PDF Oxu

Müxalifət

  • 3 230

Müxalifətin birliyini kimlər əngəlləyir

image

Əli Kərimli ilə İsa Qəmbər əngəl olan "simalardır"

23 ilə yaxındır ki, bir araya gələ bilməyən Azərbaycan müxalifəti ölkədə keçirilən hər seçki öncəsi toparlanmaya, seçkilərdə birgə iştiraka cəhd göstərsə də, lakin müxalifətin birliyi mümkün olmur. O zaman sual olunur: bəs görəsən, Azərbaycan müxalifətinin bir araya gəlməsi, bu düşərgənin seçkilərdə vahid platforma ilə iştirakı hansı səbəbdən mümkün olmur? Cavab aydındır: çünki o partiyaların məqsədi radikalizm meyillərini yalnız dağıdıcılıq və siyasi inhisarçılıq yolu ilə nümayiş etdirməkdir. Nəticədə, ciddi sosial baza itkisi və elektorat qıtlığına məruz qalan AXCP və Müsavat rəhbərliyinin hələ də öz iddiaları çərçivəsində fəaliyyət göstərmələri müxalifət düşərgəsinin digər qütblərində yer alan partiya sədrləri tərəfindən də qınanılmaqdadır. Xüsusilə, əllərində olan mətbuatda və informasiya agentliklərində, eləcə də, sosial şəbəkələrdə bir-birlərinin təhqir hədəflərinə tuş gələn Ə.Kərimli və İ.Qəmbər cütlüyü hələ də ötən seçkilərdəki məğlubiyyət burulğanından çıxa bilmədiklərinin fərqinə vara bilmirlər.

İqbal Ağazadə: "Bugünkü müxalifətin birliyini istəmirəm"

"Ümid" partiyasının sədri İqbal Ağazadə sözügedənə məsələ ilə bağlı müxalifətin bir araya gəlməsinin tərəfdarı olmadığını bildirib: "Niyə tərəfdarı deyiləm? Bizi mübarizədən uzaqlaşdıran, təşkilatlanmağımızı bəzən əngəlləyən birləşəcəyimizə olan xülyamızdır. Ümid etmişik ki, güc olmasam, digəri ilə birləşib güc olaram. Hər kəs başını aşağı salıb partiyasını qurmalı, yaxud blokunu müəyyənləşdirməlidir. Bu xətlə də hakimiyyətə doğru getməlidir. Hazırda çox pis bir mühit yaranıb. Fərz edək ki, belə mühitlə müəyyən qüvvələr hakimiyyətə gəlir və daxildə bir-birilərini didirlər. Heç bir vəzifəsi olmayanlar belə pis münasibətdədirlərsə, görün hakimiyyətə gəlsələr, nə vəziyyət yaranar. Funksional əməkdaşlıq ola bilər, amma birləşməmək daha yaxşıdır".

Zahid Oruc: "Müxalifətin birliyi inandırıcı deyil..."

Deputat Zahid Oruc isə bildirib ki, hakimiyyətə müxalifətin verdiyi təkliflər lazım deyil: "Əlbəttə ki, normal siyasi həyatda hər bir partiyanın və təşkilatın ölkədəki proseslərə dair mövqeyi formalaşır. Çox önəmli olanları müxtəlif vasitələrlə ictimailəşdirirlər. Onlar gələcəkdə hər hansı dövləti fəaliyyətdə nəzərə alınır. İstər Avropa ölkələrində, yaxud qardaş Türkiyədə belədir. Ancaq Azərbaycanın daxili həyatında son on illər ərzində müxalifətin fəaliyyəti üçün bir xarakterik xüsusiyyət olub. Bu da devalvasiya oldu-olmadı, o partiyaların, hərəkatların arasındakı ziddiyyətlər o qədər böyük olub ki, Azərbaycanın sadə insanı öz taleyini bu təşkilatlarla bağlamaq istəməyib. Məsələn, düşünəndə ki, Azərbaycanda bir Xalq Cəbhəsi adına iki partiya iddia edir, istənilən adamın sual verməyə haqqı var ki, bu təşkilatın təmsilçiləri gəlib ölkəni necə birləşdirəcəklər?

Sual verərlər ki, birinci olaraq Elçibəy idealları uğrunda öz birliyinizi həyata keçirin. İkinci tərəfdən, bir-biri arasındakı ziddiyyətlər çox böyükdür. Hətta son dövrdə onu aradan qaldırmağa çalışsalar da, seçki prosesi başa çatan kimi vəziyyət əvvəlki mərhələyə qayıdıb. Üçüncüsü, bir sıra müxalif qüvvələr məlum səbəblərdən ölkənin real həyatından xeyli ayrı düşüblər. Yəni onların baxışlarına görə atılacaq addımlar Azərbaycanı gerçək fəlakətlə üz-üzə qoyar. Məsələn, hələ də manatın dollar qarşısında devalvasiyasından, manatın real alıcılıq qabiliyyəti məsələsində qarışıqlıq yaradan adamların ölkənin real həyatına bağlı köklü sabitləşdirmə proqramları və yaxud antiböhran sənədləri təqdim edəcəyinə inanmıram. Bu mənada, düşünürəm ki, onların baxışlarında min faizlik devalvasiya var".

Sərdar Cəlaloğlu: "İsa Qəmbərlə Əli Kərimli müxalifətin birliyinə əngəl olan əsas "simalardır"

ADP sədri Sərdar Cəlaloğlu isə AXCP sədri Əli Kərimlinin çox qüsurlu adam olduğunu və xalq hərəkatına gələndən, ancaq öz şəxsi ambisiyaları ətrafında partiyanı idarə etdiyini bildirib: "Onun haqqında heç vaxt birmənalı fikir olmayıb. Sadəcə olaraq, AXCP ilə əməkdaşlıq naminə zaman-zaman onun şəxsi qüsurlarını heç kim qabartmayıb. Amma faktiki olaraq hələ 88-ci ildən Əli Kərimli çox qüsurlu şəxsiyyəti ilə bu proseslərdə iştirak edib. İstər Elçibəy hakimiyyətinin parçalanmasına, istərsə də ondan sonrakı dövrdə də Elçibəyin müavini kimi ona qarşı mübarizə aparmasında və sonrakı dövrlərdə Azərbaycan müxalifətinin bir araya gəlməsinə əngəl olub. Daha doğrusu, bu adam separatist, müxalifət birliyinin əleyhinə olan destruktiv, başqa partiyalara qarşı qərəzçililik edib".

S.Cəlaloğlu, həmçinin sabiq başqan İsa Qəmbərin Müsavatın parçalanmasında gunahkar olduğunu deyib: "Harada demokratiya boğulursa, orada antidemokratiya meydana çıxır. Bu gün Müsavat üzvlərinin atdığı addımlar demokratik addımlar deyil. Hadisələr diqqət yetirsək görərik ki, İsa Qəmbərin Müsavat başqanlığından getməsi bütün bu proseslərin başlıca səbəbidir. Əli Kərimli ilə İsa Qəmbər virtual aləmdə bir-birlərini söyməklə məşğuldurlar. İsa Qəmbərlə Əli Kərimli müxalifətin birliyinə əngəl olan əsas "simalardır". Ona görə də, müxalifətinin bir araya gəlib vahid mərkəzdə fəaliyyət göstərməsi qeyri-mümkün görünür. Çünki bu birliyə daim əngəl olanlar da Əli Kərimli ilə İsa Qəmbərdir."

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər