Müxalifət daxilində müəyyən tərəflər var ki, onlar İsa Qəmbər ilə Əli Kərimlini bir masa arxasında otuzdurmağa çalışırlar. Bu halda maraqlı sual yaranır: tərəflər niyə bu dərəcədə Əli Kərimli ilə İsa Qəmbərin bir araya gəlməsinə maraq göstərirlər? "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət düşərgəsində olan partiyalar o qədər dağılmış və iflasa uğramış bir vəziyyətdədirlər ki, bunlar hər bir saman çöpündən də yapışmağa hazırdılar, təki suyun üzündə qala bilsinlər: "Ona görə də, müxalifət düşərgəsində olanlar çalışırlar ki, hamısı bir araya gətirməklə bir görüntü yaratsınlar ki, ayaqda dura bilsinlər. Yəni onlar məhz o görüntünü yaratmaq üçün İsa Qəmbər ilə Əli Kərimlini bir masa arxasında otuzdurmağa çalışırlar. Müxalifət düşərgəsində olan partiyaların hər hansı bir gücü yoxdur ki, onlar nə isə bir iş görə bilsinlər. Müxalifətin var olması cəmiyyət üçün maraqlı deyil. Əgər adını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə bilmirsə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirsə, onda da həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də olmayacaq. Bugünkü müxalifətin bu cür çıxılmaz bir vəziyyətə düşməsinin də səbəbi məhz müxalifətin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Bu gün müxalifət partiyalarının var olub-olmamasının cəmiyyət üçün heç bir isti-soyuqluqu yoxdur". "Düşünmək olarmı ki, Əli Kərimlinin dözümünü xarici qüvvələr sındırmaqla onu İsa Qəmbərlə eyni mövqedən bir araya gəlməsinə məcbur edəcək" sualını cavablandıran partiya sədri bildirdi ki, Azərbaycanın əldə etdiyi uğurlara qısqanclıqla yanaşan həm ölkə daxilində, həm də ölkə xaricində qüvvələr var: "Həmin xaricdə olan bəzi qüvvələr də hər zaman çalışıblar ki, öz məqsədlərini həyata keçirmək üçün müəyyən maraqlı qurumlardan istifadə etsinlər. Ona görə də, xaricdə olan bəzi qüvvələr var ki, ölkə daxilində olan müxalifət təmsilçilərindən bir təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Yəni ölkəmizdə marağı olan bəzi xarici qüvvələr çalışıblar ki, müxalifət düşərgəsində bir-birləri ilə aralarında antoqonist ziddiyətlər olan təşkilatları bir araya gətirsinlər. Ümumiyyətlə, xarici qüvvələrin istək və arzularınadan asılı olmayaraq, onların ölkəmizlə bağlı olan pis niyyətləri reallığa çevrilən deyil. Bəzi xarici qüvvələrin Əli Kərimlini və İsa Qəmbəri bir araya gətirməklə bağlı nəticə verməyəcək. Çünki hər ikisi iddialıdır".
M.Səfərli son olaraq müxalifətin sonunun yaxınlaşdığını bildirdi: "Bu baxımdan, yaxış olardı ki, müxalifət yenilənsin, köhnə, lazımsız partiya sədrləri istefa versin. Onları başqaları əvəzləsin. Bəlkə bu halda müxalifətin mövqeyində müsbətə doğru dəyişiklik olsun. Əks-təqdirdə müxalifət partiyaları tamamilə mövcudluqlarını itirəcəklər".
GÜLYANƏ