Jirinovski: "Türkiyə Suriyaya ordu yeridəcəyi halda, türk şəhərlərində terror aktları təşkil olunacaq"
Politoloq: "Jirinovski Rusiyanın "təhdid dili"dir, ancaq onun dili ilə deyilən heç bir şey həyata keçirilmir"
Türkiyədə baş verən terror aktı dünyanı bürüyən terror dalğasının tərkib hissəsi idi. Bu terror hadisəsi həm də Türkiyənin haqq səsinin batırılmasına hesablanmış, rəsmi Ankaranı qətiyyətlə mövqeyindən çəkindirməyə yönəlmiş addımdır. Şübhəsiz ki, Türkiyədə onlarla insanın ölümünə, yaralanmasına səbəb olan bu terror hadisəsi hər kəs tərəfindən qətiyyətlə pislənilir. Hətta bu məsələdə "şübhəli əl" kimi görünən dövlətlər də, birmənalı olaraq Ankradakı terroru pislədilər. Xüsusilə də, Almaniyanın terror məsələsində həmişəki kimi obyektiv mövqeyi diqqətçəkən oldu. Lakin biz ABŞ, İngiltərə, Fransa və digər Qərb dövlətlərindən qətiyyətli mövqenin sərgilənməsinin şahidi olmadıq.
Ən biabırçı hal odur ki, Türkiyədə baş verən terror aktını dəstəkləyənlər də oldu, hətta terrorun bundan sonra davamlı olacağı anonsu da verildi. Məsələn, Rusiyanın "Rossiya-1" telekanalında çıxış edən Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib ki, Türkiyə Suriyaya ordu yeridəcəyi halda, türk şəhərlərində terror aktları təşkil olunacaq. Jirinovski deyib ki, terror aktlarını kürd və erməni yaraqlıları təşkil edəcəklər: "Bu vaxt bütün Türkiyədə terror aktları başlayacaq. Hökumət binaları, hərbi düşərgələr yanacaq, hər şey havaya uçacaq. Bəs bunu kim elədi? Bilmirik. Bunu ola bilsin ki, kürd döyüşçüləri, yaxud da erməni yaraqlıları ediblər. Yunanlar, bolqarlar, suriyalılar, ərəblər. Onlar orada milyonlardır və biz, əlbəttə, onların partlayıcı maddəni haradan aldıqlarını bilmirik. Rusiyalı siyasətçi, eyni zamanda, bir gün əvvəl Ankarada baş vermiş terror aktını "məşq" adlandırıb: "Dünən məşq idi, sabah isə bütün Türkiyə yanacaq".
Göründüyü kimi, Rusiya Dövlət Dumasında 56 deputatla təmsil olunan partiyanın lideri siyasətçi kimi yox, hansısa terrorçu qruplaşmanın rəhbəri, terrorçu kimi çıxış edir. Heç şübhəsiz ki, müəyyən mənada Jirinovskinin mesajlarını rəsmi Moskvanın Türkiyəyə qarşı gözdağı kimi də qəbul etmək lazımdır. Çünki Jirinovski "danışan dil"dir. Bəs Suriyadakı terroru pisləyən bir ölkənin-Rsuiyanın Türkiyədə baş verən terrora dəstək verməsini necə başa düşək?
Məsələ ilə bağlı "SƏS" qəzetinə danışan politoloq Vüqar Əsgərov bildirib ki, Türkiyədə baş verən hadisə böyük ehtimalla vəziyyəti daha da gərginləşdirəcək: "Türkiyəni dalana dirəyib, hökmlərini qəbul etdirmək istəyirlər. Qərbin hiyləgər taktikaları iki dövləti üz-üzə qoyub. Jirinovski isə belə bir bəyanat verməklə, Türkiyədə erməni amilindən istifadə edəcəklərini xatırladır. Hesab edirəm ki, bu məsələ Türkiyə ilə bağlı planlarda xüsusi əhəmiyyət kəsb edir. Yəni Türkiyəyə açıq şəkildə mesaj verilir ki, əgər Suriyaya girsəniz, o zaman daxili problemlərdən, xaosdan baş aça bilməyəcəksiniz və etnik-milli konfliktlərlə qarşılaşacaqsınız. Bu məsələdə də Rusiyanın istifadə edə biləcəyi əsas amil ermənilərdir. Sadəcə, bir məsələni yadda saxlamaq lazımdır. Jirinovski Rusiyanın "təhdid dili"dir, ancaq onun dili ilə deyilən heç bir şey həyata keçirilmir. Əgər Rusiya bunu etmək istəsə idi, deməzdi. Bu, şantajdır, mürəkkəb bir zamanda ortaya atılmış psixoloji təzyiqdir. Hətta bir erməninin əli ilə kiçik hadisə törədib, böyük "işlər" də görmək olar. Ancaq Türkiyə buna yol verməyəcək".
Samir