PDF Oxu

Müxalifət

  • 1 305

İsa Qəmbər Pənah Hüseyni Tural Abbaslıya görə bağışlamayacaq

image

Bu kimi vəziyyət isə Arif Hacılıya sərf edir

Son aylar Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərlə arasının dəyməsi müxalifətdaxili kuluarlarda bir neçə tərəfdən izah olunur. Belə ki, hələ Müsavatın qurultayı ərəfəsində AXP sədrinin İsa Qəmbərə Arif Hacılının başqanlığa namizədliyini dəstəkləməməsi təklifi keçməmişdi. Daha dəqiq desək, buna qədər "əbədi dost" kimi görünən hər iki tərəfin ilk ziddiyyətli anları məhz bu amilə təsadüf edir. Ancaq bu ziddiyyət onların aralarındakı körpünü tamamilə yandırmamışdı, ta o vaxta qədər ki, Pənah Hüseyn Müsavatın sabiq divan üzvü və başqanlığa namizədi Tural Abbaslı ilə bir araya gəlmişdi.

Ziddiyyətin əsas kökünün hansı təməllər üzərində dayandığını görmək çətin deyil

Tural Abbaslının qurultayda saxtakarlıqların baş verməsi ətrafındakı qalmaqallı açıqlamaları və bəyanatları həmin vaxtlar AXP sədri tərəfindən kifayət qədər dəstək alırdı. Bu baxımdan, İsa Qəmbərin Arif Hacılı seçiminə qol qoymasına, yəni "əbəsi dostu" Pənah Hüseynin təklifinə etinasız yanaşmasına nəzər saldığımız zaman ziddiyyətin əsas kökünün hansı təməllər üzərində dayandığını görmüş olarıq.

Digər tərəfdən, AXP sədri Müsavatın sabiq başqanına tərəf bir neçə dəfə kompromis addımlar atsa da, qarşı tərəf bu addımları qiymətləndirməyib. Məsələn, Tural Abbaslı "Ağ Blok" adlı qurumunu yaratdıqdan sonra bu qurumun partiyaya çevrilməsi istiqamətində qızğın iş apardığını bəyan etməsi, Pənah Hüseynin isə Abbaslıya dəstəyi sonradan İsa Qəmbərlə aparılan danışıqlara müsbət təsir göstərməyib.

İsa Qəmbər bilirdi ki, Arif Hacılını Müsavata başqan təyin etdikdən sonra vəziyyət gərginləşəcək

Məsələ həmçinin ondadır ki, "Antiböhran koalisiyası" adlı birlikdə təmsil olunmamışdan qabaq İsa Qəmbərə həmin birliyə qoşulmaq təklifini verən Pənah Hüseyn rədd cavabını almışdı. Çünki həmin koalisiyada başqanının üzünə ağ olan "Ağ Blok" sədri Tural Abbaslı da var idi. Başqa tərəfdən, İsa Qəmbər hələ başqanlıqdan getməmişdən öncə, gələcəkdə siyasi gündəmdə qalmaqdan ötrü sığortalı addımını ataraq, "Milli-Strateji Düşüncə Mərkəzi" ("MSDM") yaratmışdı. O bilirdi ki, Arif Hacılını Müsavata başqan təyin etdikdən sonra vəziyyət gərginləşəcək və az-çox müxalifətdəki nüfuzu da itəcək. Onun gündəmdə qalmasına səbəb olacaq faktor isə qurum yaradıb, ona sədrlik etmək idi ki, hazırda o, bu funksiyasını yerinə yetirməkdə davam edir.

"MSDM" "Antiböhran koalisiyasıı"na qarşı nə qədər alternativ güc kimi çıxış etsə də, ikincisi birincidən daha fəal və daha çox tərəfdarları ilə seçilməkdədir

Eyni zamanda, "MSDM"-in bir neçə partiyanın araya gəldiyi "Antiböhran koalisiyası"na alternativ güc olduğnu da demək mümkündür. İsa Qəmbər bu gün həmin qurumuna ayrı-ayrı QHT-ləri, müxalif baxışlı siyasiləri toplayaraq, həftədə bir dəfə toplantı keçirir. Onu da etifaf etməliyik ki, "MSDM" "Antiböhran koalisiyasıı"na qarşı nə qədər alternativ güc kimi çıxış etsə də, ikincisi birincidən daha fəal və daha çox tərəfdarları ilə seçilməkdədir. Əlbəttə ki, Pənah Hüseynin "MSDM"-də deyil, məhz "Antiböhran koalisiyası"nda iştirak etməsi Müsavatın sabiq başqanını qıcıqlandırır, AXP sədrinə qarşı aqressiyasını artırır. Hətta Pənah Hüseynin İsa Qəmbərlə barışığa getmək cəhdləri də puça çıxır. Məsələn, xatırlatmaq yerinə düşərdi ki, mövcud məsələ ilə bağlı mətbuata açıqlama verən AXP sədri İsa Qəmbərə xoş gəlməkdən ötrü AXCP sədri Əli Kərimlini tənqid edən fikirlər danışıb. Sitat: "İsa Qəmbər bu gün ənənəvi müxalifətin meydanda olan ən ciddi fiqurudur..."

Kompromis baş vermədikdə ittihamlar önə çıxır - Pənah Hüseyn: "Problemlərin birinci məsuliyyətinin İsa Qəmbərin üzərində olduğu qənaətindəyəm"

Qeyd etdiyimiz kimi, İsa Qəmbər Pənah Hüseynin bu fikirlərinə əhəmiyyət verməyib və bundan sonra aralarındakı "əbədi dostluq" körpüsünün tamamilə yanaraq külə çevrildiyini anlayan AXP sədri bu dəfə qarşı tərəfi müxalifəti böhranlı vəziyyətə sürükləməkdə ittiham edib: "Müxalif düşərgənin hazırkı duruma gəlməsinin və içində olduğu problemlərin birinci məsuliyyətinin İsa Qəmbərin üzərində olduğu qənaətindəyəm".

Nəticədə isə, həm də belə qənaətə gəlmək olar ki, bu vəziyyət bütün hallarda Müsavat başqanı Arif Hacılıya sərf edir. Birincisi, daim İsa Qəmbərin yanında olan Pənah Hüseyn indi ortada yoxdur və ikincisi, AXP sədri tərəfindən Müsavatın daxili işlərinə müdaxilə olunmur. Ancaq nəzərə alsaq ki, Pənah Hüseyn ənənəvi müxalifətin köhnələrindəndir, bu zaman qarşıda daha gərgin ziddiyyətlərin baş verəcəyini proqnozlaşdıra bilərik. Hər halda, bu amilin ilkin işartıları görünür.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər