Musa Qasımlı: "Həmsədrlər öz fəaliyyətləri ilə ölkələrini gözdən salırlar"
Müsahibimiz professor və millət vəkili Musa Qasımlıdır
- Musa müəllim, həmsədrlər nə səbəbə Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağa məcbur etmirlər?
- Həmsədrlərin fəaliyyəti sırf erməni təəssübkeşliyi üzərində qurulub. Dağlıq Qarabağ münaqişəsi deyilən bir münaqişə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaradılmışdır. Deməli, bu münaqişədə təcavüzkar və təcavüzə məruz qalan aydın görünür. Ermənistan təcavüzkardır, Azərbaycan isə təcavüzə məruz qalan ölkədir. Əgər ATƏT-in Minsk Qrupu həmsədrləri özlərinin imzaladıqları beynəlxalq qanunlara riayət edirlərsə, deməli, təcavüzkarı məcbur etməlidirlər ki, işğal etdiyi əraziləri boşaltsın.
- Həmsədr ölkələr dünya siyasətində nufuzlarından və güclərindən istifadə etməklə təcavüzkarı, işğal etdiyi torpaqları boşaltmağa məcbur edə bilərlər. Bu addımı atmağa onlara nə mane olur?
- Həmsədr ölkələr Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağı tələb etmirlərsə, deməli, səbəb var. Səbəblər isə aydındır. İşğalı unutdurmaq Ermənistanı deyil, Azərbaycanı "oldu-bitdi" ilə barışdırmaq istəyirlər. Hesab edirəm ki, həmsədrlər öz fəaliyyətləri ilə ölkələrini gözdən salırlar, beynəlxalq hüququ ayaq altına atırlar. Təcavüzkarı şirnikləndirmək və həvəsləndirmək olmaz.
- Niyə görə ATƏT-in Minsk Qrupu həmsədrləri arasında daha çox amerkalı həmsədrin fəallığı müşahidə edilir. Amma bu boş və mənasız bəyanatlara səbəb nədir?
- ATƏT-in Minsk Qrupunun təşkilat tərəfindən verilmiş konkret mandatı var. Təəssüf olsun ki, həmdsədrlər həmin mandata riayət etmirlər. Texniki məsələlərlə-atəşkəsin pozulması və digər xirda məsələlərlə məşğul olurlar. Onların mandatının ana xətti Ermənistanın təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini nizamlamaqdır. Həmsədrlərin fəaliyyəti, əslində yaranmış münaqişənin həllinə deyil, dondurulmasına və uzadılmasına yönəldilib. Bu da ikili standartların erməni təəssübkeşliyinin göstəricisidir.
GÜLYANƏ