Mirmahmud Mirəlioğlu: "Müxalifət düşərgəsində bir qolçomaqlıq prinsipi var"
Bu gün radikal müxalifətin təfəkküründə hakimiyyətə qarşı ifratçılığın, potoloji nifrətin hökm sürməsi, dövlətə və milli maraqlara qarşı durmaqla ideoloji boşluğu doldurmağa çalışması onların daxilindəki zəiflklərini nümayiş etdirən digər səbəblərin meydana çıxmasını şərtlndirir. Əlbəttə ki, burada bir daha siyasi təfəkkür problemi alt bazisi təşkil edir. Çünki radikal müxalifət opponent olduğu üçün hakimiyyətə qarşı yalnız qərəzli tənqidlə çıxış etsə də, predmetin nədən ibarət olduğunu anlamır. Sözügedən məsələ ilə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, bu gün müxalifət düşərgəsində hərə özünü lider elan edir: "Ona görə də, müxalifətin nə birliyi, nə də vahid mövqeyə gələ bilməsi mümkünsüzdür".
KXCP sədri, həmçinin müxalifət düşərgəsində yaranmış bu durumun səbəbini də açaraq vurğulayır ki, həmin adamlar zəif xarakterə sahibdirlər: "Bir-birilərini təhqir etməklə hər sahədə birinci olmaq istəyirlər. Ancaq onlar nəinki birinci, heç axırıncı da ola bilmirlər. Çünki düşərgədə qolçomaqlıq prinsipi var. Gəlişi gözəl sözlər demək, təmtəraqlı fikirlər səsləndirmək, heç də gözəl nəticə deyil".
Pərən-pərən olmuş müxalifət
KXCP sədri, həmçinin bu gün güclü müxalifətin olmadığını da bildirib: "Mövcud müxalifət çox zəifdir, pərən-pərəndir və bu dağınıq qüvvənin konkret vahid mövqeyinin olması da mümkün deyil. Biri deyir ki, ən böyük güc mənəm, çünki səfirlər mənimlə görüşür. Digəri bildirir ki, mənim yaşım səndən çoxdur, mən daha böyük müxalifətəm. Başqa biri də deyir ki, dünya məni tanıyır. Yəni bütün bunlara görə, müxalifət vahid mövqeyə gələ bilmir. Müxalifətin hansı uğurundan danışmaq olar? İndi, ola bilsin, kimsə desin ki, Mirmahmud pessimistdir, amma bu, bir reallıqdır və 24 ildir hər şey öz yerindədir, heç bir dəyişiklik yoxdur".
Sərdar Cəlaloğlu: "Müxalifət 24 ildir ki, bir addım irəli, iki addım geri gedib"
ADP sədri Sərdar Cəlaloğlu da KXCP sədri Mirmahmud Mirəlioğlunun fikirləri ilə şərik olduğunu bildirib və vurğulayıb ki, bu gün güclü müxalifətdən danışmaq olmaz: "Çünki müxalifətdə partiya sədrləri arasında şəxsi-qərəzlik, bir-birini təhqir etmək həvəsi güclüdür. Səbəbi də AXCP və Müsavat partiyasının rəhbərləri arasında "ana"-"ata" müxalifəti olmaq iddialarıdır ki, bu da müxalifətdaxili parçalanmaya aparır. Hər iki partiya sədrləri arasında düşmən münasibətlərin əsası isə Azərbaycan xalq hərəkatından başlayıb. Məqsəd bir-birini sıradan çıxarmaqdır".
S.Cəlaloğlunun sözlərinə görə, sabiq Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli arasında intriqa, bu iki şəxsin bir-birini gözü götürməməsi, bir-birini qəbul etməməsi bugünkü vəziyyətə gətirib çıxarıb. ADP sədri müxalifətin 24 ildir ki, bir addım irəli, iki addım geri getdiyini də vurğulayıb və qeyd edib ki, bizim bütün sosial enerjimiz müxalifətlə müxalifət arasındakı intriqalara gedir. Ona görə də, bugünkü müxalifətin bundan sonrakı perspektivinə gəlincə, ölkənin siyasi həyatında ciddi iştirak edə, proseslərə ciddi təsir edə bilməyəcəklər. Bunu gizlətmək də mümkün deyil. Çünki müxalifət artıq uçuruma doğru gedir.
R.HÜSEYNOVA