PDF Oxu

Müxalifət

  • 1 676

VİP sədrindən ağır ittihamlar

image

"Böhran koalisiyası" Müsavat, AXCP və "Milli Şura"nı çıxdaş edib

Bir neçə müxalifət partiyasının, eləcə də hərəkatının toplaşdığı "Böhran koalisiyası" siyasi müstəvidə fəaliyyətini davam etdirməklə yanaşı, Müsavat, AXCP və "Milli Şura" kimi "ana müxalifət" iddiasında olan partiyaları və onların rəhbərlərini mövcud arenadan sıxışdırıb çıxarmağı da unutmur. Belə ki, artıq bir neçə dəfə toplaşmış qurumun üzvləri ilə qarşı tərəfin söz atışmaları müşahidə edilməkdədir. Müşahidələrdən də göründüyü kimi, loyallıq prinsipi ilə siyasət yürüdən partiyaların birgə şəkildə ictimai-siyasi proseslərə münasibət bildirmələri radikalları qıcıqlandırır. O cümlədən, köhnəlmiş "hakimiyyətə işləyirsən" tipli çürümüş iddialarını da həmin qıcıqları fonunda səsləndirməyi unutmurlar.

"Böhran koalisiyası": "Bu addımların nə ilə nəticələnəcəyini zaman göstərəcək"

Məhz bu qıcıq "Böhran koalisiyası" tərkibində fəaliyyət göstərən daha bir müxalifət yetkilisini - Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədrini hövsələdən çıxarıb. O, qeyd edib ki, müxalifətin tədbirlərini boykot edən, dəvət olunduqları yerlərə gəlməyən və özlərindən savayı hər kəsə satqın damğası vuran ənənəvi partiyalarla bağlı mövqe tamamilə yanlış düşüncə tərzidir və əslində, onları ittiham edənlər çevrilib fərdi fəaliyyətlərinə baxsalar, daha yaxşı olar. Məhz onda bilinər ki, kim nəyə xidmət edir və xəyanəti də nə qədərdir. Sitat: "Mənim yanaşmama görə, hazırda müxalifət düşərgəsində təmərküzləşmə prosesi gedir. Artıq üç konfiqurasiya müxtəlif imkanlarla formalaşır. Bunlardan biri AXCP və ətrafında olan ictimai fəalların "Milli Şura" adı altında fəaliyyət göstərməsidir. Son günlər Müsavat partiyası və İsa Qəmbərin yaratdığı təşkilatın ətrafında canlanma müşahidə edilir. İsa Qəmbər çalışır ki, güc mərkəzi halına gələ bilsin. Onun son addımları bunu göstərir. Lakin bu addımların nə ilə nəticələnəcəyini zaman göstərəcək. Üçüncü güc mərkəzi böhran koalisiyasıdır ki, burada müxtəlif partiyalar birləşib və mövqelər üst-üstə düşür. Burada toplaşanlar ölkədə xaotik yolu arzu etmirlər. Kimin nə deməsindən asılı olmayaraq, hər kəsin öz siyasi bioqrafiyası var. Mən bilmirəm, kim kimin haqqında nə deyir. Konkret bizim partiya barədə kim nə deyirsə, onun cavabını verməyə hazıram".

Beləlkilə, VİP sədri artıq susmayacağını və ittihamlar artıqca, o da qarşı tərəfə öz ittihamlarını artıracağını gizlətmir. Daha dəqiq desək, əgər Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, yaxud da İsa Qəmbər onlara qarşı hücum edərlərsə, beş qat artığını qarşılarında görmüş olacaqlar. Əbəs yerə deyil ki, Əli Əliyev "Böhran koalisiyası" adlı qurumda toplaşmış partiya və birliklərin bir-birləri ilə anlaşdığını vurğulayır. Bu isə kifayət qədər qənaətə gəlməyə əsas yaradır ki, radikallıq prizmasından çıxış edən partiyalar gec, ya da tez çıxdaş olunacaqlar. Çünki onların heç bir siyasi-ictimai nüfuzları qalmayıb. Daha dəqiqi isə, radikallar hər zaman özlərini üstün mövqedə göstərmək üçün siyasi fəaliyyətlərini artırmaq istəyində olan başqa müxalifət partiyalarına "ağıl" qoymağa, qınamağa çalışıblar.

"Biz bu mövqeni bölüşmürük"

VİP sədri də bu kontekstdən çıxış edərək bildirib:" ...Ən pisi odur ki, özləri vaxtı ilə onun-bunun qınağında olublar, amma indi başqaları haqqında ittiham irəli sürürlər. Bu yaramır. Odur ki, dünənki hadisələri bədə yozmaq, oldu-olmadı böhtanlar atmaq müxalifəti daha çox parçalayır. Biz bu mövqeni bölüşmürük".

Əli Əliyev deyib ki, AXCP, "Milli Şura" və Müsavat 21 fevral tədbirinə dəvət edilməyəcək: "Bu onların tədbiri deyil, bu, daha çox böhran koalisiyasında birləşən partiyaların və quruluşların tədbiridir. Onlar bu tədbirə dəvət almayıblar".

Buradan da görünür ki, "Böhran koalisiyası" adlı qurumda toplanan müxalifət partiyaları hələ ilk toplantıları ərəfəsində AXCP, "Milli Şura", Müsavat kimi partiyaları öz tədbirlərinə dəvət ediblər. Ancaq onlar bu tədbirlərə qatılmaqdan imtina etməklə yanaşı, üstəlik ittihamedici fikirlər də səsləndiriblər. Bundan sonra onlarla heç bir addımın atılmayacağını növbəti dəfə dərk edən loyallar radikalları sıxışdırmaqla yanaşı, onları müxalifət meydanında tərksilah etməyi qərara alıblar. Ona görə də hücum mövqeyinə keçid alıblar. Nəticədə isə, belə qənaətə gəlməyə zəmin yaranır - Əli Kərilmi, Cəmil Həsənli, Arif Hacılı və İsa Qəmbər kimi fərdlər nə qədər sussalar o qədər yaxşıdır. Çünki yersiz ittihamlar irəli sürdükcə, daha kəskin faktlar qarşısında ağır zərbələr almaqda davam edəcəklər. Bu isə onların siyasi ölüm proseslərini daha da sürətləndirəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər