PDF Oxu

Müxalifət

  • 2 053

Əli Kərimlinin "canı" Fuad Qəhrəmanlı sarıdan dincəlib

image

AXCP sədri indi rahat "nəfəs alır"

AXCP sədrinin müavini, əsasən radikal çıxışları yaddaqalan Fuad Qəhrəmanlının həbsinin Əli Kərimliyə sərf etməsi indi daha çox görünməkdədir. Belə ki, Qəhrəmanlının bu yolla qısa zaman kəsiyində Kərimlinin postuna sahib çıxması ehtimalları ən son ana qədər artmışdı. Təbii ki, Əli Kərimli bunu aşkar büruza verməsə də, daxilində ciddi təlaş keçirirdi. Xüsusilə, partiyasının keçirilməsi nəzərdə tutulan növbəti qurultayı ərəfəsində, eləcə qurultaydan sonrakı vəziyyətlərdə iddiaçı müavinin sədr olmaq şansları birə-beş artmağa başlamışdı. Lakin məlum Nardaran olayları bu amili təxirə saldı və...

Onun Fuad Qəhrəmanlını müdafiə edən fikirlərini çox sevdiyi feysbuk səhifəsində yazmaması qeyd edilən fikirləri tamamilə təsdiqləmiş olur

Fuad Qəhrəmanlı məhz Əli Kərimlinin təhriki ilə (?!-R.N.) sosial şəbəkədə radikal çağırışlar edərək, insanları üsyan etməyə səslədi. İndi Ə.Kərimli əsla etiraf etməz ki, əslində Nardaran hadisələri onun üçün göydəndüşmə oldu və bunun nəticəsində o F.Qəhrəmanlını tələyə sala bildi. Təbii ki, AXCP sədri özünü "yandırmaq" fikrində deyil. Ancaq bu gün onun F.Qəhrəmanlı kontekstindən demək olar ki, çıxışlar etməməsi, F.Qəhrəmanlını müdafiə edən fikirlərini çox sevdiyi feysbuk səhifəsində yazmaması qeyd edilən fikirləri tamamilə təsdiqləmiş olur. Halbuki müxalifətin keçirdiyi icazəsiz aksiyalarda həbs olunan bir çox cəbhəçilərə, hətta sutkalıq həbs cəzaları veriləndə Ə.Kərimli sinəsini qabağa verib, özünü "xilaskar lider" kimi aparır, bu istiqamətdə siyasi dividend axtarışına çıxırdı. Amma biz bu kimi "mübarizlik", "xilaskarlıq" missiyalarını hazırkı məqamda Ə.Kərimlidə görmürük. Ona görə də qənaətə gəlirik ki, cəbhə sədrinin "canı" F.Qəhrəmanlı sarıdan dincəlib və rahat "nəfəs" alır.

Əli Kərimli Fuad Qəhrəmanlının həbs olunacağını bilirdi və istəyirdi

Gəlin AXCP sədrinin Qəhrəmanlı ətrafındakı siyasi belflərinin daha bir tərəfini analiz edək. Sual yaranır, əgər Ə.Kərimli həqiqətən də F.Qəhrəmanlının həbsini istəmirdisə, nəyə görə sözügedən hadisələr ərəfəsində onu radikal çağırışlar etməkdən çəkindirməmişdi? Çünki Kərimlinin manevrinin mövcud mahiyyəti indiyə kimi sərgilədiyi yalançı radikal mübarizədən geri çəkilməkdir. Amma bunu açıq şəkildə ifadə edə bilmədiyindən, ətrafındakıları təxribata çəkməklə, istəyini reallaşdırmağa çalışıb. Onun bu mövqeyi dolayısı ilə Nardaran hadisələri fonunda yazdığı statusunda da qalmaqdadır. Ə.Kərimli həmin vaxt facebookda yazmışdı. Sitat: "Həbs olunmaq təhlükəsi olduğunu bilə-bilə Fuad bəy mübarizəsində bir addım da geri atmadı, özünü qorumağa çalışmadı".

