PDF Oxu

Müxalifət

  • 1 702

Sarkisyan rejiminin total saxtakarlığı

image

"Yeni Ermənistan" hazırkı hakimiyyəti devirəcəyini bildirib

Ötən il dekabrın 6-da Ermənistanda ölkənin idarəetmə quruluşunu dəyişmək üçün keçirilən referendumdan sonra işğalçı ölkənin prezidenti Serj Sarkisyan hələ erməni xalqını çox illər kölə vəziyyətində saxlamaq istəyir. Ancaq erməni xalqı ölkənin prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçməsini qəbul etməyərək, ardıcıl olaraq oturaq aksiyalar və mitinqlər keçirməyi davam etdirməkdədirlər.

Artan iqtisadi və sosial çətinliklər fonunda hakimiyyət etirazların onun üçün ciddi problemə çevrilə biləcəyini yaxşı başa düşdüyündən, müxalif qüvvələrlə münasibətlərinə yenidən nəzər salmağa çalışır.

Bu günlərdə prezident Serj Sarkisyanın sədri olduğu Ermənistan Respublikaçılar Partiyasının rəhbərliyi ilə bu xüsusda görüş keçirib. Görüşdə müzakirə edilən əsas məsələ ilk növbədə hakimiyyətə loyal olan partiyalarla iqtidar bölgüsü barədə razılığa gəlmək imkanları olub. Bundan əvvəl isə "Daşnaksütyun'' hökumətlə birləşmə təklifini irəli sürüb. Bu partiyanın lideri Qrant Markaryan iqtidarla bir yerdə olmağı qərarlaşdırdığını bildirib.

İndi Ermənistan Respublikaçılar Partiyası özünə yeni koalisiya ortaqları axtarır. Partiyanın idarə heyətinin üzvü Haqik Minasyan prezident Serj Sarkisyanla görüşdən sonra bildirib: "Koalisiya ilə bağlı müzakirələr aparılır, amma hələlik son qərar yoxdur. Respublikaçılar Partiyası həmişə müxtəlif formatda əməkdaşlığa hazır olub. Bu koalisiyamı olacaq, başqa formatmı, bunu indi deyə bilmərəm. Bu, yəqin ki, yaxın müddətdə dəqiqləşdiriləcək''.

Erməni ekspertlər bildirirlər ki, koalisiya hökumətləri də Serj Sarkisyanı çətin ki, xilas edə. Çünki ölkənin qarşısına çıxan problemlər səbəbindən bütövlükdə vəziyyətin acınacaqlı olduğu açıq etiraf edilir. Daxildə sosial-iqtisadi durumun getdikcə pisləşməsi fonunda təhlükəsizliyin təmininin də narahatedici olduğu bildirilir. Ermənistan rəhbərliyinin isə problemi həll etmək iqtidarında olmadığı ayrıca vurğulanır.

Ruben Akopyan: "Hakimiyyət kobud güc tətbiq etsə, bunun cavabsız qalacağını gözləməsin"

Erməni mətbuatının verdiyi məlumata görə, mart ayının ikinci ongünlüyündə müxalif hərəkatı olan "Yeni Ermənistan" hakimiyyəti total saxtakarlıqla ələ keçirən Serj Sarkisyana qarşı növbəti mitinqlər keçirəcəklərini bildiriblər. Hərəkatın üzvləri bildirir ki, saxta seçkilərlə hakimiyyətə gələn Serj Sarkisyan ölkəndə hələ də gərgin siyasi vəziyyət yaratmaqda davam edir. Proseslərin gedişi göstərir ki, hərəkat üzvləri məqsədlərinə çatana, yəni Serj Sarkisyanı hakimiyyətdən kənarlaşdırana qədər mübarizə aparmaq niyyətindədirlər.

Ermənistan prezidentliyinə namizəd olmuş İrs Partiyasının lideri Raffi Ovanisyan bildirib ki, həyatı bahasına da olsa, erməni xalqı bu yoldan dönməyəcək. İrs Partiyasının parlament fraksiyasının rəhbəri Ruben Akopyan isə bəyan edib ki, hakimiyyət kobud güc tətbiq etsə, bunun cavabsız qalacağını gözləməsin: "Raffi Ovanisyanın təbəssümlərində qətiyyətsizlik axtarmaq lazım deyil. Zərurət yaransa, biz özünümüdafiə hüququmuzdan istifadə edəcəyik. Qoy kimsə düşünməsin ki, kobud güc tətbiq etsə, cavabını almayacaq. İndi çoxları Ermənistanda qeyri-sabitlikdə maraqlı olmadığını deyir. Biz də bunda maraqlıyıq, lakin xalq öz hüquqları uğrunda mübarizə aparırsa, sabitlik elə budur, biz bu cür sabitlik istəyirik".

Belə bir vaxtda Ermənistanın ən böyük oliqarxlarından olan "Çiçəklənən Ermənistan" Partiyasının lideri Haqik Çarukyanla Ovanisyan arasında görüş də Sarkisyanın narahatlığına səbəb olub. Ovanisyan görüşlə bağlı bildirib ki, Çarukyan və onun partiyasının digər təmsilçilərinə görə Ermənistan vətəndaşlarının öz hüquqlarına hörmət olunmasını tələb etməyə tam haqqı var: "Onlar, həmçinin bizimlə narahatlıqlarını bölüşüblər və dəyişikliklərin zərurətini təsdiqləyiblər. Çarukyan partiyasının mövqeyini ifadə edərək deyib ki, o və tərəfdarları həmişə xalqla bir olacaq. Biz mövcud böhranın aradan qaldırılması üçün əməkdaşlıq etməyə qərar vermişik".

Yaranmış durumu şərh edən erməni iqtisadçı Aşot Yegizaryan hesab edir ki, vəziyyət getdikcə pisləşir və Avrasiya İqtisadi İttifaqına daxil olmaqla Ermənistan iki sferada tənəzzülə uğradı: "İqtisadiyyatda xarici ticarət dövriyyəsi azaldı, daxili istehlak aşağı düşdü, bir sıra sahələrdə isə geriləmə qeydə alındı. Bununla yanaşı, təhlükəsizliyin təminində də problemlər yarandı. Belə görünür ki, inkişaf zonaları formalaşır, məsələn, Transatlantik əməkdaşlıq kimi, dünyanın digər hissələrində isə əyalət adlana biləcək zonalar cızılır. Ermənistan bütün bunlardan kənarda qalır. Ermənistan perspektivli yeni dünya nizamı çərçivəsindən kənarda qalıb''.

Beləliklə, Serj Sarkisyanın odla oynaması, sözsüz ki, ilk növbədə özü üçün təhlükəlidir və hər hansı bir yeni koalisiya da Sarksiyan iqtidarını sosial narazılıq dalğasından xilas edə bilməyəcək.

A.SƏMƏDOVA

Digər xəbərlər