PDF Oxu

Müxalifət

  • 2 445

ADR parçalayıcı mövqedə?

image

TƏRS BAXIŞ

Müxalifət partiyalarının əksər üzvləri Qubad İbadoğlunun hərəkatına qoşulmaqla öz sədrlərinə qarşı etimadsızlıqlarını sərgiəyirlər

Müsavat partiyasının qurultayından sonra onun nəticələrini saxta elan edərək, istefa verən bir sıra tanınmış müsavatçı sonradan başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun ətrafında toplaşaraq, Azərbaycan Demokratiya və Rifah Hərəkatını (ADR) təsis etdilər. Bu gün ADR-də istər öz istəyi ilə, istərsə də Arif Hacılının göstərişi ilə çıxarılan müsavatçılar indi uzun illər təmsil olunduqları partiyaya qarşı ən kəskin ifadələrlə, bəyanat və açıqlamalarla çıxış etməkdədirlər. Hətta vəziyyət o həddə çatıb ki, ADR-Müsavat arasında məhkəmə çəkişməsi də davam etməkdədir.

Ancaq maraqdoğurucu nüanslar da var ki, onları müşahidə edib araşdıranda bəzi suallar meydana çıxmağa başlayır. Məsələn, fevralın 23-də hərəkatın toplantısı zamanı onun tərkibində yalnız sabiq müsavatçıların deyil, başqa müxalifət partiya nümayəndələrinin də olması barədə fikirlər deyilib. Təbii ki, Qubad İbadoğlunun rəhbəri olduğu təşkilat partiya deyil və orada istənilən partiyanın nümayəndələri təmsil oluna bilərlər. Ancaq düşərgədəki real mənzərənin analizini apararkən, başqa partiya nümayəndələrinin ADR-də də təmsil olunmaları onların öz partiya sədrlərinə və liderlərinə olan etimadsızlıqlarından da irəli gəlir.

ADR rəsmisi Ellada Məmmədli: "Hərəkat sıralarında Müsavat, "Ümid", KXCP, VİP və Ədalət partiyalarının üzvləri təmsil olunurlar"

Məhz təsis konfransı zamanı adıçəkilən hərəkatda hansı partiyaların üzvlərinin təmsil olunduğu açıqlanarkən, belə nəticəyə gəlmək mümkündür. Belə ki, ADR hərəkatının təsis konfransında ADR təşkilat komitəsinin üzvü Ellada Məmmədlinin dediyinə görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sıralarında Müsavat, "Ümid", Klassik Xalq Cəbhəsi (KXCP), Vətəndaş Həmrəyliyi (VİP) və Ədalət partiyalarının üzvləri təmsil olunurlar. O, hətta Mirmahmud Mirəlioğlunun sədri olduğu KXCP-nin hərəkatda daha çox insanla təmsil olunduğunu da qeyd edib. Sitat: "Bu yaxınlarda KXCP Salyan rayon təşkilatı qərar qəbul edərək, bütövlükdə hərəkata daxil olub".

Bu isə ADR üçün xoş təsir bağışlasa belə, istər KXCP, istər digər digər müxalifət partiyaları üçün arzuolunmaz haldır.

Seçim olacaq - ya ADR, ya da təmsil olunduqları partiya!

Çünki hərəkatın yaxın zamanlarda siyasi partiyaya çevrilməsi ehtimalını istisna etməyən ADR rəsmiləri də var ki, bu, baş verərsə, onlarla birgə təmsil olunan digər müxalifət partiya üzvləri avtomatik olaraq seçim qarşısında qalmalı olacaqlar - ya ADR, ya da təmsil olunduqları partiya!

Burada, necə deyərlər, tərs baxış amili yaranır. Məsələn, sirr deyil ki, KXCP daxilində uzun müddətdir ki, sədr Mirmahmud Mirəlioğlu ilə ona qarşı çıxan qruplar arasında ziddiyyətlər yaşanmaqdadır. Narazı klassiklərin bir qisminin təşkilatdan çıxarılmaları ilə bağlı KXCP rəsmiləri tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, narazılar bu gün də özlərini partiyanın üzvləri və funksionerləri kimi təqdim etməkdədirlər. Onlar artıq bir neçə ildir ki, Mirmahmud Mirəlioğlunun sədr postunu yeni adamlara təhvil verməsini tələb edirlər. Ancaq Mirəlioğlu və ətrafı bu tələbləri yerinə yetirməməklə, qurultay məsələsini də gecikdirir. Təbii ki, bu KXCP-nin daxili fəaliyyətidir və əsas məsələ ondadır ki, bu partiyada sədrə, rəhbərliyə qarşı etimadsızlıq göz önündədir.

O cümlədən, "Ümid", VİP, Ədalət partiyalarında da bənzər hallar mövcuddur. Uzun illərdir ki, həmin partiyalara rəhbərlik edən şəxslər öz postlarını yeni simalarla əvəzləmək fikrində olmadıqlarını sərgiləyirlər. Belə olan halda, siyasi yöndə önə çıxa bilməyəcəklərini, ideyalarını reallaşdırmağa imkan tapa bllməyəcəklərini qət edən müxalifətçilər daha demokratik baxışı olan şəxsin yanına transfer olunurlar ki, o da, hələlik Qubad İbadoğludur.

ADR-i çətin sınaqlar və müxalifətdaxili hücumlar gözləyir

Ancaq bu dəfə ortaya növbəti yeni məqam çıxır. Daha dəqiq desək, bu gün ADR-ə qoşulan digər partiyaların üzvləri sayəsində hərəkat parçalayıcı mövqe statusunu da qazanmış olur. Bu təbii prosesdir və bəlkə də Qubad İbadoğlu parçalayıcı mövqedən çıxış etmək fikrindən kifayət qədər uzaq dayanır. Ancaq fakt budur ki, ADR-ə qoşulan digər müxalifət partiyalarının üzvləri öz addımları ilə təşkilatlarına, sədrlərinə etimad göstərmədiklərini sübuta yetirmiş olurlar və hərəkata üzv yazılırlar. Ona görə də çox güman ki, ADR-i çətin sınaqlar və müxalifətdaxili hücumlar gözləyir. Çünki belə davam edərsə, başqa müxalifət partiyalarından hərəkata axın dayanmazsa, ADR müxalifət düşərgəsində yeni cəbhə açmış olacaq. Bu savaşdan isə kimin qalib çıxacağını isə, əlbəttə ki, zaman göstərəcək. Lakin hələlik, ki ADR digər müxalifət qurumları üzərində qələbə çalmaqda davam edir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər