PDF Oxu

Müxalifət

  • 1 944

"Böhran koalisiyası" və Müsavat fonunda

image

Tural Abbaslı-Əhməd Oruc cütlüyü ilə Elman Fəttah qarşıdurması start götürdü

"Böhran koalisiyası" ilə Müsavat arasında baş verən qarşıdurma getdikcə şiddətlənməkdə davam edir. Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər rəhbərlik etdiyi "Milli-Strateji Düşüncə Mərkəzi" adlı qurumunun fəaliyyətini bir neçə digər müxalifət partiyasının cəmləşdiyi "Böhran koalisiyası"na qarşı tədbiq etməyə başladığı andan iki tərəf arasında ziddiyyətlər yaranmağa başladı. Buna səbəb isə adından da göründüyü kimi, "Böhran koalisiyası" adlı qurumun müvafiq amillərlə bağlı toplantılar və tədbirlər keçirməsidir.

İsa Qəmbərin "MSDM"i "Böhran koalisiyası"ndan ideya oğurluğu edir

Daha dəqiq desək, İsa Qəmbər də eyni mövzuda tədbirlər keçirməyə cəhd göstərərək, öz "dəst-xətt"i ilə qarşı tərəfin ideyasını oğurlayır. Bu isə "Böhran koalisiyası"nın xoşuna gəlmir. Ona görə də gözlənilən qarşıdurmalar şiddətlənməyə başlayır.

Bu arada Azərbaycan Demokrat Liberal Partiyasının (ADLP) ofisində koalisiyanın işçi qrupunun növbəti toplantısı keçirilib və Müsavat partiyasının keçmiş divan üzvü, eləcə də başqanlığa sabiq namizəd Tural Abbaslı dolayısı ilə bildirib ki, müxalifət qurumları bir araya gəlməkdənsə, bir-birindən ideya oğurlamaqla məşğuldurlar: "Halbuki İsa Qəmbərin "MSDM" adlı təşkilatına da dəvətlər göndərilmişdi. Ancaq o, bu dəvəti qəbul etməyərək, "Böhran koalisiyası"nın apardığı işləri təkrar etməklə məşğuldur". "Bizdə açıq qapı siyasətidir" deyən Abbaslı İsa Qəmbərdən fərqli olaraq, digər müxalifət partiyalarının onlardan ideya oğurluğu etməmələrini deyib və misal kimi Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbərin koalisiyanın işçi qrupunda təmsil olunmamasına rəğmən, qonaq kimi iştirak etdiyini xatırladıb: "Sülhəddin Əkbər tədbirlərimizə qonaq qismində gələrək çıxış edir, özünün mövqeyini ortaya qoyur. Ola bilsin ki, gələcəkdə işçi qrupuna qatılsın. Ərəstun Oruclu da tədbirə qonaq qismində gəlir".

Müsavat başqanının müavini Elman Fəttah: "Bu qurumu ciddi hesab etmirəm"

Tural Abbaslının bu kimi fikirlərlə çıxş etməsi Müsavatın cavabını çox gözlətməyib. Müsavat başqanının müavini Elman Fəttah "Böhran koalisiyası"nı kəskin şəkildə ittiham edib. Onun sözlərinə görə, bu qurum tərəfindən Müsavata heç bir dəvət məktubu göndərilməyib və keçmiş partiyadaşı olmuş Tural Abbaslı yalan danışır: "Antiböhran adı altında birləşən lokal qrupların məqsədləri bizə bəlli deyil. Bu koalisiyada təmsil olunan qurumlarla birlikdə addımlamağı doğru hesab etmirəm. Həmin toplantıları ciddiyə almıram".

Daha bir maraqlı məqam Müsavat başqanı Arif Hacılının başqan olduğu dövrdən Əli Kərilminin sədri olduğu AXCP ilə yenidən əməkdaşlıq etmək istəyinin hələ də qüvvədə qalmasıdır. Halbuki A.Hacılı dəfələrlə Ə.Kərimliyə bu təklifi etsə də, cəbhə sədri onun sözünü yerə salıb və partiyası ilə Müsavatın arasında heç bir əlaqənin olmadığını bildirib.

Müsavatçı funksioner AXCP sədri Əli Kərimliyə yalmanmağı da unutmadı

Buna baxmayaraq, indi də Arif Hacılının müavini Elman Fəttah sözügedən mövzudan istifadə edərək, necə deyərlər, bir daha Əli Kərimliyə xoş gəlməkdən ötrü ona yalmanıb. O, sözlərinə əlavə olaraq deyib ki, Müsavat və AXCP-nin olmadığı heç bir qurum ciddi qəbul oluna bilməz: "Məhz ciddiliyi şübhə altında olduğuna görə Müsavat belə birliklərə qoşulmur".

