AXCP və Müsavatın ardınca "Antiböhran koalisiyası" "Milli Şura" ilə də qarşı-qarşıya gəlib
Son vaxtlar müxalifətin müxtəlif cinahlarında yer alan siyasi partiya və qurumlar arasında kəskin gərginlik müşahidə olunmaqdadır. Buna səbəb isə partiyaların ayrı-ayrılıqda yaratdıqları qurumların daha səmərəli fəaliyyət göstərməsi iddiaları və bu kimi digər amillər göstərilir. Lakin əsas qarşıdurmalar radikal kəsimə aid olan müxaliflərlə loyal və dialoq mühitinə üstünlük verən müxalifət arasında baş qaldırıb ki, bu da vəziyyətin çərçivədən çıxaraq, müxtəlif vasitəli təhqirlərə yol açır. Məsələn, "Antiböhran koalisiyası" iddia edir ki, radikal müxalifət cinahında yer almış partiya və qurumların adamları sosial şəbəkələrdə onları təhqir edir, o cümlədən, hakimiyyətlə iş birliyində suçlayırlar. Ancaq qarşı tərəf bu iddiaları rədd edərək, sadəcə tənqidi çıxışlar etdiklərini dilə gətirirlər. Xüsusilə, "Antiböhran koalisiyası"nda təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin sərt açıqlamaları bu dəfə "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Rafiq Manaflını qıcıqlandırıb.
"Milli Şura": "Onlar tənqidi təhqir kimi qəbul edirlər"
Qarşı tərəfin onları təhqir etmələri iddialarına münasibət bildirən "Milli Şura" üzvü bu fikirlə razılaşmadığını deməklə yanaşı, adıçəkilən "koalisiyanın" heç bir işə yaramayacağını da bildirib. Sitat: "Elşad Musayev bəyan edir ki, biz son 20 ildə ancaq müxalifət düşərgəsini uğursuzluğa aparmışıq. Əvvəla, onun özünün də burada payı olub. Məsələn, son illər elə bir birlik olmayıb ki, həmin şəxs bu birlikdə təmsil olunmasın və ön sıralarda əyləşməsin. Bütün bu proseslərin içərisində Elşad Musayev və digər partiya sədrləri iştirak edib. Elə partiyalar var ki, bir rayon təşkilatı hansısa partiyadan, ümumilikdə güclüdür. Ancaq son 20 ildə uğur və uğursuzluqlarda onların hamısının payı var. Bəli, son illər müxalifət düşərgəsi imkanlarını damla-damla əldən verib. Bu dəqiqə imkanlar və rıçaqlar tam itirilmiş vəziyyətdədir. Amma bunlara biz birlikdə gəlib çıxmışıq. "Antiböhran koalisiyası"nda təmsil olunanların, digər ayrı-ayrı şəxslərin bunda payı var. İndi onlar "Milli Şura"nı və AXCP-ni ittiham edirlər. Bəs ittiham edəndə, özlərini niyə ayırırlar..?"
Manaflı "Milli Şura" və AXCP üzvlərinin sosial şəbəkələrdə tərbiyəsizlik etdikləri, onlarla razılaşmayan digər şəxsləri təhqir etdikləri barədə fikirlə də razılaşmayıb: "Mən özüm də sosial şəbəkələrdə oluram, oxuyur və izləyirəm. Bir çox hallarda tənqidlərə rast gəlmişəm, amma tərbiyəsizlik elementlərini görməmişəm. Ola bilsin ki, onlar tənqidi təhqir kimi qəbul edirlər..."
Bu da azmış kimi, Rafiq Manaflı "Antiböhran koalisiyası"nda təmsil olunanların vaxtilə "Milli Şura"da da təmsil olunduqlarını xatırladaraq, onları geri dönməyə səsləyib: "Məsələ son dərəcə aydındır. Bu "koalisiya"da təmsil olunan şəxslərin çoxu vaxtilə "Milli Şura"da təmsil olunublar, sonra isə bu qurumu tərk ediblər. İndi onların hansı formada "Milli Şura"ya qayıda biləcəyini deyə bilmərəm. "Milli Şura" siyasi qüvvələrin birliyi olaraq yaradılıb. İndi kimlərsə gedib, kimlərsə qalıb. Yalnız gedənlər özləri qayıda bilərlər. İkincisi də, "Milli Şura"dan səs-küylə gedənlərin indi bu qurumdan nəsə tələb etmələri anlaşılan deyil".
