Köşə
Dünya acı çəkir
Pis insanların pisliyindən yox, yaxşı insanların səssizliyindən
Napoleon Bonapart
İlk rus-türk müharibəsi 1380-ci ildə Kulikovo döyüşündə yaşanmışdı. Krım, Kazan və Sibir xanlıqları ilə müharibəyə girmək, Aralıq dənizində strateji nöqtələri ələ keçirmək elə Osmanlıya qarşı müharibə elan etmək idi. İstər 1768-1774, istər 1787-1791, istərsə də 1853-1856-cı il rus-türk müharibələrində ən çox qazanan Avqropa olmuşdur. Tarixə diqqətlə baxsanız, özlərinə uyğun zamanlarda münasib vaxt uyğulayıb rus-türk müharibəsini qızışdıran İngiltərə, Fransa və digər dövlətlərin daha sonra "koalisiya" adı altında türkü böyük zərbələr altına qoyduğunun şahidi oluruq. Elə Birinci Dünya müharibəsinə türkləri cəlb etmək, Osmanlının bu müharibədəki iştirakı da tamam başqa prizmadan hesablanmış taktika idi. Elə buna görə də, 1918-ci ildə Osmanlı dünya üzərindən silinən 4 imperiyadan biri oldu və ərazilərinin 4/3-ü itirmiş (Suriya, İraq, Fəlsətin və sairə) oldu. O dövrdə Osmanlı ətrafında yaranmış vəziyyəti dolğunluğu ilə əks etdirmək üçün Sultan II Əbdül Həmidin sionizmin banisi Teodor Hertsil-ə cavabını oxucuların diqqətinə çatdırmaq pis olmaz. 1901-ci ildə sionist hərəkatının əsasını qoymuş Teodor Hertsil özü İstambula gəlib və sultandan onu qəbul etməsini istəyib. Səfərdə məqsəd, "yəhudi ocağı" yaratmaq məqsədilə Fələstin torpaqlarının bir hissəsini Osmanlı dövlətindən satın almaq olub. Sultan görüşdən imtina edib və ölkənin baş nazirindən qonağa cavab göndərib. Cavabda sultan yazıb: "Hertsilə məsləhət görürəm ki, bu layihəsi istiqamətində gələcək addımlar atmaqdan çəkinsin. Mən, bu torpağın bircə ovucunu da verə bilmərəm, çünki o, mənim deyil və bütün islam millətlərinə məxsusdur". Təkcə bu fakt rus-türk müharibələrində kimlərin maraqlı olduğunu isbat etmiş olur.
Türkiyədə törədilmiş terror aktı sıradan törədilmiş hadisə deyildi. Bu, rus-türk münaqişəsini dərinləşdirməyə hesablanmış addımdır. Türkiyəni lazım olanda "ağıllandırmaq" üçün PKK terrorçu qruplaşmasını kimlərin yemlədiyi də bəllidir. Ankaradakı terror aktında ölənlərin 22 nəfərinin hərbi pilot olması da böyük təəccüb doğurur. Rusiya-Türkiyə münasibətlərinin pisləşməsində ən çox maraqlı olan tərəf ABŞ və İngiltərədir. Neftin qiymətini aşağı salmaqla Rusiya üzərində önəmli qələbə əldə edə bilməyən ABŞ və İngiltərə üçün ən optimal variant NATO dövləti olan Türkiyə amilindən istifadə etmək idi. Rusiyanın Türkiyə qarşısında böyük "açıqlarının" olduğunu Qərb gözəl bilir. Şübhəsiz ki, rus-türk münasibətləri bundan sonra da gərginləşməkdə davam edəcək. Ancaq növbəti rus-türk müharibəsinin baş tutacağı ilə bağlı iddialar, sadəcə xülyadır. Türkiyə NATO ilə, xüsusilə də ABŞ-la, İngiltərə ilə son vaxtlar əldə etdiyi "səmimi" razılıqları bir daha gözdən keçirməlidir. Çünki hazırda ABŞ və İngiltərənin bütün fəaliyyəti bu istiqamətə yönəlib. Əsas məqamlar: terror hadisəsi oldu, terrorçu qruplaşmaların taktikası seçildi, bomba partladı... Bu, PKK vasitəsilə həyata keçirilmiş ingilis məhsuludur. Nəzərlər ABŞ-a və İngiltərəyə yönəlməlidir. Türkiyə dövləti bunu bilməmiş deyildir.
Samir