PDF Oxu

Müxalifət

  • 1 935

Ermənistan inqilab ərəfəsində

image

Yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktuallaşdırır

Məlum olduğu kimi, Ermənistanda ötən ilin sonunda əvvəlcə enerjinin qiymətinin qalxması ilə bağlı "Talana yox", sonra isə baş verən "su qiyamı" və onun ardınca konstitutsiyaya dəyişikliklər ölkədə hakimiyyət dəyişikliyini aktuallaşdırır. Erməni saytı "168.am" internet saytının keçirdiyi ekspert sorğusuna əsasən, Ermənistanın keçmiş və hazırkı prezidentləri Robert Koçaryan və Serj Sarkisyan ölkənin ən zəngin adamlarıdır. Sorğuya əsasən, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın varidatı 10 milyarddan çox ABŞ dolları təşkil edir ki, bu da ölkənin dövlət büdcəsindən 3,2 dəfə çoxdur. Şübhə yoxdur ki, bu varidat hazırda aclıq və yoxsulluqdan əziyyət çəkən erməni xalqından oğurlanmış pullar hesabına əldə edilib.

İqtisadiyyatı tamamilə iflasa uğrayan Ermənistanda işsizlərin sayı durmadan artmaqdadır. Az əmək haqqı ilə də olsa işləyənlər isə aylarla əmək haqqı ala bilmirlər. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə işsizlərin sayı ciddi şəkildə artıb. Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı isə 120 min nəfərdən çoxdur. Ölkənin Milli Statistika Xidmətinin Ermənistanda yoxsulluğun mənzərəsi və iş bazarının problemləri üzrə 5 illik araşdırmaların nəticələrinə görə isə, hər 100 işsizdən 40-ı gəncdir. Ümumi işsizlər arasında 20-29 yaşlılar üstünlük təşkil edir.

Ermənistanda hakimiyyət çəkişməsi böyüyür

Proseslər göstərir ki, Sarkisyan mövqelərini qorumaq və səlahiyyət müddəti başa çatdıqdan sonra da baş nazir kimi ölkəyə rəhbərliyini davam etdirmək üçün daşnakların yardımına ehtiyac duyur. Bu məqsədlə də onlarla münasibətləri genişləndirir və hakimiyyətdə müəyyən postlar məhz daşnaklara həvalə edilir.

Xatırladaq ki, Ermənistanda 2015-ci il 6 dekabrda qəbul edilən yeni konstitusiya prezidentin səlahiyyətlərini məhdudlaşdırır və parlamentə geniş səlahiyyət verir. Həmçinin, ölkəyə faktiki rəhbərlik baş nazirə həvalə olunur. Bu vaxta qədər Sarkisyan və tərəfdarları iddia edirdilər ki, indiki prezident heç də 2018-ci ilin fevralından qüvvəyə minəcək yeni dəyişikliklərdən sonra baş nazir olmayacaq. Hətta iddia olunurdu ki, prezident kimi səlahiyyət müddəti başa çatdıqdan sonra Sarkisyan siyasətdən gedəcək. Lakin hakim Respublika Partiyasının katibi Qaqik Melikyan artıq bunu açıq şəkildə təkzib edir. O, Serj Sarkisyanın prezident səlahiyyətlərinin bitəcəyi 2018-ci ildən sonra da siyasətdə qalacağını deyib: "Kim deyir ki, Serj Sarkisyan siyasətdən gedir? Belə gözləntilər heç kəsdə olmalı deyil".

Qeyd olunduğu kimi isə, ölkəni uçuruma yuvarlayan Sarkisyan hakimiyyətdə qala bilmək üçün daşnaklarla işbirliyini genişləndirir. Elə bu günlərdə o, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Qorik Akopyanı vəzifəsindən azad edib. Əvəzində isə daşnaklara yaxın olan Georgi Kutoyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib. Kutoyan bundan əvvəl baş prokurorun müavini olub. Məsələ ilə bağlı Ermənistan parlamentinin üzvü Zarui Postancyan artıq məhkəməyə müraciət edib. O, Serj Sarkisyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Georgi Kutoyanın təyin olunması haqqında qərarının ölkə qanunvericiliyinə zidd olduğunu bildirir. Məhz bu səbəbdən xanım Postancyan Georgi Kutoyanın təyinatı haqqında prezidentin fərmanını etibarsız tanımaq iddiası ilə Ermənistan Respublikası İnzibati Məhkəməsinə ərizə təqdim edib.

