TƏRS BAXIŞ
"Antiböhran koalisiyası" bu dəfə AXCP-yə sərt üzünü göstərdi
Artıq bir müddətdir ki, bir neçə müxalifət partiyasının cəmləşdiyi "Antiböhran koalisiyası" adlı qurum öz toplantılarını keçirməkdədir. Bu və ya digər mövzularda baş tutan toplantılarda müxtəlif məsələlər müzakirələrə çıxarılır, düşərgənin düşdüyü vəziyyət, o cümlədən dialoq mühiti ətrafında fikirlər irəli sürülür. Konstruktivlik və loyal siyasətə üstünlük verən müxalifət partiyaları öz ətraflarını genişləndirmək üçün də müəyyən təkliflər irəli sürərək, "Antiböhran koalisiyası"na üzv olmayan təşkilatları aralarına dəvət edirlər. Bu dəvətlərə müsbət cavab verənlərlə yanaşı, rədd cavabı verənlər də var.
Müsavat partiyası əzəli rəqibi AXCP-nin radikalizm siyasətindən geridə qalmaması, "ana müxalifət" partiyası olduğunu iddia etmək üçün digər müxalifət partiyalarını özündən kiçik görməyə çalışır
Məsələn, Müsavat partiyası müxtəlif bəhanələrlə həmin dəvətlərdən yayınır, bununla da konstruktivlik və dialoq tərəfdarı olmadığını dolayısı ilə sübuta yetirmiş olur. Bu barədə müxtəlif mülahizələr irəli sürülsə də, görünən budur ki, Arif Hacılının başqanı olduğu siyasi təşkilat adıçəkilən qurumun işinə qatılmaq marağında deyil. Əgər belə olmasaydı, daha öncə verilən eyni təkliflərə müsbət cavab verilmiş olardı. Əslində, məsələnin daha bir tərəfi də var ki, bu da Müsavat partiyasının radikallıq prizmasından çıxış etmək imkanlarının məhdudlaşdırılmaması ilə bağlıdır. Daha dəqiq desək, Müsavat partiyası əzəli rəqibi AXCP-nin radikalizm siyasətindən geridə qalmaması, "ana müxalifət" partiyası olduğunu iddia etmək bəhanəsi üçün digər müxalifət partiyalarını özündən kiçik görməyə çalışır və bununla da işini bitmiş hesab edir. Halbuki Arif Hacılı bir neçə dəfə AXCP sədri Əli Kərimli qarşısında kiçilərək, onun ayağına getmiş, yeni birgə əməkdaşlıq təklifləri ilə çıxış etmişdi. Ancaq bildiyimiz kimi, AXCP rəhbərliyi Müsavat rəhbərliyinin bütün təkliflərinə qəti rədd cavabı verərək, bir daha Müsavatla eyni müstəvidə çıxış etməyəcəyini bəyan edib.
İsa Qəmbər "MSDM"-i vasitəsilə gözünü 2018-ə dikib
Müsavatın "Antiböhran koalisiyası"nda təmsil olunmamasına daha bir səbəb isə partiyanın sabiq başqanı İsa Qəmbərin "Milli- Strateji Düşüncə Mərkəzi" ("MSDM") adlı qurum yaratması və ona sədrlik etməsidir. İsa Qəmbər bu vasitə ilə 2018-ci ilə qədər ayaqda qalmağa və prezident seçkilərinə qatılmaq üçün əlində olan ən son şansından istifadə etməyə cəhd göstərir. Çünki başqanlıq əldən verilib və yeganə ümid yeri Müsvaat partiyasının yedəyində yaradılan "MSDM"-dir. Ona görə də İsa Qəmbər Müsavatla yanaşı, bu partiyaya yaxınlığı ilə seçilən müxalif partiyaları öz qurumuna dəvət edərək, gələcək planlarını cızmağı daha üstün tutur. Ona görə də Müsavatın "Antiböhran koalisiyası" ilə əməkdaşlığı qətiyyən mümkün görünmür. Məsələn, ötən həftə "Antiböhran koalisiyası" AXCP və Müsavata müraciət edərək, birgə dəyirmi masa keçirməyi təklif edib. Müsavat partiyasının məclis sədri Nüşabə Sadıqlı isə təmsil olunduğu partiyasının bu qurumun toplantılarına qatılmayacağını dolayı yolla rədd edib. O deyib ki, məsələyə divanda və digər strukturlarda baxılacaq: "Ancaq bu koalisiyanın təklifi, orada kimlərin iştirak edəcəyi, hansı məsələlərin müzakirə ediləcəyi haqda məndə informasiya yoxdur".
