PDF Oxu

Müxalifət

  • 20 114

Əli Kərimli köhnə yolunda

image

"Əli Kərimlini çox alçaq səviyyədə gördüm"

AXCP sədri Əli Kərimlidən danışarkən yadıma Lalə Şövkətin sözləri düşür. Belə ki, 2003-cü ildə "Azadlıq" qəzetində Lalə Şövkət haqqında hədsiz dərəcədə təhqiramiz bir yazı dərc olunmuşdu. Lalə Şövkətin cavabı isə yazılanlardan da sərt oldu. O, "Azərbaycan siyasətində belə bir mənəviyyatsızlıq görməmişdim. Adam düşmən olanda gərək kişi kimi düşmən olsun. Əli Kərimlidən çox alçaq səviyyə gördüm" - demişdi. Əslində, Əli Kərimlinin kimliyi haqqında çox yazılıb, çox deyilib. Ancaq Lalə Şövkət demişkən, onun facebook.comda alçaq-alçaq danışması məcbur edir ki, Əli Kərimlinin kimliyinə bir də qayıdasan.

Küncə sıxışdırılmış və hörməti olmayan Əli Kərimli

O, bu gün siyasi arenada hörməti olmayan və küncə sıxışdırılmış siyasətçidir. Onun özü də siyasi karyerasının sonunun gəldiyini anlayır. Lakin...Azərbaycan gerçəkliyində Əli Kərimli xəyanətkarlığı var, amma saya gəlməz xəyanəti.

1995-ci il - Əli Kərimli AXC-ni partiyaya çevirmək tapşırığını uğurla yerinə yetirdi və mandat sahibi oldu. 1996-cı il - AXCP daxilindəki "Yurd" funksiyası partiyanı tam özəlləşdirmək üçün fəal cəbhəçilərə, hərəkatçılara qarşı təzyiqlərə başladı. AXCP rəyasət heyəti ardıcıl olaraq bir çox insanı cəbhədən uzaqlaşdırdı. Beləcə, "Cəbhənin gələcəyi Əli Kərimlinin adı ilə bağlıdır" təbliğatına start verildi. 1997-ci il - xaricdən aldığı maliyyə dəstəyi nəticəsində, Əli Kərimli media vasitəsilə Əbülfəz Elçibəyə zərbələr vurdu, onu gözdən salmaq üçün kampaniyaya başladı və 2005-ci il Əli Kərimlinin Ruslan Bəşirli olayı və çevriliş planı fiaskoya uğradı. 2008-ci il - Qənimət Zahidi qurban verib diqqəti özünə çəkən Əli Kərimli Sem dayısından pul almaq üçün planlar qurdu. Aqil Xəlil olayı da Əli Kərimlinin qurduğu iyrənc oyunlardan biri idi. Məlum oldu ki, Aqil Xəlili bıçaqlayan küçədən keçən şəxs deyil, məhz Əli Kərimlinin yaxından tanıdığı mavidir. Beləcə Əli Kərimlinin bu planı da suya düşdü. O, qazdığı quyuya özü düşdü.

Hələ Xalq Cəbhəsi dönəmində Əli Kərimli xarici fondlarla işləyirdi. Əbülfəz Elçibəyin dövründə o, dövlət postunu tutsa da, Elçibəyə qarşı olan mənfi təbliğatın başında dayanmışdı. Bunun üçün Azərbaycanda Demokratiyanın İnkişaf Fondundan Əli Kərimli milyonlarla pul alıb mənimsəmişdi. Əbülfəz Elçibəy hakimiyyətdən getdikdən sonra da, Əli Kərimli bu xəyanət yolunu davam etdirmişdi. Əli Kərimli həm də Ermənilərin dostudur. O, bu "fəxri damğa"nı böyük iftixarla daşıyır. Əli Kərimli erməni lobbisini başlıca tərəfdaş kimi qəbul edir. O, yeganə siyasətçidir ki, öz şəxsi maraqlarına görə erməniyə dayı belə deməkdən çəkinmir.

Elman Türkoğlu: "Əli Kərimli satqın, xəyanətkar və qatildir"

Hamının "Bayraqdar" kimi tanıdığı Elman Türkoğlu AXCP sədri Əli Kərimlini qatil adlandırıb. E.Türkoğlunun sözlərinə görə, AXCP sədri Əli Kərimli Elçibəyi zəhərləyərək öldürdükdən sonra "Yurd"u ələ keçirmək üçün "Yurd"un sədri Əlisafa bəyi və 39 milyon dollara görə Con Elvisi öldürtdürüb: "Sən satqın, xəyanətkar, qatil Əli Kərimoviç deyilmidin, milli azadlıq hərəkatının fədailərindən, mücahidlərindən biri olan, "Komersant" qəzetinin baş redaktoru sənin satqınlığın və xəyanətkarlığın haqqında yazan İBİŞİ (İbrahimi) öldürən? Sən satqın, xəyanətkar, qatil Əli Kərimoviç deyilmidin, 39 milyon dollara görə Con Elvisi öldürtdürən? İndi buradan başlamısan millətin adından danışmağa. Sənin millət haqqında danışmağa haqqın yoxdur. Axı niyə bu boyda ağ yalanlar üyüdürsən, hə?"

AXCP-dən müxalifət düşərgəsinə arxadan zərbə

Yeri gəlmişkən, yuxarıda vurğuladığımız kimi, Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP, daha dəqiq desək, AXCP qlafına girmiş "Yurd", eyni zamanda, müxalifət düşərgəsinə xəyanəti ilə də məşhur olub. Əslində, bu xəyanətin də əsası elə Elçibəyə xəyanət edilməsi ilə bir vaxtda qoyulub. Məsələn, Mirmahmud Mirəlioğlu bildirib ki, bunlar (yəni "Yurd"çular-red.) 1997-1998-ci illərdəki fəaliyyətlərində açıq xətlə Elçibəyi "bitmiş bir insan" kimi qeyd edirdilər: "Prezident seçkilərində iştirak etməmənin kökü də gedib ora çıxırdı. Müxalifətin seçkidə vahid komandada iştirak etməməsi bir tərəfdən, ikinci tərəfdən isə təşkilat daxilində birliyin olmaması, qarşıdurmanın güclənməsi var idi. Məsələ tək maliyyədə, qrantda deyildi. Əsas niyyət iyrənc idi: anti-Elçibəy, Elçibəyə xəyanət".

Bir sözlə, xəyanəti və cinayəti, ümumiyyətlə fəaliyyətinin başlıca prinsipi kimi qəbul edən AXCP sədri Əli Kərimli öz "ənənəsini" hazırda təmsil olunduğu müxalifət düşərgəsində də davam etdirib. Onun rəhbərlik etdiyi partiyanın müxalifət düşərgəsinə arxadan zərbə vurmasını da elə sözügedən düşərgənin təmsilçilərinin özləri bəyan ediblər.

Göründüyü kimi, M.Mirəlioğlunun bildirdiyi kimi, Ə.Kərimli elə ilk dövrlərdən xəyanət yolu seçib: "AXCP tarixində Əli Kərimli qədər pozuculuq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əlehinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır".

Beləliklə, bu gün AXCP sədri yenə də öz köhnə əməllərini davam etdirməklə Azərbaycan xalqının milli maraqlarına xəyanət etmək xislətindən əl çəkmir.

R.HÜSEYNOVA

Digər xəbərlər