Elbəyi Həsənli: "Müsavat partiyasının xarabalıqlarında indi bayquşlar ulayır"
"Məndən tez-tez soruşurlar ki, nədən son vaxtlar Müsavat partiyasının keçmiş və indiki başqanı haqqında bir söz demirsən? Halbuki bu barədə öncə çox sərt fikirlər səsləndirirdin. Bəziləri hətta ona eyham vurur ki, yəqin qarşı tərəflə razılığa gəlmisiniz. Kökündən yanlış ehtimaldır. Mənim nəzərimdə İsa Qəmbər də, Arif Hacılı da Müsavat partiyasının məhvinə imza atan şəxslərdir". Bu fikirləri "Yeni Müsavat"ın xaricdə yaşayan yazarı Elbəyi Həsənli sosial şəbəkələrdə yazdığı statusunda bildirib.
Elbəyi Həsənli deyib ki, Müsavat partiyasına, Məmməd Əmin bəyin dövlətimizlə bağlı arzularına xəyanət elə Azərbaycana xəyanət deməkdir: "Mənim son qənaətim budur. Bəli, mən indi bu barədə, demək olar ki, danışmıram. Biz tərəfdə belə bir məsəl var. Deyir, ölüdən Şeytan da əl çəkir. Bir vaxtlar möhtəşəm olan Müsavat partiyasının xarabalıqlarında indi bayquşlar ulayır... Fakt budur ki, Arif Hacılının şəxsi obyekt kimi fırlatdığı bu partiya siyasi arenada autsayderlər sırsasına yuvarlanıb. Siyasi hakimiyyət uğrunda mübarizədə adı və sairələrin içinə daxil olub. Bir sözlə, ölüb. Ölünün dalınca danışmağa isə elə bir həvəsim yoxdur... Ümumiyyətlə, Azərbaycanın müxalifətindən də son dərəcə narazıyam. Bizim siyasətçilər dövlətçilik düşüncəsindən uzaqdır. Aşırı ambisiya və karyeraçı yanaşma siyasətçilərimizi nüfuzdan salıb. Xalqa isə təmənna güdmədən Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən siyasətçilər lazımdır".
Samir