Göründüyü kimi, Müsavatın "Antiböhran koalisiyası"nın kiçildilməsinə yönələn bu tipli açıqlama arxasında yuxarıda qeyd edilən amillərin dayanması aşkar olur.
AXCP "Antiböhran koalisiyası"nı gülünc adlandıraraq, oradakıları ələ salıb
AXCP-nin dəvət təklifinə özünəməxsus, yəni Əli Kərimliyə xas olan tərzdə cavab verməsi bir daha diqqət çəkib. Belə ki, AXCP-nin "Antiböhran koalisiyası"na cavab vermə hüququ heç də sədr müavinlərinə verilməyib. Bu hüquq gənclər komitəsinin sədri İlham Hüseynə verilib, bu da belə deməyə zəmin yaradır ki, Əli Kərimli bu vasitə ilə "Antiböhran koalisiyası"na yuxarıdan-aşağı baxır və ən uzağı, gənclər komitəsi ranqında münasibət bildirir. İlham Hüseyn eynilə Əli Kərimli tonunda deyib ki, partiya koalisiyanın görüş üçün müraciətini qəbul etməyib: "Fəaliyyətində böhranlı olan adamların "Antiböhran koalisiyası" yaratmasının özü gülüncdür".
Beləlkilə, AXCP-nin rədd cavabının Müsavatdan daha radikal, təhqiredici fonda səsləndirilməsi Əli Kərimli "siyasətinin" aşkar sifətini növbəti dəfə tərənnüm edib. Bu amil isə qarşı tərəfin kəskin reaksiyası ilə müşahidə olunub.
AXCP-nin cavabı gecikməyib - BAP sədri Elşad Musayev: "Onların təhqirlərinə cavab verilməyəndə daha da azğınlaşırlar, ona görə də hesab edirəm ki, hər adamla öz dilində danışmaq lazımdır"
Vaxtilə "Milli Şura"da da təmsil olunmuş, lakin sonradan bu qurumun xarici dairələr tərəfindən idarə edildiyini öyrəndikdən sonra istefaya getmiş Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev cəbhəçilərin onların barələrində deyilən fikirlərə sərt reaksiya verərək, qeyd edib ki, o, koalisiyanın son toplantısında olmayıb. Ancaq koalisiyanın AXCP və Müsvata təkliflər göndərməsinin əleyhinədir. BAP sədri, hətta "Antiböhran koalisiyası"nın aparıcı şəxslərini cəbhəçilərlə müsavatçılara dəvət göndərmələri faktını qınayıb. Sitat: "Hesab etmirəm ki, Müsavat və AXCP ilə birgə dəyirmi masa keçirmək təklifi düzgündür. Bu baxımdan, AXCP-nin cavabı doğrudur. Niyə onlara müraciət etməliyik? İllərlə onlara müraciət edilib, amma AXCP daima korporativ maraqları əsas tutaraq tədbirlərə gəlmir. Fikrimcə, onlara belə bir dəvət və təklif göndərilməməli idi".
İlham Hüseynin cavabına gəlincə isə, BAP sədri bildirib ki, onun və sədri Əli Kərimlinin xəmiri tərbiyəsizlik üzərində yoğrulub: "Tərbiyəsiz ritorika ilə danışmaq ayıbdır. Açığı, bu qaragüruhun səviyyəsinə enmək istəməzdim. Bunların səviyyəsi sosial şəbəkələrdən görünür. Siyasətdə hər kəsin öz yolu, öz xətti var. Bütün addım və düşüncələrə hörmətlə yanaşılmalıdır. Daha təhqir etmək, şərləmək həmin qaragüruhun ənənəsinə çevrilib, onların xarakterinin tərkib hissəsidir. Onların təhqirlərinə, adətən, cavab verilmir. Cavab verilməyəndə isə daha da azğınlaşırlar. Ona görə də, hesab edirəm ki, hər adamla öz dilində danışmaq lazımdır".
BAP sədri MMP sədrinin metodunu dəstəkləyir: "Hafiz Hacıyev nə edirsə, doğru edir"
Elşad Musayev, hətta təklif də irəli sürüb. Onun bildirdiyinə görə, bundan sonra belələrinə qarşı Müasir Müsvat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin münasibətini göstərmək lazımdır. Çünk belə münasibət göstəriləndə onlar susmağa məcbur olurlar. Sitat: "Bu mənada, Hafiz Hacıyev onlara nə edirsə, doğru edir. Məncə, bunlarla Hafiz Hacıyevin dilində danışmaq lazımdır. Görün, ondan necə çəkinirlər".
