Geriyə baxmağın vaxtıdır
Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın bir sıra radikal müxalifət partiyaları xalqımızın maraqlarını qorumaq əvəzinə bəzi maraqlı Qərb dairələrinin çirkin və ölkəmizin mənafeyinə zidd olan oyunlarında yer almağı daha üstün tuturlar. Bu partiyalar öz "mübarizələrini" yalnız qara piar kampaniyalarının əsasında qurur, yalan rəqəmlər yazmaqla dividend qazanmağa çalışaraq çəkinmədən xalqın adından danışır, özlərini şişirtməyə çalışırlar. Təəssüf ki, belələri siyasi mübarizə anlayışını yalnız qeyri-sivil metodların arasında axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı siyasi mübarizə ilə sinonimləşdirirlər. Hətta bir çox məqamlarda öz keçmişini, indisini, atdığı addımları, etdiyi səhvləri belə unudur, ölkənin, millətin düşmənləri ilə isti münasibətlər quraraq "dostluq sazişləri" bağlayır, ölkənin inkişafının təminatı olan, demokratik cəmiyyətin qurulması uğrunda illər uzunu planlı iş aparan, hüquqi dövlət quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirən Azərbaycan hakimiyyətinə qara yaxmaqdan əl çəkmirlər.
Öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq "planı" üzərində quran isa qəmbərlər, əli kərimlilər və onların ətrafı bir anlıq geriyə çevrilib öz ətraflarına nəzər salsalar, nəyin şahidi olacaqlarını yaxşı bilərlər. Amma onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. Ancaq dağıdıcı müxalifət rəhbərləri yaxşı bilirlər ki, xalq onların üstlərindən artıq 1993-cü ildən yekə bir qara xətt çəkərək arxivə atıb.
"Azadlıq"dan çıxan "əxlaqlılar"
Əli Kərimli "Azadlıq" qəzetində ötənləri unutsa da, biz ona o "tarixi anları" bir daha xatırlatmaq istərdik. Çünki bu ölkəyə "əxlaq dərsi" keçməyə çalışan, siyasi əxlaqdan dəm vuran Əli Kərimli mətbu "ruporu" Azər Əhmədovun sosial şəbəkələrdə yayımlanan videokadrlarını, görəsən, düşərgə təmsilçiləri necə unutmayıblar ki? Adi insani əxlaqın pozulduğu yerdə hansı siyasi əxlaqa iddia edirlər? Hələ bir neçə il öncə Qənimət Zahidin "3 palma" sərgüzəştlərini "qurama" adlandıran, Xocalı faciəsini bu cür "dərdlə" qeyd edən A.Əhmədov nə üçün çıxıb açıqlama vermədi və bunu montaj adlandırmadı? Budurmu, Əli Kərimlinin ətrafı?
Və ya elə A.Əhmədovu "3 palma" restoranında tək qoymağa ürək etməyən baş redaktor Q.Zahid, görəsən, yaddan çıxarıbmı o əhvalatı? Xocalı soyqırımını "özünəməxsus" şəkildə qeyd edən baş redaktor ətrafına çevrildiyi "liderinə" hansı "dividendi" bəxş etdiyi, yəqin ki, bir tək özlərinə bəllidir...
Sözsüz ki, bu arada Ruslan Bəşirlini də yaddan çıxarmaq olmaz. Düşmənlərlə iyrənc danışıq aparan, düşmən pulu ilə həyat qurmağa çalışan R.Bəşirlinin erməni casusları ilə "konyak içib şokolad yeməsindən" və güman ki, pul bölüşdürməsindən də xəbərsiz olmazdı "lideri". Çünki sonradan qəzetlərə müsahibə verən Mirzə Sakit və digərləri istər AXCP(i)-yə, istərsə də "Azadlıq" qəzetinə gələn pulların qəpiyinə qədər Ə.Kərimli tərəfindən mənimsənildiyini deyirdilər. O ki qaldı, Ə.Kərimlinin bir zamanlar dəmir barmaqlıqlar arasında oğurluqda günahlandırılan müşavirinə... Həqiqətən də, AXCP sədrinin müşaviri oğurluqda günahlandırıldı. Başqasının malına göz dikən, qanunu pozan və ən əsası cinayət törədən Qabil Məmmədrzayev kimin ətrafıdır? Əlbəttə ki, belələri Ə.Kərimlinin ətrafında olar. Bəlkə elə deyil?
Siyavuş Novruzov: "Əli Kərimli yanlışlıqla dünyaya "adam" qismində gəlib"
Özünü ənənəvi müxalifətin "lideri" qismində ictimai rəyə sırımağa cəhd edən AXCP sədri haqqında kifayət qədər satqınçılıq, xəyanət və mənəviyyata sığmayan digər amillərlə yanaşı, fərarilik də var.
Bu günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Əli Kərimlinin dövlətçilik və xalq maraqlarına qarşı nə qədər düşmən fərd olduğunu bütün çılpaqlığı ilə sübuta yetirmiş olub. Daha dəqiq desək, Əli Kərimli dünyada yaşanan iqtisadi böhrandan, neftin qiymətinin dünya bazarında qiymətinin sürətlə aşağı enməsi amilindən sui-istifadə edərək, guya Azərbaycanın ən çox zərərçəkən ölkə olduğunu iddia edib və bir az da irəliyə gedərək, "çıxış yolunun" olduğunu bildirib. Bu yerdə ataların dediyi kimi "utanmasan, oynamağa nə var ki". Satqınçılıq simvolu olan Əli Kərimlidə həyasızlığın dərəcəsi o qədər çoxdur ki... Öz partiyasını doğru-dürüst idarə edə bilmək gücündə olmayan, təşkilatının sıralarında baş verən istefaların qarşısını ala bilməyən birinin bu qədər həyasızcasına, necə deyərlər, "başından böyük" danışmasına səbəb nədir?
YAP rəsmisi, həmçinin açıqlamasında bildirib ki, AXC 1992-ci ildə hakimiyyətə gələndə keçmiş Kommunist Partiyasının Mərkəzi Komitəsinin illərlə növbə gözləyən əməkdaşları üçün tikdirdiyi binanı qanunsuz zəbt edərək öz fəallarına paylamışdı. Məhz bu faktor da belə deməyə əsas verir ki, AXCP sədri yaşadığı və fəaliyyət göstərdiyi bütün dövrlərdə xəyanət və satqınçılıqla yanaşı, həm də dələduzluqla da məşğul olub və toyuq yuxusunda darı gördüyü kimi, Əli Kərimli də öz röyalarında nə zamansa murdar məkri, qara xisləti sayəsində iqtidara yiyələnəcəyini düşünür. Hətta o qədər quduzlaşır ki, hakimiyyət rəhbərliyini belə, debata çağırmaqdan çəkinmir. Halbuki debat olsa belə, təkcə yuxarıda sadalanan faktlar deyil, digər danılmaz sübutlar güllə kimi alnına vurula bilər. Çünki Əli Kərimli dünyaya gələn insanlar kimi deyil, yanlışlıqla "adam" qismində gəlib...
Beləliklə, məsləhət görərdik ki, Əli Kərimli "ağıllı danışmaqdansa", dönüb geriyə baxsın. Bəlkə onda anlayar ki, o, kimdir.
Rəfiqə HÜSEYNOVA