PDF Oxu

Müxalifət

  • 1 927

"Ümid" müxalifət liderlərinə ittiham irəli sürdü

image

Partiya funksioneri: "Pənah Hüseyn siyasi-taktiki xarakterli gedişlər edir...Rəsul Quliyev mütəmadi olaraq müxalifətin formalaşdırdığı layihələrində yer alır"

Müxalifət düşərgəsində qütbləşmə siyasəti davam etdikcə, partiyalararası intriqalar da sürətlə artır. Xüsusilə, parlament seçkilərindən sonra müxtəlif bilriklərdə təmsil olunan düşərgə partiyaları mövcud vəziyyətdə də qarşılıqlı ittihamlardan kənarda qalmağı bacarmırlar. Məsələn, radikallıqdan imtina edərək, loyal, yaxud konstruktiv müxalifətçilik yolunu üstün tutan bəzi partiyaların "Antiböhran koalisiyası" kimi qurumda çıxış etmələri həmin qurumda təmsil olunmaqdan imtina edən digər müxalifət partiyaları tərəfindən hədəfə alınırlar. Eyni zamanda, adıçəkilən birlikdə fəaliyyət göstərən KXCP, AXP, ADP, VİP, alternativ AXCP, AzDP, ALDP, BAP, Azadlıq partiyası, GAP, AĞ blok kimi siyasi təşkilatlar hakimiyyətlə dialoq mühitində anlaşmalara gedə biləcəklərini də bəyan etməkdədirlər. Bu isə ölkədə konstruktiv müxalifətçilik mühitinin yeniləşməsi istiqamətində atılan addım kimi qiymətləndirilə bilər.

Pənah Hüseynin uzun illər Müsavatın sabiq başqanı İsa Qəmbərlə "əbədi dost" münasibətində qalması əfsanəsi başa çatıb

Onlarla yanaşı, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin sədri olduğu "MSDM", AXCP sədri Əli Kərimlinin nəzarətində olan "Milli Şura" da gündəmdə qalmaqla yanaşı, həm bir-birlərini, həm də onlarla bir yerdə olmayan digər müxalifət partiyalarını müxtəlif şəkildə ittiham hədəfinə çevirirlər. Müsavatla AXCP-nin münasibətləri bəllidir. Ona görə də bu barədə heç nə qeyd etməyərək, AXP-Müsavat arasındakı son funksionerlərarası ittihamlarla müşahidə olunan hadisələri diqqətə çəkmək istərdik. Çünki Pənah Hüseynin uzun illər Müsavatın sabiq başqanı İsa Qəmbərlə "əbədi dost" münasibətində qalması əfsanəsi başa çatıb. Buna misal kimi AXP sədrinin İsa Qəmbərin "MSDM"-ni deyil, "Antiböhran koalisiyası"nı üstün tutub, ora üzv yazılmasını göstərmək olar. Əslində, P.Hüseynin İ.Qəmbərlə münasibətlərinin ilk pozulma anı 2013-cü ilin prezident seçkiləri ərəfəsinə gedib çıxır. Həmin ərəfədə "Milli Şura"ya üzv olan Müsavat partiyası AXP sədri tərəfindən ciddi şəkildə qınanılmışdı.

İsa Qəmbər İqbal Ağazadəyə sifariş verib?

Məhz Müsavatın "Milli Şura"dan çıxmasından sonra Pənah Hüseynlə İsa Qəmbər arasındakı gərgin münasibətlər aradan qaldırılmışdır. İndi isə yenidən bu münasibətlər qarşılıqlı ittihamlar səviyyəsində pozulub.

Bu arada Rəsul Quliyevin də "Antoböhran koalisiyası"na sədr təyin etdirdiyi GAP vasitəsilə dəstək göstərməsi də hadisələrə, necə deyərlər, rəng qatıb. Ona görə də növbəti ittihamlar səngimək bilmir.

Məsələn, Müsavata isti münasibəti ilə seçilən "Ümid" partiyasının aparıcı funksionerlərindən olan və sədr İqbal Ağazadənin "sağ əli" hesab edilən Məhəmməd Əsədullazadə Pəhan Hüseynin "Antiböhran koalisiyası"na qoşulmasını tənqid etməsi, o cümlədən, Rəsul Quliyevi də eyni mövqedən ittiham atəşinə tutması deyilənləri təsdiqləyir. Onun fikrincə, bir sıra müxafilət partiyalarının formalaşdırdığı "Antiböhran koalisiyası"nda P.Hüseyn və R.Quliyevin təmsil olunması, bu koalisiyanın gələcək sual altına qoyur: "Pənah Hüseyn siyasi-taktiki xarakterli gedişlər edir və onun bu gedişləri koalisiyanın sonrakı fəliyyətini çətin vəziyyətə salması gözləniləndir".

"Ümid" funksioneri adıçəkilən koalisiyadakı müxalifət partiyalarının hakimiyyətlə dialoqa getmək tərəfdarı olduqlarını da "əsas" gətirərək, onların hər birini başda Pəhan Hüseyn olmaqla absurd şəkildə "iqtidara işlədiklərini" iddia edir: "...Çünki Pənah bəy bu taktiki gedişləri hakimiyyətlə edir. Bu qurumda Rəsul Quliyevin təmsil olunmasına gəlincə isə, eks-spiker mütəmadi olaraq müxalifətin formalaşdırdığı layhələrində yer alır. Əlbəttə, bununla o, qarşısına müxalifət lideri olmaq məqsədini reallaşdırmaq istəyir. İstəyi baş tutmayanda da, həmin birliklər barədə ittihamlar səsləndirir və birliklərin mənasız olduğunu vurğulayır. Ən sonda "Milli Şura"dakı fəaliyyətinə baxmaq kifayətdir. Bir müddətdən sonra bu quruma ittihamlar səsləndirməsinə heç kim zəmanət vermir. Yeni yaradılan bu birliyin də bu nöqteyi-nəzərdən uğur qazanması gözlənilən deyil".

Nəticə etibarilə bir güllə ilə iki dovşan vurmağa çalışan "Ümid" funksioneri bununla ona verilmiş sifarişini yerinə yetirmiş olub. Ehtimal etmək mümkündür ki, Müsavatın sabiq başqanı İsa Qəmbər "Ümid" sədri İqbal Ağazadə ilə anlaşma yaradaraq, köhnə dostu Pənah Hüseyni və imkan düşmüşkən düşməni Rəsul Quliyevi bir arada "vurmağı" planlaşdırıb. Bunu isə ümidçi funksionerin öhdəsinə buraxıb.

Belə davam edərsə, qarşıda düşərgəni daha acınacaqlı vəziyyətin gözlədiyini proqnozlaşdırmaq mümkündür

Baş verənlər həm də daha bir amili özündə kifayət qədər ehtiva edir ki, koalisiyanın az-çox bir araya gələ bilmək imkanları artıqca, ənənəvi düşərgədəki "ana müxalifət" partiyası adına iddialı olanlar dalana sıxışdırılmış olurlar. Görünür, bu səbəbdən siyasi mövcudluqlarının itirilmə təhlükəsinin artığını dərk etdikcə, ittihamlarını artırırlar. Əlbəttə ki, bütün bunlar, ilk növbədə müxalifətdəki qütbləşməni dərinləşdirir və düşərgəyə ümimi heç bir səmərə vermir. Belə davam edərsə, qarşıda düşərgəni daha acınacaqlı vəziyyətin göslədiyini proqnozlaşdırmaq mümkündür.

Rövşən RƏSULOV

Digər xəbərlər