TƏRS BAXIŞ
Razi Nurullayev Natiq Cəfərlini Əli Kərimlinin söyüş burulğanından çıxarmağa çalışır
Bəlli olduğu kimi, Əli Kərimlinin sədri olduğu AXCP ilə "REAL" hərəkatı arasında kəskin qarşıdurma yaşanmaqdadır. Buna səbəb isə "REAL"-ın rəsmisi Natiq Cəfərlinin Əli Kərimlinin fəaliyyətini tənqid etməsi, bu yöndə tutarlı faktlar irəli sürməsidir. Nəticədə, Əli Kərimlinin AXCP fonunda yaratdığı söyüş qrupu ağlagəlməz təhqirlərlə "REAL" təmsilçisini hədəfə almağa başlayıb. Artıq bir neçə gündür ki, mövcud vəziyyət davam edir.
Ancaq Natiq Cəfərli qarşılaşdığı təhqirlərə görə son anda dəstək də qazanıb. Onu dəstəkləyən və Əli Kərimlini hədəfə alan tərəf isə alternativ AXCP kimi tanınan Razi Nurullayevin siyasi təşkilatıdır.
Alternativ AXCP funksioneri: "Əli Kərimilinin "bandası" bizləri təhqirlərə məruz qoyub, ana-bacımızı söyməkdən belə çəkinməyəndə kimsə səsini çıxartmadı, çoxları bizi müdafiə etmədi"
Alternativ cəbhəçilərin aparıcı funksionerlərindən olan Rafiq Daşdəmirli baş verənlərə susqun qala bilməyərək, Əli Kərimlinin partiyasını cinayətkar dəstə adlandırıb. Onun bildirdiyinə görə, Əli Kərimlinin söyüş qrupu artıq əndazələri aşıb və başda Kərimli olmaqla, onu dəstəkləyən hər kəs iyrənc əməllərinə görə cavab verməlidirlər: "Əli Kərimilinin "bandası" bizləri təhqirlərə məruz qoyub, ana-bacımızı söyməkdən belə çəkinməyəndə kimsə səsini çıxartmadı, çoxları bizi müdafiə etmədi. Hətta ürəklərində müdafiəmizə qalxanlar belə, bunu dillərinə gətirməkdən qorxdular. Biz isə haqsızlığa qarşı səsimizi çıxarırıq. Onları müdafiə üçün yox, insan azadlığına, azad və sərbəst fikrə hörmətimiz, tənqidə dözümlülüyümüz üçün. Bu qaraguruhçular, söyüş və böhtan ustaları AXCP sədri Razi Nurullayevə olmazın şərini atdılar, sıradan çıxarmaq istədilər, amma alınmadı. Biz daha da gücləndik və artıq siyasətdə durduğumuz yerin bünövrəsi betonla tökülüb. Bu cılızlıqlar bizi silkələyə bilməz!"
Göründüyü kimi, uzun illərdir ki, sosial şəbəkədə Əli Kərimli tərəfindən yönləndirilən söyüş qrupunun azğınlığı artıq bir çoxlarını ayağa qaldırıb. Xüsusilə, Razi Nurullayev cəbhəsinin bu məsələdə önə çıxması və "REAL" rəsmisi Natiq Cəfərlini müdafiə etmək məqsədilə Əli Kərimilinin tamamilə məhvi üçün əla şansdır.
Rafiq Daşdəmirli: "Necə olur ki, ölkə rəhbərliyini tənqid etmək olar, amma Əli "həzrətlərini" yox? Hardandır bu eqo, bu dözümsüzlük, bu qaragüruh, bu özündənrazılıq?!"
Daşdəmirli deyib ki, "REAL"-çının Əli Kərimlinin qrupu tərəfindən kütləvi təhqirlərə məruz qalması kimi hadisələr öncələr də baş vermişdi: "Bu tipik Əli Kərimli taktikasıdır. Tək Natiq bəy deyil, məsələn, Altay bəylə də bənzər hadisə baş vermişdi. Natiq bəyə qarşı edilən bu sayqısızlıq cəmiyyətə "Əli aşiqləri"nin qaragüruhçu olduqlarını, yalan-palanla, pafoslu, məqsədli yazılarla, qaragüruhla gündəmdə qaldıqlarını bir daha göstərdi. Biz də bunu dəfələrlə demişik. Əli Kərimli və onun ətrafının fəaliyyəti yalnız virtual təhqir və böhtandan ibarətdir. Natiq bəy yazdığı statusda etika çərçivəsində sadəcə fikir bildirib. Olmazmi fikir bildirmək? Nədir bu biabırçılıq? Əli "zombi"ləri nə istəyirlər ? Necə olur ki, ölkə rəhbərliyini tənqid etmək olar, amma Əli "həzrətlərini" yox? Hardandır bu eqo, bu dözümsüzlük, bu qaragüruh, bu özündənrazılıq?!"