Göründüyü kimi, Ə.Kərimli F.Qəhrəmanlının məlum təxribatçı statusunun sonda onun həbsi ilə nəticələnəcəyini bilirdi. Yəni Ə.Kərimli bunu statusunda açıq şəkildə sərgiləyib. Əgər Ə.Kərimli həqiqətən də F.Qəhrəmanlıdı özünə ən yaxın partiyadaş hesab edirdisə, bütün hallarda öz müavinini təxribatçı addımlardan çəkindirərdi. Amma bunu etmədi. Demək, Ə.Kərimlinin əsas məqsədlərindən biri F.Qəhrəmanlının AXCP sədrliyinə gedən yolunu bağlamaq və sonradan onun adı altında imitasiyalar edib, müxalifətin nə qədər "əzabkeş" olduğunu xarici aləmə göstərməkdən ibarət olub ki, hazırda da həmin "siyasət" onun tərəfindən yürüdlüməkdədir.

İstifadə edib, kənara tullayır

Yeri gəlmişkən, Əli Kərimli yalnız Fuad Qəhrəmanlını deyil, o cümlədən, digər sabiq cəbhəçiləri də öz siyasi dividendi xatirinə istifadə edir, sonra da kənara tullayır. Misal üçün, vaxtilə müavini olmuş Əbülfəz Qurbanlı partiyada ona qarşı qurulan təxribatı bildiyi üçün partiyadan getdi. Yəni o, Ə.Kərimlinin tələsinə düşməmək üçün müvafiq addımını atdı. Lakin Ə.Kərimli Ə.Qurbanlının istefasını belə onda əlaqələndirdi ki, guya hakimiyyət müxalifətə qarşı o qədər sərt mövqedə dayanır ki, müxalifətçilər də məcbur olub partiyalardan istefaya gedirlər (??!!-R.N.). Məntiqsizlikdir, deyilmi?!

Beləlkilə, Ə.Qurbanlının istefasından, Məmməd İbrahimin həbsindən və nəhayət, H.Kərimovun vəfatından sonra F.Qəhrəmanlının Ə.Kərimlinin növbəti qurbanına çevriləcəyi məlum idi. Ə.Kərimli vaxtilə "NİDA" vətəndaş hərəkatı üzvlərini də "Əsgər ölümlərinə son" kampaniyası adı altında təxribata çəkmişdi. Nəticədə, "nidaçı"lar həbs olundular və Ə.Kərimli yenə də həbs olunanlara "facebook" üzərindən nəzəri dəstəyini nümayiş etdirdi. Əlbəttə, bu, heç nəyi dəyişmirdi. İndi də eyni oyunu "sağ əli" adlandırılan F.Qəhrəmanlı üçün təkrarladı.

Sonuncu qurban Fuad Qəhrəmanlı olsa da, növbədə Nurəddin Məmmədlinin, Gözəl Bayramlının və sairlərinin də adları var

"Fuad Qəhrəmanlı Əli Kərimlinin təxribata çəkdiyi yeganə şəxs deyil". Bu fikirləri isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli açıqlamasında bildirib. E.Mirzəbəyli qeyd edib ki, keçmiş AXCP sədri onlarla insanı təxribata çəkərək həbs olunmasında mühüm rol oynayıb: "Milli Şura" fəaliyyətə başladığı dövrdən Əli Kərimli radikal dini gücləri müdafiə edir. Faktiki olaraq, o, radikal dini cərəyanların daşıyıcıları ilə eyni mövqeyə sahibdir. İdeoloji baxışlarına diqqət etdikdə, görürük ki, bu adamın Azərbaycan Xalq Cəbhəsinə heç bir aidiyyatı yoxdur. Milli azadlıq hərəkatında iştirak etmiş insanların heç biri radikal dini cərəyanların daşıyıcıları olmayıblar, onlar heç vaxt dini siyasətə qarışdırmayıblar. Ə.Kərimli isə, faktiki olaraq Azərbaycan dövlətinə, onun dövlətçilik maraqlarına qarşı fəaliyyət göstərir. O, Azərbaycan Konstitusiyasını dəyişməyə çalışan qüvvələri müdafiə edir. Ə.Kərimli F.Qəhrəmanlının dilə gətirdiyi fikirlərin bilavasitə daşıyıcısıdır. Bu həbsin məsuliyyətini, ilk növbədə Ə.Kərimli daşıyır".

Beləliklə, Kərimlinin bu kimi iyrənc oyunbazlıqları kifayət qədər cəbhəçinin "başını yeyib". Sonuncu qurban isə F.Qəhrəmanlı olsa da, növbədə Nurəddin Məmmədlinin, Gözəl Bayramlının və sairlərinin də adları var. Yaxşı olardı ki, Qəhrəmanlının bədbin aqibətini yaşamamaqdan ötrü onlar da ağıllı tərpənib, canlarını Əli Kərimli kimi siyasiləşmiş siyapurlardan qurtarsınlar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər