"MSDM" və "Böhran koalisiyası" arasında gizli savaş qızışır
Son vaxtlar Müsavatın sabiq başqanı İsa Qəmbərin rəhbəri olduğu "Milli-Strateji Düşüncə Mərkəzi" ("MSDM") ilə bir neçə müxalifət partiyasının birgə çıxış etdiyi "Böhran koalisiyası" arasında sanki "kim daha çox tədbir keçirdi" adı uğrunda mübarizəyə start verilib. Belə ki, uzun müddət müxalifət düşərgəsindəki proseslərdən kənar qalan, hətta Müsavat daxilində cərəyan edən qarşıdurmalara belə münsaibət bildirməyən İsa Qəmbər indi "aktvilik" göstərərək, demək olar ki, həftənin bir neçə günü ard-arda "MSDM"-in tədbirlərini keçirir...
Teatr tamaşası
Əlbəttə ki, burada ictimai rəyi maraqlandıran məsələlər deyil, bu ad altında "mən də varam" prinsipini sərgiləmək marağının dayanması şübhəsizdir. Çünki sual oluna bilər ki, nəyə görə uzun illər istər İsa Qəmbərin "mərkəzi", istərsə də digər müxalifət birlikləri ağızlarına su alıb prosesləri kənardan izləməklə məşğul idilər? Məgər daha öncəki proseslərin onlara heç bir aidiyyatı yoxmuydu? İndi isə bütün dünyada baş verən qlobal iqtisadi böhran zamanı müxalifət birdən-birə oyanıb "ideyalarla" çıxış etməyə başlayıb. Guya o və qarşı tərəf ölkədəki iqtisadi amillərdən "narahat" oplmağa başlayıblar və öz təbirlərincə "çıxış yolları" istiqamətində "baş sındırırlar".
Əlbəttə ki, bütün bunlar sadəcə, bir teatr tamaşasıdır. Daha dəqiqi isə, uzun illər ölkədaxili siyasi faktorlar səhnəsində parçalanan, pərakəndələşən, birləşə bilməyən, heç bir siyasi uğur, nailiyyət əldə etməyi bacarmayan istər loyal, istərsə də radikal olan bir müxalifətin dünyada cərəyan edən hadisələrdən dolayı çıxış yolu axtarması, ümumiyyətlə inandırıcı və real görünməməkdədir. Biz bunu məhz qeyd olunan amil ilə sırf şəkildə əlaqələndirə bilərik. Yəni müxalifət, həqiqətən də fərdi və şəxsi maraqlar prizmasından çıxış etmirsə, ən azından, böhran zamanında bir araya toplaşaraq, ümummüxalifət adından danışa bilərdilər. Amma bu, belə deyil. Hər zamankı kimi ayrı-ayrılıqda, gah açıq, gah da gizli savaşlar müqabilində irəliyə çıxıb əsas müxalifət olmasını təsdiqləməyə cəhdlər göstərməklə uğur qazanmaq utopiyadan başqa bir şey deyil.
İsa Qəmbərə "MSDM" nəyə görə lazımdır?
Beləliklə, İsa Qəmbərin sədri olduğu "Milli-Strateji Düşüncə Mərkəzi"nin tədbirlərindən biri də "Böhran: qlobal və lokal amillər" mövzusunu təşkil edib və həmin tədbirdə Müsavatın başqanı Arif Hacılı, AMDP-nin sədri İsgəndər Həmidov, VAMBP-nın sədri, Hacıbaba Əzimov, eləcə də digər müsavatçılar - Nüşabə Sadıqlı, Almaz Əliqızı və sairələri iştirak ediblər. Düzdür, İsa Qəmbər başqa müxalifətçiləri də "MSDM"-in tədbirinə dəvət edir. Onu da qeyd edək ki, İsa Qəmbər indidən xal toplamaq üçün 2018-ci ilin prezident seçkilərində iştirak etməyi qarşısına məqsəd qoyub. Bu baxımdan, obu da xatırlatmaq yerinə düşrədi ki, sabiq başqan indi partiya rəhbəri olmadığına görə, öz "nüfuzunu" saxlamaq üçün bu kimi qurumu yaratmağa məcbur idi. Ən azından, görünməsə belə, "müxalifətarası və ölkədaxili ictimai-siyasi fəaliyyət" göstərdiyini sərgiləməkdən ötrü...
Hərə bir tərəfdə...
Ötən həftə o "REAL" nümayəndələrini və "NİDA" hərəkatını öz tədbirinə dəvət etmişdi. Ancaq "REAL" rəhbərliyi əvvəlcədən bəyan etmişdi ki, müxlaifətin təşkil etdiyi heç bir toplantıya qatılmaq fikrində deyil. "NİDA"-dan isə demək olar ki, bir-iki nəfər, o da İsa Qəmbərin oğlu Turqut Qəmbərin dost-aşnası müzakirələrə qatılmışdı. Bu isə İsa Qəmbərin təşkilatının ciddiyə alınmamasının aşkar göstəricisidir. ADP, AXCP, KXCP və "Milli Şura" da gözlənildiyi kimi, "MSDM"-in tədbirlərinə dəvət olunmur. Çünki ADP, AXCP, KXCP artıq öz aralarında anlaşamaya gedərək, "Böhran koalisiyası"nda müzakirələrə qatıılırlar. "Milli Şura" isə təbii ki, Əli Kərimlinin AXCP-sinin yedək qurumu olduğuna görə, köhnə düşməninin tədbirinə qatılması qeyri-mümkün görünür.
Bu arada onu da xatırladaq ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin də köhnə dostu, hətta "qardaşım" deyə xitab etdiyi İsa Qəmbərin "MSDM"-inə inamı qalmayıb. Hər iki şəxs arasında körpülər tamamilə yanıb və biz bunu İsa Qəmbərin Pənah Hüseyni tədbirlərinə dəvət etməməsi fonunda görməkdəyik. Pənah Hüseyn isə artıq müxalifətin digər qanadında -"Böhran koalisiyası"nda fəaliyyət göstərməyi məqbul hesab edir.
"MSDM" və "Böhran koalisiyası" öz aralarında "Formula 1" yarışı təşkil ediblər...
Beləliklə, "MSDM" və "Böhran koalisiyası" öz aralarında "Formula 1" yarışı təşkil ediblər və tərəflət timsalında kimin daha çox tədbir keçirib, ictimai rəyin diqqət mərəzinə düşəcəyi uğrunda gizli savaş gedir. Bu isə, əksinə ictimai rəyi onlardan daha da uzalqaşdırır. Ciddi depressiya, böhran və başıpozuqluq yaşayan müxalifətin öz dərdinə əlac tapa bilməyərək, dünyada və ölkədə baş verən hadisələrə "çıxış yolu" axtarmaları isə düşərgədəki ab-havanı növbəti dəfə büruzə verir.
Rövşən RƏSULOV