"Müxalifət güclü olsa idi Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini müxalifət partiyaları ilə görüşərdi"
Fevralın sonlarında Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Azərbaycanın rəsmi şəxslərilə görüşsə də, siyasi partiya rəhbərlərilə təmasda olmadı. Yəni müxalifət bu görüşü arzulasa da, görüş baş vermədi. Sual olunur, nə üçün Federika Moqerini Azərbaycanın siyasi partiya rəhbərləri ilə, bir az da konkret desək, müxalifət partiyalarının sədrləri ilə görüşmədi?
"REAL" funksioneri Azər Qasımlı Moqerinin Azərbaycanın siyasi partiya rəhbərlərilə görüşməməsi məsələsinə münasibət bildirib. O, qeyd edib ki, Moqerinin Azərbaycanın siyasi partiya rəhbərlərilə görüşməməsinin səbəbi müxalifətin zəifliyilə bağlıdır: "Avropa rəsmisi heç bir müxalifət partiyası ilə görüşmədi. Lakin dünən Ermənistan müxalifəti ilə onun görüşü olub. Niyə? Cavabı tam aydındır. Biz güc deyilik, biz söz sahibi deyilik... Olsaydıq, bizimlə də görüşərdilər".
A.Qasımlı son günlər "REAL" rəhbərliyilə AXCP üzvləri arasındakı qarşıdurmaya da münasibət bildirib: "Mənasız və təşkilatımıza heç bir faydası olmayan ucuz mübahisələrdə iştirak etməməliyik. "REAL" siyasətlə məşğul olmalıdır, "REAL" partiya olmalıdır. Təəssüf ki, biz əsas gücümüzü müxalifətə qarşı yönəldirik və bir-birimizi ittiham etməklə məşğuluq. Status yazıb kimisə tənqid etməklə biz problemləri həll edə bilmərik".
"REAL" funksionerinin bu etirafından sonra AXCP fəalları ənənələrinə sadiq qalaraq, Azər Qasımlıya qarşı da hücumlara başlayıblar. Belə ki, "Azadlıq.info"da, həmçinin radikal müxalifətə yaxın saytlarda "REAL" haqqında təhdid, şantaj dolu yazılar dərc olundu. Lakin bir şey başa düşülən deyil. Bəs görəsən, "Azadlıq" qəzeti "REAL" sədri İlqar Məmmədovu "siyasi məhbus" adlandırıb şəklini qəzetin manşetinə nə üçün vurub? Yəqin ki, qısa bir müddət sonra "Azadlığ"ın manşetindən onun şəklinin də götürüləcəyinin, başqa bir "siyasi məhbus"un şəklinin oraya yapışdırılacağının şahidi olacağıq. Təsadüfi deyil ki, Azər Qasımlının fikirlərinə görə, cəbhəçilər sosial şəbəkələrdə, yazdıqları köşə yazılarında "REAL" sədrini də tənqid atəşinə tutublar. Hətta Azər Qasımlının müxalifət haqqında dediyi fikirləri birbaşa İlqar Məmmədovdan alınan tapşırıq kimi qiymətləndirənlər də oldu.
Samir