Nurəddin Məmmədli Əli Kərimlinin söyüş qrupunun "ağsaqqalıdır" və ya "Baxın 80 yaşli Nürəddin müəllimə, ayıbdır, çox ayıbdır, özünə hörmət qoy, uşaqlara qoşulub özünü biabir etmə!"
Rafiq Daşdəmirli söyüş qrupunda yer alan və yaşlarına görə hərəkət etməyən cəbhəçilərin bu iyrənc addımlarını rüsvayçılıq adlandırıb: "Öncələr də buna bənzər olayların yaşandığını vurğulayıb: "Bir zamanlar Aslan İsmayılov da bu zombilərin təhqirinə məruz qalmişdi. Yadımdadır, Aslan bəy həmin "zombi"lərdən prokurora şikayət etmişdi və onları "kaftarlar"adlandırmışdı. Bu tip hücumlar daxili qruplarda müzakirə olunur, Əli Kərimlinin əmrindən sonra xüsus təyinatlı saxta profillər, həmin profilin arxasındakı "zombilər" tərəfindən həyata kecirilir. Bu gün artıq o qrupda kimsə qalmayıb, qalanlar da qaragüruh siyasətini gözüyumulu həyata keçirənlərdir. "Tovuzlu balası", "Bəhruz Həsənov", "Nürəddin müəllim", "Əli Zülfuqarlı", "Ruslan", "Xəlqi" və beş- on nəfər. Baxın 80 yaşli Nürəddin müəllimə, ayıbdır , çox ayıbdır, özünə hörmət qoy, uşaqlara qoşulub özünü biabir etmə! Yoxsa iman yığan vaxtında imansız qalarsan. Budur onların söyüş maşını. Bu ağıllamı ölkəyə rəhbərlik etmək istəyirsiniz? Siz bu düşüncə, bu yanaşmayla milləti gülləyərsiniz. Əl çəkin bu qaragüruhçuluqdan. Onsuz da sizin sonunuz yoxdur".
"Biz sivil bir partiya qurmuşuq və hakimiyyətlə sağlam siyasi mübarizə aparırıq"
AXCP funksioneri deyib ki, elə bu cür qeyri-əxlaqi siyasi mübarizəyə görə Əli Kərimlinin cəbhəçilərlə yolları ayrılıb. Çünki bu gün orada qalmağa davam etsəydilər, Əli Kərimliyə qarşı yönələn qınaqların tərkib hissənidə yer alacağıydılar: "Biz AXCP-yə yeni nəfəs gətirdik, əsl müxalifətin nə olduğunu cəmiyyətə göstərdik. Amma bu manqurt sürüsü bizi satqınlıqda ittiham etdi, bu gün də təhqirlərin ardı-arası kəsilmir. Biz sivil bir partiya qurmuşuq və hakimiyyətlə sağlam siyasi mübarizə aparırıq. Sizlər nə desəniz də biz təxribata getməyəcəyik. Çünki sizləri tanıyırıq. Sizlərin bir adi var: qaragüruhçu".
Beləliklə, görünən həm də budur ki, Əli Kərimli özü qazdığı quyu özü düşməkdədir və onu bu quyudan kimsə çıxarmağa cəhd etməyəcək. Çünki bu gün onun özündən başqa kimsəni müxalifətdə "lider" görməməsi iddiaları düşmənlərinin sayını kifayət qədər artırmış olub. Hətta deyə bilərik ki, Əli Kərimli qazdığı quyuya düşdükdən sonra bir çoxları həmin quyunun üzərinə torpaq kürüyəcək ki, birdəfəlik ortadan "silinsin". Hər halda, bunu gözləməyə dəyər.
Rövşən RƏSULOV