KÖŞƏ YAZISI
Düzü, radikal müxalifət düşərgəsində elə əndazəli işlər baş verir ki, danışmasaq olmaz. Əgər xatirinizdədirsə, mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev demişdi ki, Elçibəyə xəyanət edən, onu meydanda tək qoyan, başqa fikirlərə düşənlərin hamısı cəzalanıb. Ancaq cəzalanmayan cəmi bir nəfər qalır. Düzdür, Almurad ağa burada bir balaca simiclik edərək, oxu atıb, yayı gizlətsə də, yenə nəyəsə eyham vurmuşdu və vurulan bu eyhamın kimə aidiyyatının olması da, əslində bəllidir. Ancaq nəyə görəsə oxu atıb, yayını gizlədən Almuirad Əliyev AXCP sədri Əli Kərimlinin adını birbaşa ictimaiyyətə açıqlamamışdı. Çünki onun nəzərində tutduğu "bir adam" hələ də rahat şəkildə çöldə-bayırda kef edir.
Digər tərəfdən, yəqin ki, Elçibəyə xəyanət edənlər arasında İsa Qəmbərin, Arif Hacılının, eləcə də digər fərdlərin olduğunu hər kəs yaxşı xatırlayır. Ancaq Əli Kərimlinin satqınlar sırasnda birinci olmasına rəğmən, Almurad Əliyevin nədənsə onun adını bilavasitə çəkməməsi təəccüblü görünür. Yəni burada nə var ki? Almurad bəy "mus-mus" deyincə sözügedən məsələni birdəfəlik Mustafasılya da deyə bilərdi. Demək, əgər o, yerdə qalan bir nəfər xəyanətkarın - Əli Kərimlinin adını çəkmirsə, ya onun qarşısında gözükölgəlidir, ya da buna cürəti çatmır. Şəxsən mənim fikrimə görə, Almurad Əliyev özünə hörmət qoyan ağsaqqal adam kimi gərək həmin xəyanətkarın Əli Kərimli olduğunu şappıltıyla onun üzünə vuraydı. Amma təəssüf ki, nə onda vurmadı, nə də ki, indi bunu edir. O, gərək deyəydi ki, rəhmətlik qardaşı söyləmişkən, komsomolçu Əli AXCP daxilində "Yurd"u formalaşdırarkən, partiyanın bütün strukturlarını əlinə alarkən, sədrin səlahiyyətlərini mənimsəyərək, onu siyasi müqəvvaya çevirərkən, məhz həmin xəyanətinin başlanğıcını qoymuşdu. Daha ondan sonra edilən xəyanət və satqnçılıqları deməyə ehtiyac belə qalmır. Çünki bu gün hər kəs, xüsusilə, Elçibəyin dövründəki siyasi qalmaqalları xatırlayanlar yaxşı bilirlər ki, nəticədə, onun həyatına sui-qəsd törədildi və bu sui-qəsdi də məhz Əli Kərimli onun yeməyinə tökdürdüyü zəhərlə reallaşdırdı. Bax, bu mənada, Almurad bəy gərək qorxub-çəkinmədən Əli Kərimlini bir nömrəli satqın adlandırmalıydı!
Qaldı ki xəyanət məsələsinə, o da sirr deyil ki, bu gün özlərini müxalifətçi adlandırıb siyasi arenada bəh-bəhlə gəzənlərin hamısı ucdantutma xəyanətkarlar toplumudurlar. Onların hər biri bu ölkəyə, bu xalqa, bu dövlətə qarşı o qədər xəyanətlər törədiblər ki, Elçibəyə edilmiş xəyanət onların içində itib-batıb. Onsuz da zamanı çatanda, Əli Kərimli qanun qarşısında cavab verməyə məcbur olacaq. Zaman da məhz buna doğru işləyir.
RƏFİQƏ