PDF Oxu

Müxalifət

  • 4 325

Sərdar Cəlaloğlu: "Əli Kərimli, məndə elə faktlar var ki, açıqlasam, biabır olarsan"

image

ADP sədri Sərdar Cəlaloğlu ilə Əli Kərimli arasında başlayan söz savaşı günlərdir ki, davam edir. Səbəb də AXCP üzvlərinin sosial şəbəkələrdə və mətbu orqanlarda ADP sədrinin ünvanına təhqir dolu ifadələr işlətmələrindən sonra başlayıb. Sərdar Cəlaloğlunun bu təhqirlərə cavab olaraq verdiyi geniş müsahibələrində Əli Kərimlini "Azərbaycan siyasətinin primadonnası" adlandırması hər iki partiya arasındakı virtual savaşın dərinləşməsinə səbəb olub. Məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, nə qədər Əli Kərimli AXCP sədridir, partiyada cərəyan edən istefalar dalğasının getdikcə genişlənəcəyini, nəticədə, partiyada daha yeni qruplaşmanın baş verəcəyini də bildirib. S.Cəlaloğlu, həmçinin, ən əsas səbəb "Yurd" şefinin onun yerini tuta biləcək istənilən şəxsləri özündən kənarlaşdırılmasıdır.

"Satqınlıq kompleksi olan Əli Kərimli mümkün qədər çox insanın haqqında satqın obrazı yaratmaqdadır"

S.Cəlaloğlu AXCP-də yaranmış bugünkü duruma da aydınlıq gətirərək bildirib ki, bu partiyanın, daha doğrusu, Əli Kərimlinin gizli, örtülü bir siyasəti var: "Nəyə görə oradakı insanlar oranı tərk edir, bütün bunlar müəmmadır. Çünki AXCP-nin konkret ideologiyası, siyasi palitrada özünəməxsus bir yeri yoxdur. Məsələn, biz ADP olaraq demokratik dəyərlərə üstünlük veririk, digərləri də öz mövqelərini müəyyən dəyərlər üzərində açıqlayırlar. Ancaq AXCP-nin nəyə prioritet verdiyi, nəyə xidmət etdiyi məlum deyil".

ADP sədri deyib ki, Ə.Kərimli cəbhəsi özlərinin iştirak etdiyi, içində olduğu hər şeyin düzgün olduğunu, qalanların yanlışlığını müdafiə edir: "Bu, gülünc bir şeydir. Sən kimsən axı?! Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edə bilərsən? Sən kimsən qiymət verirsən?! İlhamə artistlərə ad verdiyi kimi, Əli Kərimli də özünə belə bir missiya götürüb. Azərbaycanda siyasi partiyalara ad qoyur ki, Müsavat filandır, AMİP filandır, bunlar satqındır. A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan? Belə şey olar?"

S.Cəlaloğlu AXCP sədrini "xəyanət simvolu" adlandıraraq bildirib ki, nə xalq hərəkatında bu adamın xüsusi xidmətləri olub, nə sonrakı hərəkatda müsbət xidmətləri olub: "Təsadüfən necə olmuşdusa, gəlib Elçibəy hakimiyyəti zamanında dövlət katibi olmuşdu. Onun həmin dövrdə hakimiyyəti daxilində hansı oyunlardan çıxdığının şahidi Qurban Məmmədovdur. Əli Kərimli Əbülfəz Elçibəyi satıb, müxalifətə xəyanət edib. Bu adamda bir kompleks var, özü satqındır deyə çalışır ki, mümkün qədər çox insanın haqqında satqın obrazı yaratsın. Özü o qədər oyunlarda iştirak edib ki, elə bilir hər kəs onun kimidir".

