TƏRS BAXIŞ
Əlbəttə ki, feysbukda!
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin feysbuk xəstəliyinə tutulması və həmin xəstəliyi fonunda "ağıllı tövsiyələrlə" çıxış edib özünütəbliğ cəhdlərinə getməsi birinci hal deyil. Yəni bu şəxsin siyasi səhnədən birdəfəlik sislinməməsi üçün bir çıxış yolu var ki, o da özünütəbliğ metodudur. Bunun üçün isə Ə.Kərimlinin əlində iki vasitə qalıb - "Azadlıq" qəzeti və sosial şəbəkə. Çünki onun özü də yaxşı bilir ki, artıq heç bir siyasi çəkisi, nüfuzu, söz ağırlığı yoxdur və fikirləri ictimai rəyə tamamilə əhəmiyyətsizdir. Buna görə də sosial şəbəkədə pulla saxladığı adamları vasitəsilə ucuz fikirlərini yürüdür, həmin fikirlərini tənqid edənlərə qarşı isə "söyüş qrupu"ndan istifadə edir. Ancaq onun bu planı da artıq iflasa uğramaqdadır. Belə ki, Əli Kərimli amili artıq AXCP daxilində də tükənib.
Bu faktor bəlli olan kimi, nədənsə Əli Kərimlinin kürkünə birə düşməyə başlayır
Bu baxımdan, Ə.Kərimlinin yenidən feysbuka çıxıb Azərbaycan iqtidarını növbəti dəfə hədəfə alması heç bir ictimai marağa səbəb olmayıb. Məsələ ondadır ki, artıq bir neçə müddətdir ABŞ Konqresində fəaliyyət göstərən ermənipərəst konqresmenlər erməni lobbisinin onlara verdiyi rüşvətlər hesabına Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların qəbulu üçün dəridən-qabıqdan çıxırlar. Düzdür, konqresdə hadisələri doğru qiymətləndirməyi bacaran, o cümlədən, haqqı-nahaqa verməyən konqresmenlər də var və onlar heç bir rüşvətə, siyasi korrupsiyaya bulaşmayaraq, Azərbaycanın dostu qismində çıxışlar edir, ölkəmizin nüfuzuna xələl vura biləcək sanksiyaların qəbulunu əngəlləməyə nail olurlar. Ancaq bu faktor bəlli olan kimi, nədənsə Ə.Kərimlinin kürkünə birə düşməyə başlayır və o, dövlətinin sanksiyalara məruz qalması üçün dəridən-qabıqdan çıxmağa başlayır. Görünür, erməni lobbisinin pullarından ona da çatacaqlar var ki, siyasəti biznesə çevirən Kərimli bu amildən öz xeyiri üçün maksimum yararlanmağa çalışır.
Kərilmi gecə-gündüz yatmayaraq, əhalinin banklara olan kredit borclarından "narahat" olduğunu böyük artistlik məharəti ilə sərgiləyir
Bir-birindən "ağıllı" tövsiyələri ilə az qala əvəzolunmaz müxalifət lideri olduğunu iddia edən Əli Kərimli əslində bu kimi vasitələrlə özünüifşa funksiyasını yerinə yetirməkdədir. Təbii ki, burada AXCP sədrinin artistlik məharəti də peyda olur ki, biz dəfələrlə onun oynadığı ürəkbulandırıcı rollarının şahidlərinə çevrilmişik. Təbii ki, bu dəfə də belə olub. Məsələn, daim xalqın adından danışıaraq siyasi dividend qazanmağa çalışan Kərilmi sən demə gecə-gündüz yatmayaraq, əhalinin banklara olan kredit borclarından "narahat" olduğunu böyük artistlik məharəti ilə sərgiləyir. İntihar və s. kimi amilləri süni şəkildə qabardan cəbhə sədrinin bu cür çığır-bağır, haray-şivən salması isə ona qarşı belə bir sualın yaranmasına səbəb olur - əgər sən doğrudan da, xalqın kredit borclarından narahatsansa, niyə əlində olan çoxsaylı villalarından bir neçəsini satmır, cangüdənlərindən birini ixtisara salıb, ona ödədiyin yüksək əməkhaqqının bir illik cəmini toplamır, bahalı avtomobillərindən birini satmır, banklarda olan depozitlərinin bir qismini nağdlaşdırmır, Londonda arvadına məxsus butiklərdən birini hərraca çıxarmır və əldə etdiyin gəlirlərlə ən azından bir neçə nəfərin kredit borclarını bağlamırsan? Axı xalq, millət, camaat deyəndə, ağzına çullu dovşan sığışmır! Əgər elədirsə, cürət et və bu addımı at! Ən azından, özünə qarşı bir neçə nəfərin rəğbət qazanmaq şansını əldə edə bilərsən. Amma etmirsən. Halbuki edə də bilərsən... Etmirsənsə, onda zəhmət olmasa, sus və insanların baş-beynini öz zəhlətökən "tövsiyələrinlə" aparma. Onsuz da sənin kim olduğunu bilənlər yaxşı bilir, Kərimli!
Sən bunun hesabatını ver ..!
Bu "adam" iddia edir ki, guya Azərbaycan hakimiyyəti erməni lobbisinin planlaşdırdığı sanksiyaların qəbul edilməməsi üçün konqresin bəzi nümayəndələrinə pul verir (?!-R.R.). Onda buyursun, sübut etsin "iddialarını". Ancaq etmir, çünki bu iddiaların heç bir əsası-filanı yoxdur, mister Kərimli! Hakimiyyət sənin kimi torpaq satanlardan, xəyanətkarlardan, erməni lobbisinə satılanlardan fərqli olaraq, xalqın boğazından kəsib, hansısa amerikalı siyasətçini yedirtmək düşüncəsindən qat-qat uzaqdadır. Halbuki sən-Əli Kərimli AXCP-nin bir çox üzvlərinin maaşlarını tamahkarcasına, acgözlüklə mənimsəyir, üstəlik partiyanda diktatura rejimi, avtoritar idarəçilik funksiyasını icra edirsən. Sən bunun hesabatını, ver boş-boş feysbuk çərənləmələri ilə siyasi gündəmdə vızıldamaqdansa...
Görünən budur ki, həqiqətən də ciddi və sağalmaz feysbuk xəstəliyinə tutulmuş Əli Kərimli artıq bu istiqamətdə özünü o qədər inandırıb ki, artıq onun müalicəsi üçün heç bir dərman pereparatı effektiv nəticəni verməyəcək. Yəni Allahın şəfası da bu artistdən uzaq dayanıb.
Rövşən RƏSULOV
P.S. Görəsən, Əli Kərimli bir dəfə də dönüb öz arxasına baxaraq ətrafının tamamilə boşaldığının, lazımsız fərdə çevrildiyinin fərqinə varırmı?