L.Ter-Petrosyan: "Mən dünyada Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dövlət görmürəm"
Artıq cari ilin mart ayından bütün sahələrdə iflasa uğrayan Ermənistanda ictimai-siyasi vəziyyət daha da gərginləşib. Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış hərbi-siyasi vəziyyət, təmas xəttində olan son döyüşlər, ermənilərin verdiyi itkilər, həmçinin hökumətə qarşı etiraz edən vətəndaş hərəkatının həbs olunmuş üzvlərinin azadlığa buraxılması tələbi ilə oturaq aksiya keçirməyə başlanılıb.
Con günlər baş verən hadisələrə etiraz edənlərin dəstəsinə qoşulan əsgər anaları Sarkisyanın yarıtmaz siyasətinin nəticəsi olduğunu bildiriblər və qeyd ediblər ki, bu siyasət ölkəni məhvə sürükləyir.
Erməni ekspertləri və siyasətçiləri də son günlər cəbhə xəttində baş verən olayların Sarkisyan hakimiyyəti üçün uğurlu olmadığını vurğulayıblar. Politoloqlar aydın şəkildə etiraf edirlər ki, hadisələrin gedişi bu şəkildə davam edərsə, Ermənistan adlı dövlət xəritədən silinəcək.
L.Ter-Petrosyan: "Nə qədər ki, Qarabağ problemi çözülməyib, Ermənistan normal dövlət olmayacaq, biz yaxşı yaşaya bilməyəcəyik"
Erməni Milli Konqres Partiyasının sədri Levon Ter-Petrosyan keçirilən mitinqdə çıxış edərək Ermənistandakı mövcud hakimiyyətin mahiyyətinin dəyişmədiyini, rejimin dövlətin qanunlarını deyil, oğru qanunlarını rəhbər tutduğunu bildirib: "Özbaşınalıq, talançılıq o səviyyəyə çatıb ki, nə siyasətdə, nə də iqtisadiyyatda heç bir irəliləyiş yoxdur, dövlət reketi hakimiyyətin fəaliyyətinin əsas məzmununu təşkil edir. Hakimiyyətin cinayətkar iqtisadi siyasəti bizə ağır qış vəd edir, yazda isə dərin böhran gözlənilir". Müxalifət liderinin fikrincə, Ermənistan heç vaxt indiki qədər xarici təzyiqə məruz qalmayıb: "Adətən, qeyri-legitim, korrupsioner və çirkab içində olan hakimiyyətlər bu cür təzyiq altında qalır". Keçmiş dövlət başçısının sözlərinə görə, S.Sarkisyan ölkənin maraqlarını qurban vermək bahasına özünü legitimləşdirir və "erməni soyqırımı", erməni-türk münasibətləri kimi məsələlərdə güzəştlərə hazır olduğunu nümayiş etdirir. O, probleminin həllinin də təhlükə altında olduğunu söyləyib: "Mən dünyada Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dövlət görmürəm. Öz eqoist yanaşmaları ilə o, ölkəni hərraca çıxarıb. Bu gün Ermənistan seçim qarşısındadır: ya Qarabağ probleminin həllində kompromis, ya da uzun illər ərzində iqtisadi durğunluq, aşağı yaşayış səviyyəsi! Çünki Ermənistan normal dövlət olmayacaq. Qarabağ problemi çözülmədən, blokada aradan qalxmadan biz yaxşı yaşaya bilməyəcəyik. Ya bu, ya o. Ya bütün dünyaya deməliyik: kənara çəkilin, problemimizi özümüz həll edəcəyik, öz gücümüzə əminik və heç bir güzəştə getməyəcəyik. Amma bu halda heç kəsin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını tələb etməyə haqqı çatmayacaq. Əksinə, yaşayış səviyyəsinin daha da aşağı düşəcəyi fikri ilə barışmaq lazım gələcək. Ya da yaxşı yaşamaq, iqtisadiyyatımızı inkişaf etdirmək istəyiriksə, özümüzdə cəsarət tapmalı, ciddi qarşılıqlı güzəştlərə getməliyik".
Artıq o vaxtdan 20 il keçir və həyat göstərir ki, Ermənistan əhalisi ölkənin hazırkı rəhbərliyi tərəfindən devrilmiş L.Ter-Petrosyanın sözünə qulaq asmalı idi.
Ermənistanın süqutu - rəylər və faktlar
Göründüyü kimi, 2016-cı ilini başlanmasından 3 ay keçməsinə baxmayaraq, bu ilin də işğalçı ölkə üçün uğursuz il olacağı açıq-aydın görünür. Ötən ilin göstəriciləri bir daha deyilənləri təsdiqləyir. Belə ki, ötən il ərzində ölkə miqyasında heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, nailiyyət əldə edilməmiş, sosial-iqtisadi vəziyyət "müstəqillik" tarixində görünməmiş dərəcədə pisləşmiş, kriminal vəziyyət dözülməz həddə çatmışdır. Bu isə, Ermənistan üçün cari ilin də uğursuz olacağını sübut edir. Belə ki, 2015-ci ildə Ermənistan əhalisinin 48 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, cari ilin 3 ayı ərzində baş verənlər bu rəqəmin ilin sonunadək daha da yüksələcəyi şübhə doğurmur. Ermənistanda sabit gəliri olmayan 280 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda bu faktı təsdiqləməklə yanaşı, korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirirlər. Ermənistanın miqrasiya xidmətinin məlumatına görə, ötən ilin 7 ayı ərzində bu ölkəni 83 min 760 nəfər tərk edib. "Aykakan Jamanak" qəzeti isə bu rəqəmin ən azı iki dəfə artıq olduğunu bildirir.
Araşdırmalar göstərir ki, 2015-ci ildə bu ölkədəki miqrantların sayı yerli əhalinin sayını ötüb və Ermənistan bu göstəricisinə görə dünyada yeganə ölkədir. Ermənistanın "Soçiometr" sosioloji araşdırmalar mərkəzinin statistik məlumatına görə, 2050-ci ildə düşmən ölkənin əhalisi 65 faiz azalacaq. Belə ki, həmin vaxta kimi, hazırda 2 milyon 270 min olan Ermənistan əhalisinin sayı 1,5 və 1,3 milyon çıvarında məhdudlaşacaq.
Göründüyü kimi, Serj Sarkisyanın odla oynaması, təbii ki, ilk növbədə özü üçün təhlükəlidir. Gec-tez məlum olacaq ki, erməni xalqının əsl düşməni elə Ermənistan iqtidarıdır. Bu hakimiyyət cəmiyyətin rifahı üçün çalışmırsa və özünü qorumaq üçün risklərə gedirsə, bundan əziyyət çəkən sadə insanlar olur. Ermənistan cəmiyyəti xilas yolunu özü tapmalıdır.
A.SƏMƏDOVA