Vəkildən ənənəvi müxalifətə atmaca
Uzun müddətdir ki, siyasi olaylara baş qoşmayan vəkil Aslan İsmayılov gözlənilmədən ənənəvi müxlaifətə qarşı əks-fikirlər səsləndirib. Xüsusilə, illər boyu daxilində olduğu radikal müxalifət partiyalarına sərf etməyən fikir ortaya qoyan vəkil atmaca şəklində bildirib ki, o, ənənəvi müxalifətin üzərindən xətt çəkib atmaq istəmədiyini desə də, reallıq bunu göstərir.
Aslan İsmayılovun birdən-birə nəyə görə belə bir jestə getməsi suallar yaradır
Maraqlı məqamlardan biri də İsmayılovun son vaxtlar müxalifətin heç bir tədbirlərinə qatılmayan, eləcə də düşərgə liderlərinə qarşı ittihamları ilə seçilən "REAL" Alternativ Hərəkatına dəstək şəkilli fikirlər səsləndirməsidir. Belə ki, adıçəkilən hərəkatla bağlı bu günə qədər bir dəfə də münasibət sərgiləməyən Aslan İsmayılovun birdən-birə nəyə görə belə bir jestə getməsi sual doğurur. Məsələn, o deyib ki, müxalifət arasında seçkilər keçirilərsə və həmin seçkilərdə saxtakarlıq olmazsa, "REAL" düşərgədəki digər partiyaların hər birini üstələyə bilər. Bununla AXCP, Müsavat, ADP, KXCP və s. kimi müxalifət partiyalarını heçə saydığını, bilavasitə bildirən vəkil söz yox ki, bu fikirlərini elə-belə səsləndirməyib. Yəni onun və "REAL"-ın burada hər hansı maraqlarının olması şübhəsizdir.
"REAL" bu vasitə ilə özünə xarici donor axtarır
Daha bir fakta nəzər salaq. "REAL"-ın rəhbərliyi son vaxtlar ciddi işlərlə məşğul olduqlarını deməklə, aşkar şəkildə ənənəvi müxalifət partiyalarına və onların ldierlərinə qarşı meydan oxuyur. Təbii ki, burada daha bir neçə məqamların olduğunu demək mümkündür. Məsələn, "REAL" bu vasitə ilə özünə xarici donor axtarır. Çünki uzun illər ənənəvi düşərgədəki paritya və qurumlara pul buraxan xarici təşkilatlar indi həmin ənənələrini gerçəkləşdirmirlər. Onların bu cür zəif müxalifətə inamları tamamilə itib. Ona görə də yeni müxalifət axtarışındadırlar. "REAL" rəhbərliyi isə bu fürsəti əldən verməmək, nəzərləri öz üzərlərinə cəmləşdirmək üçün meydan oxumağa başlayıb. Ona görə də Aslamn İsmayılov kimi vəkilin onlara yardımı, təbliğat ola bilər. Çox yəqin ki, tərəflər arasında bununla bağlı müəyyən anlaşma da mövcuddur.
Digər tərəfdən, əgər Aslan İsmayılov, həqiqərtən də "REAL" Alternativ Hərəkatını real müxalifət gücü hesab etsəydi, daha öncələr eyni motivdən çıxış edərdi. Ancaq etməyib, etmədiyinə görə də indi müəyyən suallar doğurmaqdadır.
"REAL"-ın məqsədi ənənəvi düşərgədə liderliyi ələ keçirməkdir
Vəkil daha bir maraqlı nüansa toxunub. O, ənənəvi müxalifət partiyalarında daxili problemlərə işarə edərək, oralardakı liderlik uğrundakı çəkişmələrə işarə edib və "REAL"-da belə faktların olmadığını deyib: "Bu gün gənclərin "REAL" təşkilatına meyillənməsi yalnız İlqar Məmmədovla bağlı deyil. Yəni bu istək təşkilata toplanmış insanlarla bağlıdır. Bu, bir nəfər, yaxud beş nəfərlə bağlı deyil. "REAL"-da bu gün liderlər çoxdur. Altay Göyüşov, Natiq Cəfərli, Erkin Qədirli, Azər Qasımov və adını çəkmədiyim bir çoxları".
Ona görə də bu gün onlar gənclər tərəfindən qəbul edilir. Yəni "REAL"-a olan simpatiya o təşkilatın ümumən üzvlərinə olan müsbət münasibətdən irəli gəlir. "REAL"-ın uğuru ondadır ki, onlar bir lider ətrafında deyil, bir ideya ətrafında toplaşıblar. Amma bununla belə, ənənəvi müxalifətin üstündən xətt çəkib atmaq olmaz. Onların da cəmiyyətdə müəyyən rolu var".
Göründüyü kimi, Aslan İsmayılov yeni vəzifəyə başlayıb və onun vəzifəsi "REAL"-ın müxalifət daxilindəki auditoriyaya hesabalanmış təbliğatıdır ki, artıq bununla belə demək mümkündür ki, hərəkat öz qarşısına ciddi məqsəd qoyub və həmin məqsədlərdən biri də ənənəvi düşərgədə liderliyi ələ keçirib, müxalifətçilik maraqlarını reallaşdırmaqdır.
Rövşən RƏSULOV