılması ilə üzləşirlər".
"Əli Kərimlinin, Arif Hacılının, İsa Qəmbərin və digərlərinin cəmiyyətdə özlərinə qarşı bu dərəcədə nifrət qazanmalarının səbəbi nədir" sualının cavablanda M.Səfərli bildirdi ki, müxalifət partiyalarına rəhbərlik edən şəxslərin fəaliyyətsizliyi və öz şəxsi maraqları naminə çalışmaları bu partiyaları tənəzülə uğradır: "Bu gün müxalifətin var olması cəmiyyət üçün maraqlı deyil. Əgər adını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə bilmirsə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirsə, o zaman həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də ola bilməz. Bugünkü müxalifətin bu cür çıxılmaz bir vəziyyətə düşməsinin də səbəbi məhz müxalifətin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Belə siyasi fəaliyyət yolu tutan partiya liderləri coxdan siyasətdən getməli idilər. Amma siyasətə gəlir mənbəyi kimi baxdıqlarından, dayandıqları yerdən irəliyə doğru addım atmırlar".
GÜLYANƏ