"Əli Kərimli, məndə elə faktlar var ki, açıqlasam, biabır olarsan"

ADP sədri Əli Kərimlinin bu günə kimi düzgün bir əxlaqa malik olmadığını da bildirib: "Hötenin "əxlaq elə bir güzgüdür ki, hər kəs öz sifətini göstərir" kimi gözəl fikri var. Mən nə "Azadlıq" qəzetini, nə də virtual aləmi oxuyuram. Əli Kərimli müxalifətin lideri deyil. O, heç AXCP lideri ola bilmədi. Elçibəyin ölümündən sonra partiya parçalandı. Əli Kərimlinin əlində qalan hissə 6-7 yerə dağıldı. Bir təşkilata liderik edə bilməyən insan müxalifətin necə lideri ola bilər? Bütün bunlar onun hakimiyyət hərisliyini göstərir. O, müxalifətdə qalmağından özünə hakimiyyət düzəltmək istəyir. Onun hansı addımı cəmiyyət və müxalifət düşərgəsi daxilində qəbul edilir?

O, 10-15 nəfər gənci internetə qoşub, özünə səs yazdırmaqla məşğuldur. Bu, balaca uşağın öz-özü ilə oynamasına bənzəyir. Bunlar Əli Kərimlinin özünə qarşı işləyən bir "piar"dır. O, ən çox ittihamlara məruz qalmalı olan adamdır. Bizi tənqid edənlər keçmişə nəzər salsınlar. Əli Kərimli deyir ki, Elçibəy liderimdir. Qeyd edim ki, ölənə qədər Elçibəy onu yaxına buraxmamışdı. Çünki ona sağlığında xəyanət etmişdi. 1998-ci ildə seçkilər boykot ediləndə, Elçibəyin müavini ola-ola Etibar Məmmədovla saziş imzalamışdı. Öz fikirlərini diktə etdirmək üçün Xalq Cəbhəsinin daxilinə "yurdçular" salmışdı. Əli Kərimli müxalifətin bir neçə birliyini parçalayıb, parlamentdən yer alan şəxsdir. O, 1,2% səs toplamaqla 6 deputatla təmsil olundu. Kimlərlə əlaqəyə girdiyi hamıya məlumdur. Hazırda Müsavatla intriqa apararaq, müxalifətin bir araya gəlməsinə mane olmağa çalışır".

ADP sədri heç yerdə demədiyi şok faktlar açıqladı: "Bu adamın hərəkata gəlməsinin özü necə olub? Onu universitetdən meydana göndərən komsomol katibi kimdir? Hansı məqsəd və tapşırıqla göndərib? Elə bilirlər ki, hər şey unudulub. Zənn edirlər ki, kim hakimiyyəti söyürsə, müxalifət odur. Sən həmin adamsan ki, bu iqtidarla 10 illik saziş imzalayıb, parlamentdə oturmusan. Onun hesabına müəyyən reytinq qazanmısan. Səndə bu güc, qüdrət varsa, nə əcəb şəxsiyyət vəsiqəni ala bilmirsən? Sən öz hüququnu qoruya bilməyən bir insansan. Guya ki, hüquqşünassan. Sizin qəzetiniz vasitəsilə bəyan edirəm ki, Əli Kərimli gəlsin, üzbəüz danışaq. Sosial şəbəkələrdə mənə qarşı "meyityaran" kimi ifadələr işlədilir. Bütün vəzifələr şərəflidir. O, hesab edir ki, ölü yarmaq pis peşədir, o zaman qərar verən hakimlik də pisdir.

Belə şeylər yazmaqla nəyə nail olmaq istəyirlər? Kim satılacaq, qoyaq kənara. A bala, sən özün bir keçdiyin yola bax. Müxalifətin bu günə düşməsinin baiskarı Əli Kərimlidir. 2003-cü ildə İsa Qəmbərin namizədliyi məsələsində Əlinin hansı oyunları oynadığını çox gözəl bilirəm".

Göründüyü kimi, ortada olan ambisiyasını səviyyəsiz fəaliyyəti ilə sərgiləyən Əli Kərimli bununla çox da uzağa gedə bilməyəcək. Baş verən proseslər də belə qənaətə gəlməyə əsas verir.

R. HÜSEYNOVA

Digər xəbərlər