Millət vəkili "Ermənistan Milli Təhlükəsizlik Xidməti haqqında" qanununun 19-cu maddəsinin 1-ci hissəsi üzrə nəzərdə tutulan tələblərə əməl olunmadığını bildirir. Onun sözlərinə görə, qanuna əsasən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə bu qurumun təhlükəsizlik orqanlarında hər hansı ali bölməyə rəhbərlik edən və ya son üç il ərzində yüksək vəzifə tutmuş və azı polkovnik rütbəsində olan əməkdaşı təyin oluna bilər.

Daşnaklar isə Respublika Partiyası ilə koalisiyaya getmək fonunda daha çox vəzifə almaq istəyirlər. Belə ki, "Daşnaksütyun" üç nazir portfelinə və iki qubernator vəzifəsinə iddia edir. Onu da qeyd edək ki, "Daşnaksütyun" Partiyası üçün hakimiyyət tərkibində olmaq yenilik deyil. Çünki onlar 2003-cü ildən bəri iki dəfə Robert Koçaryanın prezidentliyi dövründə, 2008-ci ildə isə Serj Sarkisyan iqtidarı ilə hakim koalisiyaya daxil olub.

Beləliklə, deyilənlər onu təsdiqləyir ki, Sarkisyan daha uzun müddətə vəzifədə qala bilmək üçün daşnakların xidmətindən yararlanmaq istəyir.

Hakimiyyətdaxili ziddiyyətlər dərinləşir, iqtidar bütün istiqamətlərdə dəstəkdən məhrum olur

Ermənistan siyasi səhnəsində cərəyan edən son proseslər bu ölkədə sözügedən istiqamətdə də böhranlı vəziyyətin yaranmaqda olduğunu göstərir. Belə görünür ki, yaranmış durumda hakimiyyətin müxalif qüvvələrlə koalisiya yaratmaq cəhdləri də iflasa uğrayacaq. Amma son məlumatlardan belə bəlli olur ki, xalq arasında artan narazılığı qismən neytrallaşdırmaq üçün Serj Sarkisyanın koalisiya hökuməti qurmaq cəhdi də alınmayacaq. Erməni mediası yazır ki, Serj Sarkisyanla baş nazir Ovik Abramyanın münasibətlərinin buna görə kəskinləşməsi də qeyd olunanların real təsdiqlərindən biri kimi çıxış edir.

Baş verənlər deməyə əsas verir ki, Serj Sarkisyan hakimiyyətdə qalmaq üçün yeni komanda formalaşdırır. Başqa sözlə, o, baş nazir olmaq niyyətindədir. Bu istəyini gerçəkləşdirmək üçün daşnakları özünə ən münasib siyasi müttəfiq görür. Daşnaklarla müttəfiqlik diaspor və ya lobbinin sifarişi də ola bilər. Çünki Ermənistanın mövcudluğu Rusiya, lobbi və diaspordan asılıdır.

Beləliklə, Serjik indidən hakimiyyətdə qalmasını zəmanət altına almağa başlayıb. O, ya yeni keyfiyyətdə 7 il də prezident olacaq, ya da daha 5 il baş nazir kimi ölkəni idarə edəcək.

Beləliklə, Ermənistanda yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktual edir və vəziyyətdən çıxış yolu hazırkı hakimiyyətə qarşı sonadək mübarizənin aparılması ola bilər. Yalnız bundan sonra ölkə siyasətində kardinal dəyişikliklər etmək, qonşu dövlətlərə qarşı iddialı və işğalçılıq siyasətinə son qoymaqla Ermənistanın gələcəyi haqqında düşünmək olar. Əks-təqdirdə, Ermənistanın dövlət kimi məhv olması prosesi sürətlənəcək.

A.SƏMƏDOVA

Digər xəbərlər