Pənah Hüseyn: "Siyasi müxalifətdə böhran dibə çatıb və yüksəliş başlayıb"
Düz 23 ildir ki, uğursuz yol gedən müxalifət yetkililəri hələ də öz uğursuzluqlarını etiraf etməsələr də, ancaq bu gün müxalifətin ən qocaman nümayəndələrindən olan, AXP sədri Pənah Hüseyn bu reallığı etiraf etmək məcburiyyətində qalıb.
AXP sədrindən ağır ittihamlar
P.Hüseyn fevral ayının 21-də "Böhran koalisiyası"nın keçirdiyi tədbirdə səslənən fikirlərlə razılaşmadığını, hər bir tədbirdə şəxsi ambisiyalı şəxslərin olduğunu və bunun nəticəsi olaraq siyasi müxalifətdə böhranın dibə çatdığını bildirib: "Mətbuatda antiböhran koalisiyası barədə gedən yazıları oxuyuram. Orada bəzi dəqiqləşdirmələrə ehtiyac var. Çünki ümumiyyətlə, koalisiyaya daxil olan partiyaların, ayrı-ayrı şəxslərin açıqlamalarında müəyyən fərqliliklər var. Bu da onunla bağlıdır ki, bir ideya kimi də, təşkilat ideyası kimi də tam formalaşmayıb. Həm də müxtəlif təsəvvürlər qorunub saxlanır".
AXP sədri, açıq etiraf edərək bildirib ki, koalisiya ideyasının hazırda tam konturları müəyyənləşməyib: "Xüsusən də, keçirilən tədbirlər təşkilatçılıq koalisiyaya daxil olan qüvvələrin olsa da, bu, faktiki olaraq ictimai toplantılar kimi keçirilir. Orada antiböhran koalisiyasına daxil olmayan xeyli şəxslər də iştirak edir. O, ayrıca bir ictimai-siyasi təsisat kimi formalaşmaqdadır və koalisiya ideyasının hazırda tam konturları müəyyənləşməyib".
"Müxalifət liderlərinin təşəbbüsləri ilə birlik yaranmır"
P.Hüseyn müxalifətin "birliyi" məsələsi ilə bağlı açıqlamasında bildirib ki, müxaliftin "birliyi" məsələsi artıq aktuallığını itirib: "Neçə illərdir ki, müxalifət "birlik" yaratmaq istəyir, ancaq bir nəticə vermir. Səbəb də bəllidir, çünki şəxsi ambisiyalar bu "birliyin" baş tuğmasına əngəl olur: "Müxalifəti birləşdirmək ideyaları ambisioz səslənir. Mənim fikrimcə, yanaşma baxımından doğru deyil. Müxalifət ictimai-siyasi fəallığın artması ilə birləşdirilə bilər. Kimlərinsə vasitəçiliyi, yaxud ayrı-ayrı müxalifət liderlərinin təşəbbüsləri ilə birlik yaranmır. Təəssüf ki, bu, göründü, son illərdə nəinki bu birlik yarandı, əksinə, siyasi müxalifət arasında xüsusən bölünmələr, parçalanmalar, ayrılmalar dərinləşdi. Siyasi müxalifətdə böhran dibə çatıb və yüksəliş başlayıb. Bu yüksəlişin də əsası ayrı-ayrı insanlardan və siyasətçilərdən daha çox cəmiyyətdəki siyasi fəallığın yüksəlməsidir. İnanıram ki, həmin ictimai-siyasi fəallığın nəticələrindən biri olaraq biz yaxın dövrdə, yaxın aylarda müxalifətin də bir araya gəlməsində yeni prosesin və mərhələnin şahidi olacağıq".
Rəfiqə HÜSEYNOVA