Göründüyü kimi, "Milli Şura" üzvü onlara qarşı ünvanlanan ittihamları qəbul etmir və bu, əslində sözügedən vəziyyətin daha da qıcıqlanmasına səbəb olur. Çünki verilən hər bir cavab qarşı tərəfin növbəti ittihamının əsasını qoyur.
"Antiböhran koalisiyası": "Bu, sabotajdır"
Belə cavablardan birini "Antiböhran koalisiyası"nda aparıcı mövqeyə sahib olan "Ağ Blok" sədri Tural Abbaslı verib. Demək olar ki, onun təmsil olunduğu quruma və "koalisiya"ya qarşı irəli sürülən hər bir ittihama dərhal adekvat cavablar verən Abbaslı bu dəfə də ənənəsinə sadiq qalıb və "Milli Şura" funksioneri Rafiq Manaflının ittihamını rədd edərək, BAP sədri Elşad Musayevin tərəfini saxlayıb.
Abbaslı bildirib ki, bu cür çıxışlar etməkdənsə, qarşı tərəfləri debatlara gəlsin və ittihamlarını orada səsləndirsinlər: "Ötən həftə debatlarla bağlı təkliflərimiz olub. Müxalifətdəki durumla bağlı AXCP, Müsavat və "Milli Şura"ya müraciətimiz olub".
"Ağ Blok" sədri deyib ki, o və "Antiböhran koalisiyası"nın digər üzvləri təmsil olunduqları qurumun fəaliyyətini bəyənməyən, hətta onu ziyanlı hesab edən müxalifətdəki bəlli qüvvələrlə axıra qədər debata çıxmağa hazırdırlar: "Bəziləri deyirlər ki, "koalisiya" müxalifət deyil, özləri böhranlı durumdadır. Gəlsinlər, bunu debatda elan etsinlər. Yüzlərlə insan toplaşsın və canlı debatlar olsun. Onlar da sözlərini desin, arqumentlərini ortaya qoysun və sübut etsinlər ki, biz yararsız işlərlə məşğuluq. Xalq da kimin kim olduğunu görsün. Yoxsa, otaqlarında əyləşib böyük bəyanatlar verməklə bir iş olmur. İndiki halda bu cür mövqe ortaya qoymaq yalnız sabotaj hesab oluna bilər. Sözləri varsa, buyursunlar meydana".
Tural Abbaslı ittiham edənləri sosial şəbəkədə təhqirlər etməkdənsə, onların ünvanladıqları məktublarına rəsmi mövqe bildirməyə məsləhət görüb. Onun fikrincə, qarşı tərəf çıxış yolunu rəsmi şəkildə cavab vermək əvəzinə, sosial şəbəkələrdə təhriqlərlə əvəzləyirsə, demək, yanlış yolda olduğunun fərqinə varmağa başlayıblar: "Əgər açıqlamırlarsa, deməli, səhv etdiklərinin fərqindədirlər, odur ki, bunu ört-basdır etmək niyyətindədirlər. Hələlik, bizə rəsmi cavab verməyiblər.
Nəticədə isə, qeyd edə bilərik ki, ittihamların artması, müxalifətdaxili vəziyyətin get-gedə daha da mürəkkəbləşməsi sonda hər hansı birinin tamamilə məhv olması ilə nəticələnəcək ki, bu da siyasi arenada normal müxalifətin yaranmasını zəruri edəcək. Lakin hələlik, ittihamlar və mövqe savaşları davam edir. Bu isə düşərgəyə hər hansı bir normal gələcək vəd etmir. Müxalifətdaxili böhranlı durum kifayət qədər bu faktoru isbatlamaqdadır.
Rövşən RƏSULOV