Göründüyü kimi, Müsavat partiyasının adından danışan E.Fəttah AXCP-nin də adından danışıb ki, bu da yuxarıda qeyd edilən amili bir daha təsdiq etmiş olur.

"Azadlıq" partiyasının sədri Əhməd Orucdan Elman Fəttaha atmaca: "Təzə müavindir, mənə tanış deyil"

Lakin bu dəfə Tural Abbaslı keçmiş partiyadaşının - Müsavatın başqan müavini Elman Fəttahın cavabını verməyərək, cavab haqqını "Böhran koalisiyası"nda təmsil olunan "Azadlıq" partiyasının sədri Əhməd Oruca həvalə edib. Əhməd Oruc isə müsavatçı rəsminin sözlərini rədd edərək deyib ki, heç Elman Fəttahı tanımır: "Yəqin təzə müavindir, mənə tanış deyil. Elman Fəttahın özü nə qədər ciddidir ki, kiminsə ciddi və ya qeyri-ciddi olduğunu deyir, bu proseduralara rəhbərlik edir? Bu prosesin nə qədər ciddi olub-olmadığı vəziyyətdən asılı olacaq. Adından göründüyü kimi, siyasi partiyalar "Böhran koalisiyası"nda bir araya gələrək fikir və təkliflərini bildirir, onu uzlaşdırır. Bu, müsbət hadisədir. Kimsə bunu həzm edə bilmirsə, onların işidir".

"Azadlıq" sədri qeyd edib ki, Müsavat funksionerinin onların dialoq prosesində iştirakını, eləcə də Avropa Oyunları zamanı bu hadisəyə dəstək vermə təşəbbüslərini tənqid etməsini anlaya bilmir: "Biz dialoq mövqeyindəydik və hesab edirdik ki, bu, doğru mövqedir. Hakimiyyətlə müxalifət arasında fərqli mövqelərlə bağlı müzakirələr olmalıdır. Kimlərsə Tbilisidə, Moskvada ermənilərlə görüşməyi doğru, öz hökuməti ilə müzakirələr aparmağı səhv hesab edirlərsə, bu, onların problemidir".

İttiham: "AXCP və Müsavat arasında bitməyən intriqalar bütövlükdə müxalif düşərgəni pis vəziyyətdə qoyub"

"Böhran koalisiyası"nın nümayəndəsi Müsavat və AXCP-nin iştirak etmədiyi birliyin qeyri-ciddi və əhəmiyyətsiz olması haqqında iddiaları da rədd edib: "Bu gün Müsavat və AXCP-nin nüfuzu əvvəlki illərlə müqayisədə çox zəifdir. Bunlar iddia edirlər ki, Müsavat və AXCP-nin iştirak etdiyi proses normal prosesdir. 1993-cü ildən guya ana müxalifət bu iki partiyadır. Əslində, bu iki partiya arasında bitməyən intriqalar bütövlükdə müxalif düşərgəni pis vəziyyətdə qoyub. AXCP və Müsavat nə qədər prosesdən kənarda qalsa, normal təfəkkürlə daha yaxşı müxalif siyasət ortaya qoymaq olar. Bu iki partiyanın heç biri atdığı addımları məntiqi surətdə əsaslandıra bilmir. Bunların sahibi Rusiya, İran, Qərb də ola bilər. Son hadisələr göstərir ki, onlar istənilən sifarişçinin əmrlərini yerinə yetirməyə hazırdırlar".

Beləlkilə, məsələ aydındır və görünən də budur ki, əslində loyallıq və dialoq prinsipini dəstəkləyən müxalifət artıq mövcuddur. Yəni onlar radikallardan fərqli olaraq, dövlətin ümumi marağında olan addımlar atmağa hazır olduqlarını sərgiləyirlər. Ancaq radikal müxalifət partiyaları düşərgədə ittiham etməklə, ideya oğurluğu ilə məşğul olmaqla günlərini saymaqda davam edir. Hər halda sözügedən qarşıdurmanın davam edəcəyini indi də görmək mümkündür. Çünki indi düşərgədə iki tərəf qarşı-qarşıya qalıb - loyallar və radikallar. Böyük ehtimalla bu qarşıdurmadan məhz loyallar qalib ayrılacaq. Çünki radikalların limitləri çoxdan tükənib.

Rövşən RƏSULOV

Digər xəbərlər