BAP sədri özünün və "Antiböhran koalisiyası"nda təmsil edilən digər partiya rəhbərlərinin tərbiyəli insan olduqlarını deyərək, Əli Kərimlinin tərbiyəsizlik səviyyəsinə enmək istəmədiklərini bildirib: "Cəmiyyətdə abır-həyalarını qoruyan şəxslər AXCP-dəki qaragüruha cavab vermək istəmirlər. Çünki tərbiyə var. Onlar da abırlarını qoruduqca qaragüruh daha da azğınlaşır. Təsəvvür edin ki, hər cür rola girən, uzun illər başqalarına işləyən şəxslər indi başqalarını şərləyir. Onlar vaxtilə separat danışıqlara gedib, maliyyə qazanıblar. Bunları ifşa etmək lazımdır. Ancaq insanlar abır-həyaya sığınaraq cavab vermək istəmirlər. Bu baxımdan, hesab edirəm ki, qaragüruha birgə tədbirlə bağlı müraciət etmək lazım deyildi. "Antiböhran koalisiyası"na daxil olan qüvvələr iki dəfə böyük tədbir təşkil edib. Bu baxımdan, başqa qüvvələrə ehtiyac olmamalıdır...Görünür, AXCP rəhbərliyinin göstərişi belədir. "Milli Şura"da da bəziləri var ki, ancaq söyüş və təhqirlə danışırlar. Onlara layiq olduqları cavabı vermək lazımdır".
Koalisiya xaos yolunu rədd edir!
Elşad Musayev xatırladıb ki, Əbülfəz Elçibəy hakimiyyətini yıxan da məhz Əli Kərimli və onun qaragüruhçu "Yurd" dəstəsi olub: "Nəzərə alın ki, Əbülfəz Elçibəy hakimiyyətini bu qaragüruh devirib. Yalandan AMİP-in, başqa qüvvələrin adını çəkirlər. Ancaq həmin hakimiyyətə etimadsızlığı elə bu qaragüruh yaratmışdı. İndi də qaragüruh başqa formada ortaya çıxıb. Onlar hesab edirlər ki, siyasətdə şər-şəbədə, söyüş və təhqirlə uğur əldə etmək olar. Bizim təmsil etdiyimiz qisim hesab edir ki, dünyada və regionda gedən proseslər nəzərə alınmalı, ölkəni xaosa salmadan məsafə qət etmək lazımdır. Bu yol düzgün yoldur. Biz xaos yolunu rədd edirik. Eyni zamanda, heç kəsə də söymürük".
KXCP sədri Mirmahmud Mirəlioğlu da Əli Kərimlini hədəfə götürdü: "Bu adamlar yalnız sosial şəbəkədə qəhrəmandırlar"
Bu arada Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da koalisiyadakı həmkarının cavabına dəstək verərək deyib ki, AXCP-nin "Antiböhran koalisiyası" haqqında fikirlərinə ciddi yanaşmır: "Özünə hörmət edən adam belə danışmaz. Bu adamlar yalnız sosial şəbəkədə qəhrəmandırlar".
Beləlkilə, baş verənlər kifayət qədər təsdiq edir ki, artıq müxalifətin bir sıra partiyaları qaragüruhçuluq vasitəsindən əl çəkərək, dialoq, konstruktivlik yoluna üstünlük verirlər. Ancaq hələ də öz köhnə "təfəkkürlərindən" kənara çıxa bilməyən radikal xarakterli partiyalar buna qarşı çıxdıqlarını məlum məsələlər kontekstində bir daha sübuta yetirmiş olurlar. Çünki radikallar yaxşı bilirlər ki, onların qazancları xalqın maraqlarını müdafiə etməkdən yox, xarici dairələrdən çıxır. Əgər konstruktiv olsalar, radikallıqdan əl çəksələr, uzun illər xidmət göstərdikləri, nökərçilik etdikləri xarici dairələr onların qazanclarını kəsər. Bu baxımdan, geriyə addım atmaq istəmirlər. Lakin zaman və reallıq onları buna məcbur edəcək. Xüsusilə, müxalifət düşərgəsində baş verməsi ehtimalı edilən yeniləşmə amili AXCP və Müsavat kimi radikal müxalifət partiyalarının siyasi arenadakı məlum proseslərini sürətləndirəcək.
Rövşən NURƏDDİNOĞLU