PDF Oxu

Müxalifət

  • 1 733

Əli Kərimli dirəndiyi dalandan çıxa biləcəkmi?

image

Razi Nurullayev isə daha kəskin addımlara gedəcəyini deyir

Parçalanmış AXCP sədrləri - Əli Kərimli və Razi Nurullayev arasında uzun müddətdir ki, cərəyan edən qarşıdurmalar məhkəmə çərçivəsində də davam edir. Ancaq ilk baxışdan görünən budur ki, bu ziddiyyətlərin məhkəməyə qədər gedib çıxması hələ çox su aparacaq. Hələlik isə savaş mətbuat üzərində aparılır. Əli Kərimli nəzarətində saxladığı "Azadlıq" qəzeti və saytı vasitəsilə, Razi Nurullayev isə yeni qeydiyyatdan keçirdiyi "Cümhuriyyət" qəzeti və "Cebheinfo" saytı vasitəsilə qarşılıqlı müharibə aparmaqdadırlar.

Razi Nurullayev bildirib ki, hazırda apellyasiya mərhələsindədirlər: "Məhkəmə bizdən müəyyən sənədlər istəyir. Söhbət qurultayın sənədlərindən, eləcə də qanun pozuntuları barədə, üzvlər haqqında, bizim özümüzün işləri ilə əlaqəli sənədlərdən gedir. Bu sənədlər məhkəməyə təqdim edilir və sonda hakimlər bir qərara gələcək".

R.Nurullayev qeyd edib ki, qarşı tərəfin, yəni Əli Kərimlinin başlatdığı məhkəmə prosesinin onlara aidiyyəti yoxdur: "Biz hazırda apellyasiya məhkəməsi mərhələsindəyik. Əvvəlcə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdik. Bu instansiya bizə məsləhət gördü ki, Apellyasiya Məhkəməsinə müraciət edək. Biz də bu prosesə qoşulduq və sona qədər davam edəcəyik. Qarşı tərəfin məhkəməyə müraciət etməsi əsla bizi narahat etmir. Mən deyə bilmərəm ki, sonda hər iki tərəfin iddiası bir işdə birləşdiriləcək və ya birləşdirilməyəcək".

Onu da qeyd edək ki, Əli Kərimli Razi Nurullayevə qarşı məhkəmə savaşında bir neçə vəkil tutub. Onlar Qurban Məmmədov, Xaliq Bağırov, Vidadi Mirkamal və Namizəd Səfərovdur. Lakin Razi Nurullayev bu kimi vəkillərin Əli Kərimliyə heç bir səmərə verməyəcəyini iddia edib. Çünki onun iddiaları əsassızdır və kimsədən qorxub-çəkinmir: "Bizim müdafiə olunmaq, ortaya faktlar çıxarmaq üçün ciddi əsaslarımız mövcuddur. Biz bu işə inanmışıq. Odur ki, qarşı tərəfin hüquqlarını kimlərin qoruması bizim üçün əhəmiyyətli deyil. İstəyir onların yüz vəkili olsun. Bu bizi əsla qayğılandırmır. Bu işə başlamışıq və sona qədər gedəcəyik. Növbəti məhkəmə prosesində də lazım olan sənədləri hakimə təqdim ediləcək. Bizim də hüquqlarımızı qoruyan vəkillərimiz var. Hesab edirəm ki, indilikdə məhkəmə prosesinin getməsinin partiyanın fəaliyyətinə hər hansı neqativ təsiri yoxdur. Məhkəmə öz işi ilə, biz də öz işimizlə məşğuluq. Bu yolu da sona qədər gedəcəyik".

Göründüyü kimi, Əli Kərimlinin Razi Nurullayevin qarşısına beş-altı vəkillə çıxması Nurullayevin tükünü belə tərpətməyib. Çünki onun son anda Kərimlinin saxtakarlıqları və qanunazidd əməlləri barədə təkzibolunmaz faktları var. Bu faktlar isə dalana dirənmiş Əli Kərimlini daha çətin vəziyyətə salacaq. Razi Nurullayev isə hələ sədrlikdən çıxdıqdan sonra AXCP-nin ştamp və möhürünü Əli Kərimlinin əlindən alacağını iddia etmişdi. Deyəsən, o, bu iddiasını reallaşdırmağa yaxınlaşıb.

Rövşən RƏSULOV

Digər xəbərlər